Məhkəmə qərarları › İş №3(060)-1638/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1638/2024

26.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1638/2024 26.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankının inzibati xəta haqqında 11 iyul 2024-cü il tarixli, EP ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, məhkəm müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokola görə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti 10000.00 Avro məbləğində vəsaiti 13 iyun 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 10000.00 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 14 iyun 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Buna görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bunda sonra İXM-nin) 430.4-cü maddəsi ilə inzibati xəta protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İXMnin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi təsdiq edilmədiyindən, başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan, "xxxx" ASC tərəfindən AR Mərkəzi Bankına ünvanlanmış KB-255/2-89/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən məktubda əlavə olunan qeyd olunan müştərinin apardığı qabaqcadan ödəniş günündən 2 (iki) il keçmiş, lakin malın ölkəyə daxil olduğu haqqında sənədlər Banka təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən AR Mərkəzi Bankına ünvanlanmış məktubdan görünür ki, “ULU GÖYÇƏ» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2000 Avro geri qaytarılmış, avans qalıq 8000 Avro təşkil edir. Qanunvericiliyin tələblərinə əsasən avansın qalıq dəyəri 10000 Avro aşağı olduğundan, məhkəməyə məlumat verərək işin xitam verilməsinə köməklik göstərməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli, 45/1 №li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə hesab edir, Şəxs MMC barəsində protokol tərtib edilməsi üçün əsas olmuş 10000.00 Avro məbləğində vəsait hesabına alınan mallardan 2000 Avro məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilmiş, qalıq 8000 Avro təşkil edir. Qeyd olunan bu xüsusatlar təqdim edilmiş sənədlərdə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli, 45/1 №li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın tələblərinə əsasən idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyərinin məhz 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməli olduğunu, lakin Şəxs MMC tərəfindən sifariş edilmiş malların yalnız 8000 Avro məbləğində olan hissəsinin idxal edilmədiyini və ya avans yolu ilə ödədiyi ümumi məbləğin həmin hissəsinin geri qaytarılmadığını nəzərə almaqla məhkəmə Şəxs MMC-nin inzibati məsuliyyətə cəb edilməsi üçün əsasların olmadığı və təqsirsiz olduğu qənaətinə gəlir. İXM-nin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən həmin məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-nin 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcllənin 13-cü maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs öz əməlinin hüquqazid xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən tərədilmiş xəta hesab edilir. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 53, 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar