Məhkəmə qərarları › İş №3(060)-1639/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1639/2022

17.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1639/2022 17.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2000-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, "xxxx" MMC-də mühafizəçi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsi 4-cü PB-nin polis sahə rəisi, polis mayoru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* №-li protokol tərtib olunmuşdur. Tərtib edilmiş protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 19:00 radələrində Sumqayıt şəhəri, Nəsimi parkında idarə etdiyi Mersedes markalı avtomaşında maqnitofonu ucadan oxudaraq ictimai qaydanı pozmuş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə, saat 19:00 radələrində Nəsimi parkında Qala restoranına dönən yerdə dostu X7 markalı, **-GN-*** nömrə nişanlı avtomobili idarə edərkən onun yanında oturmuşdur. Maşında Elşad uca səslə maqnitafona səs verib meyxanaya qulaq asırmışlar. O orada nalayiq ifadə işlətməmişdir. Bu zaman post patrul əməkdaşları onlara avtomobili saxla işarəsi vermişlər. Elşad maşını saxlamışdır. Polislər onları saxlamış, sənədlərini təqdim etməyi onlara bildirmişlər. Bu zaman Elşad demişdir ki, sizin sürücülük vəsiqəsini yoxlamağa heç bir ixtiyarınız yoxdur. Yol polislərini çağırın. O polislərin bütün qanuni tələblərinə tabe olmuşdur. Polis əməkdaşları onları bölməyə dəvət etmişlər və onlarla birlikdə bölməyə gəlmişlər. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Bunları nəzərə alaraq barəsində yüngül inzibati tınbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid X5 izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə, təxminən saat 19:00 radələrində 9135 çağırışlı AP-da digər manqa komandiri polis baş serjantı Hafiz Məmmədov və polis kiçik serjantları Murad Məmmədov və Əli Məmmədov ilə birlikdə Sumqayıt şəhəri Nəsimi adına istirahət parkında “Şam” restoranının yaxınlığında tünd göy rəngli Mersedes markalı **-GN-*** dövlət qeydyyat nişanlı avtomaşının yüksək uca səslə maqnitafon oxudaraq parkda olan insanları narahat etdiyini görüb həmin avtomaşına saxla işarəsi vermişlər. Belə ki, avtomaşın park daxilində hərəkət edərək uca səslə maqnitofonda musiqiyə səs verib qeyd etdiyi kimi parkda olan və istirahət edən şəxslərin narahatçılığına səbəb olmuşdur. Avtomaşına saxla işarəsi verdikdən sonra avtomaşını idarə edən şəxs maşını saxlamışdır. Onlar maşına yaxınlaşıb özlərini təqdim etmişlər. Avtomaşını idarə edən şəxs özünü şübhəli apardığından onlar həmin şəxsdən özünə və maşına aid olan sənədlərini təqdim etməsini ondan tələb etmişlər. Bu zaman sürücü onlara sənəd tələb etdiklərinə görə etiraz etmişdir. Sənədləri təqdim etməyərək onlara sənəd tələb etmələrinə və yoxlamalarına haqları olmadığını deyərək sənədləri təqdim etməmiş və onların qanuni tələblərinə tabesizlik göstərmişdir. Onlar dəfələrlə sürücüyə təkid etdikdən sonra o, avtomaşına gedib digər bir şəxsə aid olan sürücülük vəsiqəsi gətirmişdir. Onlar bundan sonra YPX naryadı çağırmışlar, YPX əməkdaşalrı yanlarına gəlmişdir. Onlar YPX əməkdaşlarına ətraflı məlumat verib sənədləri YPX naryadlarına təqdim etmişlər. Sürücü avtomaşını sənədsiz idarə etdiyinə görə YPX əməkdaşları avtomaşını cərimə meydançasına aparmaq istədikdə onlara da qarşı tabesizlik göstərərək avtomaşının aparılmasına imkan verməmişdir. Bundan əlavə sürücünün yanında olan digər şəxs isə onlar sürücün tabesizlik göstərdiyinə görə polis bölməsinə gətirmək üçün AP-yə əyləşdirmək istəyərkən o xidməti fəaliyyətlərinə mane olaraq həmin şəxsi gətirməyə imkan verməmiş, onların qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra hər iki şəxsi gətirib 4-cü PB-nə təhvil vermişlər. Sürücünün yanında olan şəxs park daxilində avtomaşınla hərəkət edərkən qapının pəncərəsindən başını çıxarıb ucadan qışqıraraq iki nəfər qıza təhqiramiz sözlər atmışdır. Məhkəmə iclasında şahid X1 və X6 izahatlarında digər şahid X2 izahatında göstərdiklərini təsdiq etmiş və onun ifadəsinə uyğun ifadə vermişlər. İş materiallarında olan 014325 nömrəli İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 22:50-də inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və şahidləri dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Şəxs Nəsimi parkı ərazisində, ictimai yerdə səs-küy salmış, ictimai qaydanı pozmuşdur, onun intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, onlarla mübahisə etmiş, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, törədilmə yerini və şəraitini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İşdəki tutma protokolundan görünür ki, Şəxs 16 iyun 2022-ci il tarixdə, saat 22:50də tutlumuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla o, 200 (iki yüz) manat məbləğində cərimə olunsun. Şəxs Sumqayıt ŞPİ-nin 4-cü PB tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 22:50-də tutularaq xx.xx.2022-ci il tarixə saat 16:30-dək saxlanması nəzərə alınsın və üzərində 100 (bir yüz) manat cərimə tənbehi saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar