Məhkəmə qərarları › İş №3(060)-1640/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1640/2023

19.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1640/2023 19.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi ilə, Protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ DYPŞ-nin YPX inspektoru polis kiçik serjantı X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1984-cü ildə, Qazax ray., Çaylı kəndinə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Qazax ray., Çaylı kəndin ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Novxanı qəsəbəsi fərdi ev ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, İXP seriyalı ******* №-li protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, sürücü Şəxs xx.xx.2023-cü il tarixdə, saat 00:15 radələrində Sumqayıt şəhəri, Sahil küçəsi ərazisində işıq cihazlarından düzgün istifadə etmədən nəqliyyat vasitəsini idarə etdiyi üçün saxlanılmış, yoxlama zamanı alkoqol şərxoşluğu vəziyyətində olduğu aşkarlanmışdır. Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X4 tərəfindən Şəxs barəsində toplanmış material baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş Sumqayıt ŞPİ DYPŞ-nin YPX inspektoru polis kiçik serjantı X2 bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri Novxanı çimərliyi yaxınlığında, “My Beach” adlanan ərazidə dairəvi yolda xidmətdə olan zaman Kia Ceed markalı, **-EH-*** dövlər qeydiyyat nişanlı avtomobilin yüksək sürətlə hərəkət etdiyini və işıq cihazlarından düzgün istifadə etmədiyi üçün saxla əmri vermiş, lakin həmin şəxs əmrə tabe olmayaraq həmin yerdən təxminən bir kilometrədək məsafəyə uzaqlaşmış, yol kənarında yerləşən “Fregat” restoranının həyətinə daxil olarmuşdur. Sürücü avtomobili saxlayaraq restoranın digər çıxışından qaçmaq istədə də buna müvəffəq olmamış və onu saxlamışlar. Vizual müşahidə zamanı sürücünün alkoqol sərxoşluğunda olmasını müşahidə etmiş, bu məqsədlə onu tibbi müayinəyə aparmışdır. Yoxlama zamanı sürücünün alkoqol şərxoşluğu vəziyyətində olduğu aşkarlanmışdır. Bu səbəbdən barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Qeyd olunanlara əsasən qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Ötən məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib edilmiş protokol üzrə özünü təqsirli bilməyərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə axşam saatlarında dostları ilə birlikdə Sumqayıt şəhəri, Novxanı qəsəbəsində yerləşən “Fregat” restoranında dostları ilə birlikdə spirtli içki qəbul etmişdir. O, sərxoş vəziyyətdə olduğu üçün avtomobilini idarə etmək istəməmiş, yaşadığı mənzilə piyada getmək üçün restoranının həyətində dayanmış etibarnamə əsasında idarə etdiyi Kia Ceed markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşaraq pul qabını götürmək istəyən zaman yol polis əməkdaşları ona yaxınlaşaraq sərxoş olduğunu bildirərək tibbi müayinə aparmış və orada sərxoş olduğu aşkar edilmişdir. O, polis əməkdaşlarına etiraz etsə də ona məhəl qoyulmamışdır. Bildirir ki, həqiqətən də sərxoş olsa da, o, sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməmişdir. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. İş materiallarında olan “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” üzrə 10 mart 2023-cü il tarixli, 1505 saylı aktdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 00:10 dəqiqədə müayinə edilmiş, həmin vaxt o, alkoqol sərxoşluğu vəziyətində olmuş, aşkar edilmiş alkoqolun miqdarı 1.3 % təşkil etmişdir. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 8-ci hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. İş materiallarından görünür ki, Şəxs Qanunun göstərilən tələblərini pozaraq, avtomobili alkoqol sərxoşluğu vəziyyətində idarə etmişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi, sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərmək haqqında protokolla, “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” üzrə aktla, iş materiallarında olan digər sənədlərlə öz təsdiqini tapır. İş materiallarında olan Şəxs inzibati araşdırma zamanı verdiyi izahatından görünür ki, sonuncu öz izahatında spirtli içki qəbul etdiyini etiraf etmiş, törətdiyi xətaya görə məsuliyyət daşımağa hazır olduğunu bildirmişdir. Məhkəmə Şəxs ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, məsuliyyətindən yayınmaq məqsədilə belə ifadə verir. Onun göstərdikləri işin faktiki hallarına uyğun gəlmir və inandırıcı deyildir. Onun əməli qanuni yolla əldə edilmiş və mötəbərliyi şübhə doğurmayan sübutlarla təsdiq edilir. Odur ki, məhkəmə Şəxs özünü məhkəmə baxışında içkili halda nəqliyyat vasitəsini idarə etməməsinə dair ifadəsini işin faktiki halları ilə uyğunsuzluq təşkil etdiyi üçün sübut kimi qiymətləndirmir, inzibati araşdırma zamanı vermiş olduğu ifadəsi işin faktiki halları ilə uyğunluq təşkil etdiyindən həmin ifadəni sübut kimi qiymətləndirir Məhkəmə iclasında Şəxs özünü təqsirli bilməyərək nəqliyyat vasitəsini sərxoş halda idarə etmədiyini bildirsə də, məhkəmə bu halı şəxsin özünü müdafiə etməsi və məsuliyyətdən yayınmağa cəhdi kimi qiymətləndirmişdir. Belə ki, Şəxs 13 iyul 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında özünü təqsirli bilmədiyini bildirmiş, qeyd olunan halların araşdırılması məqsədi ilə məhkəmə iclası 19 iyul 2023-cü il tarixə təxirə salınaraq məhkəmə iclasında protokolu tərtib etmiş Sumqayıt ŞPİ DYPŞ-nin YPX inspektoru polis kiçik serjantı X1 iştirakı təmin edilsə də, Şəxs məhkəmənin çağırışından yayınaraq məhkəmə iclasında iştirak etmək istəmədiyini bildirmişdir. Belə olan halda məhkəmə hesab ki, Şəxs nəqliyyat vasitəsini sərxoş idarə etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir, ona görə də, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin maddənin Qeyd hissəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs aşkar edilmiş alkoqolun miqdarı 1.3 % olduğundan o, AR İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinib, tənbeh edilməlidir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirilən və ağırlaşdıran hallar müəyyən olunmadı. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt ŞPİ DYPŞ-nin YPX inspektoru polis kiçik serjantı X2 oğlunun ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İnzibati xətalar Məcəlləsinin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, törədilən inzibati xətanın xarakterini, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona məhz cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar