Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1639/2025 28.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239cu maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Sumqayıt şəhəri, “Yaşıldərə” yaşayış massivi ərazisində yerləşən "xxxx" MMC-yə məxsus istixana sahəsində Ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin yaxud Ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmaması aşkar olunmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi Nümayəndə öz izahatında bildirmişdir ki, Sumqayıt şəhəri, “Yaşıldərə” yaşayış massivi ərazisində yerləşən "xxxx" MMC-yə məxsus istixana sahəsində ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə Azərbaycan Respublikası İXM-in 239-cu maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. İdarə tərəfindən "xxxx" MMC-yə müraciət edilsə də, onlar ətraf mühitə təsirin uçot hesabatını təqdim etməmişlər. Uçot hesabatın məqsədi müəssisənin ətraf mühitə təsiri və ona uyğun ödənişlərin müəyyən edilməsidir. 1992-ci 3 mart Nazirlər Kabinetinin qərarı ilə bu qayda müəyyən olunmuşdur. Qərara əsasən hər il üçün müəssisələr ətraf mühitə təsirin uçot hesabatını təqdim etməlidirlər. Müəssisələr nə istehsal edirlərsə və zərərli maddələr havaya buraxılırsa, bu haqda Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə hesabat verməlidirlər. Tərəfimizdən "xxxx" MMC-yə fəaliyyətini davam etdirib və ya dayandırmasıyla bağlı 2 dəfə məktub ünvanlanmış, lakin cavab verilməmişdir. Buna görə də həmin müəssisənin fəaliyyətini dayandırmasıyla bağlı məlumat olmamışdır. Bundan başqa izahatında Nümayəndə bildirmişdir ki, "xxxx" MMC tərəfindən 2024-cü ilin oktyabr ayında İdarəyə ödəmə təqdim edilib. Müəssisə tərəfindən 2024-cü il yanvar-dekabr ayları üçün 102 manat ödənilib. Həmin məbləğ 2023-cü ilin statistik hesabatına əsasən müəyyən edilmişdir. Həmin dövrdə müəssisənin dayandırmaq və ya müəssisəni icarəyə verməklə bağlı İdarəyə məlumat verilməmişlər. Statistik hesabat müəssisələr tərəfindən hər il üçün cari ilin aprel ayına qədər verilməlidir. 102 manat müəyyən edilən statistik hesabat 2023-cü ildə müəssisə tərəfindən onlara təqdim edilmişdir. Lakin 2024-cü ildə yenidən statistik hesabatın təqdim olunmasına ehtiyac var. 2025-ci ilin aprel ayına qədər 2024-cü ilin ətraf mühitə təsir uçotu və hesabatı aparılmalı idi. Protokolu müdafiə etdiyini bildirmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-yə lazımi qaydada məlumat verilmiş, lakin hüquqi şəxsin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Sonuncu məhkəmə iclasında hüquqi şəxsin təsis payçısı X1 iştirak etmək üçün təsis payının alqı-satqısı müqaviləsi təqdim edərək hüquqi şəxsin nümayəndəsi kimi iştirak etmək barədə məhkəməyə müraciət etmiş, lakin məhkəmə Azərbaycan Respublikasının İXM-in 64-cü maddəsinin tələblərini nəzərə almaqla onun hüquqi şəxsin nümayəndəsi qismində tanımamışdır. Belə ki, İXM-in 64.2-ci maddəsinə əsasən hüquqi şəxsin təsis sənədləri müəyyən edilmiş səlahiyyətli şəxslərin nümayəndə olması qeyd olunmuş, məhkəmə iclasında təsis sənədləri təqdim edilməmiş, həmçinin təsis payının alqı-satqısı müqaviləsində Əliyəddin Əliyevin nümayəndə səlahiyyəti barədə hər hansı müddəa mövcud olmamış, səlahiyyətli şəxs məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırıldığı üçün məhkəmə iclası barəsində protokol tərtib olunmuş hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan davam etdirilmişdir. Məhkəmə iclasında ifadə verən şahid X4 bildirmişdir ki, 01 avqust 2024-cü il tarixindən "xxxx" MMC-yə məxsus 2 hektar istixana sahəsi 18 iyul 2024-cü il tarixli icarə müqaviləsi əsasında faktiki istifadəsindədir. Məhkəmə proses iştirakçısını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MMC-nin hərəkətində (hərəkətsizliyində) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud deyil. İş materialında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən tərtib olunmuş 30 iyun 2025-ci il tarixli 89651 №li aktın surətindən görünür ki, idarənin 0119 saylı xx.xx.2025-ci il tarixli sərəncamına əsasən “Ətraf mühitin mühafizəsi haqqında” Qanunların və bu sahədə mövcud olan digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq "xxxx" MMC-yə məxsus istehsalat sahəsində (metal konstruksiya və s.) ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin təsərüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot-hesabatının aparılmaması müəyyən edilmişdir. 89651 saylı Aktda "xxxx" MMC tərəfindən “Ətraf mühitin mühafizəsi haqqında qanunun 24-cü maddəsinin, Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 63 saylı qərarı ilə təsdiq edilmiş, “Atmosfer havasına atılan zərərli maddələrin, ona fiziki təsir mənbələrinin inventarlaşdırılması Qaydalarının, NK-nin xx.xx.2002-ci il tarixli 112 saylı qərarı ilə təsdiq edilmiş “Atmosfer havasına atılan zərərli maddələrin və ona zərərli fiziki təsirin Dövlət uçot qaydalarının 8-ci maddəsinin tələblərinin pozulduğu qeyd edilmişdir. İş materialında olan xx.xx.2025-ci il tarixli 4325-500 nömrəli 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin "xxxx" MMC-nin rəhbərliyinə ünvanlandığı məktubdan görünür ki, ətraf mühitə atılan, axıdılan, basdırılan tullantıların dəqiq uçothesabatının müvafiq olaraq təqdim edilməsi və hesablanmış ödənişin ödənilməsi barədə xəbardar edilmiş, xx.xx.2025-ci il tarixinə saat 10.30-a idarəyə dəvət olunmuş, həmin məktub xx.xx.2025-ci il tarixində “H.Tural” adlı şəxsə təqdim olunmuşdur. İş materialında olan xx.xx.2025-ci il tarixli xidməti məruzədən görünür ki, "xxxx" MMC tərəfindən 2-TG rəsmi statistik hesabatların 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi ilə razılaşdırılması üçün təqdim edilməmişdir. İş materialında olan xx.xx.2024-cü il tarixli 737/2024 nömrəli 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin "xxxx" MMC-nin rəhbərliyinə ünvanlandığı məhtubdan görünür ki, 2-TG statistik hesabatların razılaşdırılması və İdarəyə təqdim olunması üçün hüquqi şəxs xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş hüquqi şəxsin direktoru tərəfindən 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanlanmış məktubda 2024-cü ilin yanvar-dekabr ayları üçün hesablanmış 102 manat ödənişin ödənilməsi üçün İdarənin bank rekvizitləri verilməsi xahiş olunmuş, həmin İdarənin rəisi tərəfindən hüquqi şəxsə ünvanlanmış məktubda bank rekvizitləri göstərilmişdir. İş materiallarına əlavə edilmiş hesab vərəqəsindən görünür ki, xx.xx.2024-cü il xx.xx.2024-cü il üçün hesablanmış 102 manat məbləğ xx.xx.2024-cü il tarixində ödənilmişdir. (sənədin nömrəsi-125OPX12429231B6) (VÖEN-**********) İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş 89651 nömrəli aktdan məlum olur ki, 2024-cü il üçün Sumqayıt şəhəri, “Yaşıldərə” yaşayış massivi ərazisində yerləşən "xxxx" MMC-yə məxsus istixana sahəsində ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin yaxud ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə hüquqi şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, 5.8 hektar ərazidə yerləşən "xxxx" MMC-nin 2 hektarlıq istixana sahəsi 2024-cü ilin avqust ayından icarə müqaviləsi əsasında fiziki şəxs X2 istifadəsinə verilmişdir. İnzibati Xəta haqqında protokol isə məhz digər şəxsə icarəyə verilən istixana sahəsinə münasibətdə tərtib olunmuşdur. Məhkəmə qeyd edir ki, “Ətraf mühitin mühafizəsi haqqında qanunun 24-cü maddəsi Ətraf mühitin çirkləndirilməsinə və təbii resurslardan istifadəyə görə ödənişləri müəyyən edən normadır. İş materiallarına əlavə edilmiş sənədlərə əsasən 2024-cü il üçün ətraf mühitin çirkləndirilməsinə görə 102 manat ödəniş məbləği 4 saylı RETSİ-nin hesabına "xxxx" MMC tərəfindən ödənilmişdir. CPİS Modulu-Ödəmə məktublarının qeydiyyat vərəqəsi və Daxil olan sənədin Qeydiyyat-nəzarət vərəqəsi bu xüsusatı təsdiq edir. Bundan başqa iş materiallarından görünən odur ki, inzibati xəta haqqında iş üzrə icraat aparılarkən ətraflı və obyektiv araşdırma aparılmamış, hüquqi şəxsin məhkəməyədək araşdırmada iştirakı təmin edilməmişdir. xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli məktublar səlahiyyəti və şəxsiyyəti araşdırmaya məlum olmayan H.Həsən və ya Həsənov.T adlı şəxsə təqdim edilmişdir. Göstərilənlərə əsasən "xxxx" MMC-nin əməlində inzibati xəta tərkibi müəyyən edilməmişdir. Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə əsasən hüquqi şəxslər (təbiətdən istifadələr) ətraf mühitin müəssisə (istehsalat) monitorinqini, onların həyata keçirdiyi ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunu və hesabatını aparmağa borcludurlar. Ətraf mühitin müəssisə (istehsalat) monitorinqində istifadə edilən ölçü vasitələri standartlaşdırmanın və metrologiyanın tələblərinə uyğun olmalıdır. Müəssisə (istehsalat) monitorinqinin göstəriciləri barədə hesabat ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına, onlarla razılaşdırılmış müddətlərdə təqdim edilir. Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə Nazirlər Kabinetinin qərarına əsasən tullantı istehsalçıları, daşıyıcıları, emal edənlər, tullantı poliqonlarının operatorları tullantıların növü, miqdarı, emal və basdırılma üsulları göstərilməklə ildə bir dəfədən az olmayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə hesabat təqdim edirlər. Həmin əsasnamənin 6-cı bəndinə əsasən ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqi sisteminə aşağıdakılar daxildir: 6.1 atmosfer havasının monitorinqi, 6.2 su obyektlərinin monitorinqi, 6.3 torpaqların monitorinqi, 6.4 mineral-xammal ehtiyatlarının monitorinqi, 6.5 bioloji ehtiyatların monitorinqi, 6.6 atmosfer yağıntılarının (yağış, qar) monitorinqi, 6.7 radioaktivliyin monitorinqi, 6.8 ətraf mühitə zərərli fiziki təsirlərin monitorinqi, 6.9 tullantıların monitorinqi, 6.10 sanitariya-epidemioloji monitorinqi, 6.11 ekzogen geoloji və seysmogeodinamik proseslərin ətraf mühitin vəziyyətinə təsirinin monitorinqi, 6.12 xüsusi mühafizə olunan təbiət ərazilərinin monitorinqi Həmin əsasnamənin 6.9-cu bəndinə əsasən tullantıların monitorinqi - əmələ gələn, emal olunan, utilizasiya edilən və saxlanılan tullantıların növü, miqdarı, emal və basdırılma üsulları göstərilməklə uçota alınması və tullantıların düzgün yerləşdirilməsi qaydalarına riayət olunmasının təmin edilməsindən ibarətdir. Tullantıların monitorinqi aşağıdakı qaydada aparılır: tullantı mənbələri müəyyənləşdirilir və inventarlaşdırılır, tullantı istehsalçıları, daşıyıcıları, emal edənlər, tullantı poliqonlarının operatorları tullantıların növü, miqdarı, emal və basdırılma üsulları göstərilməklə ildə bir dəfədən az olmayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə hesabat təqdim edirlər. Azərbaycan Respublikası İXM-nin 239-cu maddəsinə əsasən ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə- vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, "xxxx" MMC-nin əmlində Azərbaycan Respublikası İXM-in 239-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı tərkibi olmadığına görə həmin müəssisə barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, iş materiallarının surəti Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-in 40, 43, 50, 53, 114, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: "xxxx" MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Hazırkı iş üzrə inzibati xətaya dair toplanmış materialların surəti Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-1639/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1639/2025
28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver