Məhkəmə qərarları › İş №3(060)-1642/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1642/2025

07.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1642/2025 07.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Orxan Məmmədovun, İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1986-cı ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Orxan Məmmədov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 07 iyul 2025-ci il tarixli MN 20911304 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5398/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 2120 manat tələbi üzrsüz səbəbdən icra edilməmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Orxan Məmmədov izahatında bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5398/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən ümumi dəyəri 4050 manat olan üç ədəd “qızıl zəncir” cavabdeh Şəxs alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. Sözügedən icra sənədi 2021-ci ilin noyabrında Sumqayıt şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borclu icra sənədi ilə tanış edilmişdir və borcunu ödəməyinin zəruriliyi ona izah edilmişdir. Borclu şəxsdən 2022, 2024 və 2025-ci illərdə izahat alınmış və o, 2022 və 2023-cü illərdə əlbəəl, sonralar isə tələbkarın kartına ödənişlər etmişdir. Daha sonra tələbkarın tələbi ilə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasıyla bağlı qərar qəbul edilmişdir. Tələbkara sonuncu ödəniş isə xx.xx.2025-ci ildə 200 manat miqdarında edilmişdir. Beləliklə, borclunun ödənilməmiş 2270 manat borcu qalmışdır və tələbkar borcun hissəhissə ödənilməsinə razı deyildir. Borclu borcunu ödəməməsinin səbəbi kimi himayəsində azyaşlı övladının olmasını və işsiz olduğunu göstərmişdir. Ödəniş edilmədiyindən borclu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuşdur. Protokolu müdafiə etdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, icra sənədindən məlumatlıdır, borcunu qəbul edir və barəsində inzibati xəta haqqında iş üzrə özünü təqsirli bilir. O, 2023-cü ildən bu tarixədək ödənişlər etmiş, sonuncu ödənişi cari ilin may ayında 200 manat olmuşdur. Qalan məbləği ödəməməyinin səbəbi kimi himayəsində azyaşlı övladının olmasını, işsiz olmasını, növbəti həftə isə 250 manat ödəniş edəcəyini bildirmişdir. Məhkəmədən barəsində həbs növündə deyil, cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs borcludan qalan 2270 manat pulunu ödəməsini tələb edir və ödənişin hissə-hissə ödənilməsinə razı deyildir. Borcun ödənilmədiyi təqdirdə Şəxs həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5398/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçıya məxsus 4050 (dörd min əlli) manat olan üç ədəd “qızıl zəncir” cavabdeh Şəxs alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməyi qərar alınmışdır. Cavabdeh Şəxs 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. İş materiallarında olan 2(060)-5398/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 2190 manat və həmin icra sənədi üzrə xx.xx.2021-cü il tarixli icraata başlamaq haqqında qərardan məlum olur ki, müvafiq olaraq 4050 (dörd min əlli) manat tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, 2(060)-5398/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli məktubdan görsənir ki, borclunun ünvanına tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarında tələbkar tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə edilən şikayətlər mövcuddur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Sumqayıt Şəhər Məhkəməsinin qərardadından görünür ki, Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli borclunun axtarılması barədə qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə edilmiş, elektron icra informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Şəxs subaydır, himayəsində biri azyaşlı olmaqla 3 övladı var (xx.xx.2019-cu il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X4) İş materiallarına əlavə edilmiş xx.xx.2010-cu il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X1 xx.xx.2009-cu ildə beyin qan dövranının pozulması səbəbindən vəfat etmişdir. Məhkəmə iclası zamanı proses iştirakçılarının izahatlarından məlum olmuşdur ki, Şəxs icra sənədi üzrə hazırda 2270 manat miqdarında tələbkara ödənilməmiş borcu mövcuddur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, 2(060)-5398/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 2270 (iki min iki yüz yetmiş) manat pul tutularaq tələbkarlara ödənilməlidir. İş üzrə icraata başlama barədə qərarlar qəbul edilmiş, borclu həmin qərarlarla tanış olmuş, lakin icra sənədi üzrə borcla bağlı üzrsüz səbəbdən tam ödəniş həyata keçirilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs hərəkətləri icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərybaycan Respublikasının Konstitusiya Məhkəməsinin 2 noyabr 2016-cı il tarixli qərarına istinad edilməklə CPM-in 318-ci maddəsinin tələbləri analogiya üzrə hazırkı inzibati xəta haqqında iş üzrə qərar qəbul edilərkən nəzərə alınmalı, məhkəmə baxışı zamanı ödənilməmiş məbləğin 2270 manat olmasının müəyyən edilməsinə baxmayaraq, məhkəmə qərar qəbul edərkən protokolda qeyd olunan 2120 manat borcun üzürsüz səbəbdən ödənilməməsinə münasibətdə qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 318-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi himayəsində yetkinlik yaşına çatmayan övladı olması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş xətanın xarakterini, işin hallarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, törədilən inzibati xətanın xarakterini, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar