Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1640/2025 06.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib etmiş orqan Azərbaycan Respublikasının ƏƏSM Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan orqanın nümayəndəsi “Faiq Nağıyev və Partnyorları” Vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti X6 tərəfindən "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1ci maddəsi ilə 07 iyul 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti X6 tərəfindən tərtib edilmiş 07 iyul 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda "xxxx" MMC-nin Əmək Məcəlləsinin 7-ci və 49-cu maddələrinin tələblərinə zidd olaraq xx.xx.2025-ci il tarixində Asif Şəmiyevin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin və ya xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi qeyd olunmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X10 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, "xxxx" şəhərdə təmizlik işləri həyata keçirən zaman yol-nəqliyyat hadisəsi baş vermiş və “MERCEDES BENZ MİNİK” markalı avtomobil təmizlik departamentinin avtomobilinə çırpılmış, nəticədə 1 nəfər xəsarət almışdır. Sumqayıt şəhər Polis İdarəsi tərəfindən xx.xx.2025-ci ildə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılan zaman müəyyən olunmuşdur ki, hadisə zamanı orada sürücü Maarif, xəsarət alan şəxs Mayis və Asif Şəmiyev olmuşdur. Məlum olmuşdur ki, Asif Şəmiyev adlı şəxsi həmin şirkət əmək müqaviləsi olmadan işə cəlb etmişdir. Asifin Sumqayıt Şəhər Polis İdarəsinə verdiyi izahatdan məlum olur ki, o, 1 aydır ki, "xxxx"ndə ona ayrılmış ərazi çərçivəsində fəhlə vəzifəsində işləyir. Onun işi məişət tullantılarının ayrılması və departamentin avtomobilinə yüklənməsindən ibarət olmuşdur. O, bu işi sürücü Maarif və orada fəhlə işləyən Mayis adlı şəxsə kömək edərək yerinə yetirmişdir. Asif Şəmiyev adlı şəxsi həmin şirkət əmək müqaviləsi olmadan işə cəlb etdiyinə görə "xxxx" barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Göstərilən halları nəzərə alaraq "xxxx" MMC-nin barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-in nümayəndəsi “Faiq Nağıyev və Partnyorları” Vəkil bürosunun vəkili Vəkil bildirmişdir ki, sözügedən müəssisə barəsində inzibati xəta haqqında protokol tərtib olunarkən mötəbər sübutlara deyil, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara və təhqiqat materiallarında olan tərəflərin izahatlarına əsaslanmışdır. Qeyd edir ki, hazırda müəssisədə 1000-ə yaxın işçi var, "xxxx" İcra Hakimiyyətinin tabeliyindədir və dövlət büdcəsi hesabına maliyyələşir. Belə olduğu halda müəssisənin əmək müqaviləsi olmadan kimisə işə cəlb etməkdə heç bir marağı yoxdur. Belə ki, müəssisədə işə qəbul olmaq üçün vətəndaşlar Məşğulluq İdarəsinə müraciət edirlər və Məşğulluq İdarəsi ilə müəsisə arasında razılaşmaya əsasən yeni vakansiya olduğu halda işçilərlə əmək müqaviləsi bağlanılır. Həmçinin bildirmişdir ki, inzibati tənbeh vermə haqqında qərar və təhqiqat zamanı tərəflərin verdiyi izahatlar tərəfindən tədqiq edilmişdir. Müəssisənin nizamnaməsinə görə əmək müqaviləsi bağlayaraq işçini işə götürmək müəssisənin baş direktorunun səlahiyyətindədir. İş materiallarından da göründüyü kimi, nəqliyyat işləri üzrə nəzarətçi vəzifəsində işləyən X1 xəbəradarlıqla şiddətli töhmət verilmişdir. Təhqiqat zamanı onun verdiyi ifadədən görünür ki, bir müddətdir ki, satışa yararlı olan əşyaları və müxtəlif dəmir bankaları seçib işdən sonra satır. Bu işdə Asif Şəmiyev ona əvvəldən kömək edirmiş və o buna görə Asifə gündəlik ödəniş edirmiş. 21 yanvar 2025-ci il tarixdə işçilər Maarif və Mayisin axşam işə çıxacağını bildiyi üçün onlara Asifi də yoldan götürmələrini demişdir. Sonradan bilib ki, Asif işçilərə də kömək edirmiş. Asif Şəmiyev onun şəxsi işlərində kömək etdiyi üçün bu haqda rəhbərliyə heç bir məlumat verməmişdir. Buna görə də, ona sonuncu xəbəradarlıqla şiddətli töhmət verilmişdir. Eyni zamanda bildirmişdir ki, Asif Şəmiyevin təhqiqat zamanı və Əmək Müfəttişliyinin araşdırması zamanı verdiyi izahatlar bir-birindən kəskin şəkildə fəqlənir. Belə ki, o, təhqiqat zamanı həmin müəssisədə işlədiyini, Əmək Müfəttişliyinin araşdırması zamanı isə orada işləmədiyini, oranın işçilərini tanımadığını və ilk dəfə gördüyünü bildirmişdir. Buna görə müəsisənin rəhbəri Asif adlı şəxsi taparaq izahatının alınması istiqamətində tədbirlər görür, lakin hələ tapılmamışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın preyudisial qərar olmadığını və nə üçün bu nəticəyə gəldiklərinin məlum olmadığını və bu qərara görə mötəbər sübutlara əsaslanmayan protokol tərtib edilməsinin düzgün olmadığını bildirmişdir. Buna görə də, orada sürücü və fəhlə vəzifəsində işləyən şəxslərin, eyni zamanda Asif Şəmiyevin izahatının alınmasının zəruri olduğunu bildirmişdir. Həmçinin, həmin departamentin avtomobili ilə məişət tullantılarının daşınması avtomobildən düymə ilə idarə edilir və bunun üçün əlavə işçiyə və köməyə ehtiyac yoxdur. Qeyd olunanları nəzərə alaraq işin yenidən araşdırılması üçün geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X8 bildirmişdir ki, təmizlik departamentində sürücü vəzifəsində işləyir. Həmin gün axşam saat 17:00-də Asif və Mayisi Sumqayıt şəhəri Çerkassi küçəsindən götürüb. Gecə saatlarında Çerkassi küçəsində zibili yığmaq üçün avtomobili saxlayanda arxadan “MERCEDES BENZ MİNİK” markalı avtomobil təmizlik departamentinin avtomobili ilə toqquşmuşdur. Həmin vaxt avtomobilin arxasında Mayis dayanmışdı və hadisə nəticəsində xəsarət almışdır. Asif Şəmiyevi ilk dəfə idi ki, həmin gün görürdü. Həmin gün o, təcrübə keçirdi, işi məişət tullantılarının ayrılması idi, ayırandan sonra həmin tullantıları metal yerinə satırdı. Hadisə günü Asif də orada, maşının arxasında olub və arabanı gətirib Mayisə verərək ona işin görülməsində kömək edib. Məhkəmə iclasında şahid qismində iştirak edən X5 bildirmişdir ki, təmizlik departamentində təmir işləri üzrə mühəndis vəzifəsində işləyir. Hadisə baş verən gün Asif ona iş üçün axşam saat 20:00-21:00 arasında və 23:00-dan sonra olmaqla 2 dəfə zəng edib. O da Asifə sürücünün nömrəsini verərək onu tapmasını tapşırıb. Sürücü Asif və Mayisi Sumqayıt şəhəri Çerkassi küçəsindən götürmüşdür. Asif müəssisənin işçisi olmamış, sadəcə bəzi məişət tullantılarını, dəmir bankaları yığaraq ona vermiş, nəticədə 5-10 manat pul qazanırmışlar. Buna görə də Departament tərəfindən ona intizam tənbehi verilmişdir. Bildirmişdir ki, normal vaxtda sürücünün yanında işə 2 fəhlə çıxırdı, son 5-6 gündə isə 1 fəhlə çıxırmış və 1 fəhlənin çıxmağı işlərin görülməsinə kifayət edirdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: 07 iyul 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC-nin Əmək Məcəlləsinin 7-ci və 49-cu maddələrinin tələblərinə zidd olaraq xx.xx.2025-ci il tarixində Asif Şəmiyevin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin və ya xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi qeyd olunmuşdur. Bununla da MMC Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; İş materiallarında olan xx.xx.2025-ci il tarixli 20-i nömrəli əmrdən görünür ki, "xxxx" MMC-nin Nəqliyyat şöbəsində təmir üzrə nəzarətçi mühəndis vəzifəsində çalışan X3 müəssisənin işçisi olmayan başqa şəxsi işə cəlb etdiyinə görə “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilmişdir. İş materiallarında olan X2 xx.xx.2025-ci il tarixli izahatından görünür ki, bir müddətdir ki, satışa yararlı olan əşyaları və müxtəlif dəmir bankaları seçib işdən sonra satır. Bu işdə Şəmiyev Asif ona əvvəldən kömək edirmiş və o buna görə Asifə gündəlik ödəniş edirmiş. 21 yanvar 2025-ci il tarixdə işçilər Maarif və Mayisin axşam işə çıxacağını bildiyi üçün onlara Asifi də yoldan götürmələrini demişdir. Sonradan bilib ki, Asif işçilərə kömək edirmiş. Asif Şəmiyev onun şəxsi işlərində kömək etdiyi üçün bu haqda rəhbərliyə heç bir məlumat verməmişdir. İş materiallarında olan X11 Xidməti tərəfindən alınmış X4 izahatından görünür ki, "xxxx"ndə sürücü vəzifəsində işləyir. İşi əsas etibarilə məişət tullantılarının ayrılmış ərazi çərçivəsində avtomobilə yüklənməsindən ibarət idi. Bu işi iki fəhlə iş yoldaşı Mayis və Asif adlı şəxslərin köməkliyi ilə həyata keçirmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt ŞPİ-nin Təhqiqat şöbəsinin təhqiqat araşdırması zamanı X9 izahatından məlum olur ki, Sumqayıt Şəhər Təmizlik Departamentində təxminən 1 aydır ki, fəhlə vəzifəsində işləyir. Məhkəmə qərarını aşağı qeyd edilənlərə əsaslanaraq qəbul edir: Sumqayıt ŞPİ-də aparılan təhqiqat araşdırması, inzibati xəta haqqında iş üzrə məhkəməyədək və məhkəmə icraat zamanı X9 hadisə baş verən gün, yəni xx.xx.2025-ci il tarixində Sumqayıt Şəhər Təmizlik Departamentinə məxsus məişət tullantıları daşıyan nəqliyyat vasitəsi ilə hərəkətdə olması öz təsdiqini tapmışdır. Bu fakt işin mübahisəsiz halı olaraq qiymətləndirilir. Müdafiə tərəfi və müdafiə tərəfinin təqdim etdiyi şahid (Mehman Nuriyev/mühəndis) Asif Şəmiyevin həmin gün hüquqi şəxsin xeyrinə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmədiyini bildirsə də, işdə olan ziddiyyətli şahid ifadələri və iş materialları bu halı təkzib edir. Belə ki, şahid Maarif Sadıqov (sürücü) ifadəsində bildirmişdir ki, həmin gün Asifin işinin fəhləlik olmuş, tullantı qutularını gətirib digər fəhlə Mayisə verərək ona işin görülməsində kömək etmişdir. Bundan başqa məhkəməyədək inzibati xəta haqqında iş üzrə icraat zamanı Mayis Fərzəliyev(fəhlə) və Maarif Sadıqov (sürücü) izahatlarında Asif Şəmiyevin işlərə cəlb edildiyini bildirmişdir. Bundan başqa inzibati xəta haqqında icraat üzrə maraqlı tərəfin iştirakı olmadan aparılan təhqiqat araşdırması zamanı prosessual şəxs tərəfindən alınan izahatda da Asif Şəmiyev Departamentdə 1 aydır ki, fəhlə vəzifəsində işlədiyini bildirmişdir. Qeyd olunan xüsusat Asif Şəmiyevin müəssisədə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktını təsdiq edir. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müdafiə tərəfinin izahatlarını və sübutlarını mötəbər sübut olaraq qəbul edilərsə də, barəsində icraat aparılan hüquqi şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yaranmır. Çünki, araşdırma zamanı Asif Şəmiyevin xx.xx.2025-ci il tarixində tullantı qutularının nəqliyyat vasitələrinə yüklənməsində digər fəhləyə kömək etməsi faktı məhkəmə iclasında öz təsdiqini tapmışdır. İXM-in 18.2.4-cü maddəsinə əsasən bu halın özü də Təmizlik Departamentin vəzifəli şəxsi tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsi olaraq, hüquqi şəxsin xeyrinə törədilən hərəkət olaraq qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən bu maddənin 2-ci və 3cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. "xxxx" MMC-nin Azərbaycan Respublikasının İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslərə min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslərə üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə növündə tənbeh tədbiri təyin edilməklə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.2. Hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinməli və MMC barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 20.000 (iyirmi min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-1640/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1640/2025
06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver