Məhkəmə qərarları › İş №3(060)-1644/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1644/2023

04.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1644/2023 04.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ X9 Şöbəsinin inspektoru X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, qanuni nümayəndəsi Nəbiyev Eldar Mikayıl oğlunun, müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.2005-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, ünvan 1 ünvanında qeydiyyatda olan yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında İXP seriyalı, ******* №-li, xx.xx.2023-cü il tarixli protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Şəxs Sumqayıt şəhərində Səməd Vurğun və İnşaatçılar küçələrinin kəsişməsində X5 məxsus “Mitsubishi Pajero” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər yetirmişdir. Bu hərəkətləri ilə onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmədə iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt Şəhər Pİ-nin DYPŞ-nin inspektoru X3 göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 22:00 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi mülkiyyət hüququ ilə X2 məxsus “Opel Astra” minik markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Səməd Vurğun və İnşaatçılar küçələrinin kəsişməsində hərəkətdə olan zaman X5 məxsus “Mitsubishi Pajero” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, hadisə nəticəsində sonuncunun avtomobilinə maddi ziyan dəymişdir. Araşdırma nəticəsində hadisəni törədən Şəxs sürücülük vəsiqəsinin olmadığı aşkar edilmişdir. Hadisə nəticəsində dəymiş ziyanın məbləğinin müəyyən edilməsi məqsədi ilə “Forma-4” arayışı tərtib edilmiş və müvafiq sığorta şirkətinə göndərilmişdir. Yeni qaydalara əsasən nəqliyyat vasitəsinə dəymiş ziyan zərərçəkmiş şəxsin qeydiyyatda olduğu sığorta şirkəti tərəfindən qarşılanacaq, daha sonra həmin sığorta şirkəti ödədiyi məbləği barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin idarə etdiyi avtomobilin qeydiyyatda olduğu sığorta şirkəti tərəfindən ödəniləcəkdir. Ona görə də, hazırda zərərçəkmiş X4 Şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs baş vermiş hadisədə özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 22:00 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi mülkiyyət hüququ ilə X2 məxsus, lakin atasının faktiki sahibliyində olan “Opel Astra” minik markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Səməd Vurğun və İnşaatçılar küçələrinin kəsişməsində hərəkətdə olan zaman X5 məxsus “Mitsubishi Pajero” minik markalı, **- BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. O, yol hərəkət qaydasına düzgün əməl etmədiyi üçün hadisə baş vermişdir. Belə ki, o, X5 məxsus “Mitsubishi Pajero” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol verməli olduğu halda yol verməmiş, nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Hazırda işləmir. Zərəçəkmiş şəxsin ona qarşı şikayəti yoxdur, belə ki vurulmuş ziyanı Sığorta şirkəti ödəyəcəkdir. O, sürücülük vəsiqəsi olmadığı üçün avtomobil idarə etdiyinə və hadisə nəticəsində baş verənlərə görə çox peşmandır. Barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qanuni nümayəndəsi Nəbiyev Eldar Mikayıl oğlu bildirdi ki, Şəxs onun oğludur. Hadisə baş verməzdən bir saat öncə etibarnamə əsasında idarə etdiyi “Opel Astra” minik markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobili ara küçələrlə avto-yuma məntəqəsinə aparması üçün oğlu Nicata vermiş, daha sonra hadisə baş vermişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyana görə Sığorta şirkətinin zərərçəkmiş şəxsə ödəyəcəyii məbləği o özü ödəyəcəkdir. Oğlu əməlindən peşmandır, barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilərsə onu da ödəməyə hazırdır. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. İş materiallarında olan “Arayış”dan görünür ki, Şəxs sürücülük hüququnun olubolmaması DYPŞ-nin MMS-də yoxlanılmış, sürücülük hüququnun olmaması məlum olmuşdur. İş materiallarına əlavə edilmiş “şəxsiyyət” vəsiqəsinin surətindən görünür ki, barəsində inzibati icraat aparılan Şəxs xx.xx.2005-ci il tarixdə anadan olmuşdur. Hadisə baş verən gün yəni xx.xx.2023-cü il tarixdə Şəxs 18 yaşı tamam olmamışdır. Məhkəmə inzibati xətaya dair materialları, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin səmimi etirafı, zərərçəkmiş şəxslərin izahatları ilə birlikdə araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu iş materialları ilə tam təsdiq edilir. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin İ hissəsinə görə bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. Həmin maddənin İİ hissəsinin 2-ci bəndinə əsasən “A”, “B”, “C” kateqoriyalarına, “B1” və “C1” altkateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ -18 yaşdan yaranır. Həmin qanunun 34-cü maddəsinin 1-ci hissəsinə əsasən sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. Həmin qanunun 34-cü maddəsinin 2-ci hissəsinə əsasən mexaniki nəqliyyat vasitələrinin tiplərindən asılı olaraq, Azərbaycan Respublikasında verilən sürücülük vəsiqəsinin aşağıdakı növləri vardır: motosikletləri, kvadrisiklləri, trisiklləri, avtomobilləri, tramvaylarıvə trolleybusları idarə etmək üçün; traktorları və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün. Həmin Qanunun 34-cü maddəsinin İV hissəsinin 3-cü bəndinə əsasən bu Qanunun 34-cü maddəsinin İİ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək üçün verilən sürücülük vəsiqələrində, bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş məlumatlardan başqa, idarə etmə hüququnun qüvvəsinin şamil edildiyi nəqliyyat vasitələrinin aşağıdakı kateqoriyaları və altkateqoriyaları göstərilir: “B” - aşağıdakı nəqliyyat vasitələrini idarə etmək üçün: “A” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olmayan avtomobilləri; qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri; qoşqusunun icazə verilən maksimal kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 63.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir. 63.2-ci maddəsinə əsasən valideynlər, övladlığa götürənlər, himayəçilər və qəyyumlar fiziki şəxsin qanuni nümayəndələri hesab olunurlar. 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - yüz manat məbləğində cərimə edilir. 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutlmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığı və 32.1.2-ci maddəsinə əsasən inzibati xətanın yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məsuliyyətini ağırlaşdiran hallar müəyyən olunmadı. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt ŞPİ X9 Şöbəsinin inspektoru X1 ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İnzibati xətalar Məcəlləsinin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, xüsusən Şəxs inzibati xətanı törədərkən yetkinlik yaşına çatmamasını, ilk dəfə inzibati xəta törətməsini, əməlindən peşman olmasını, davranışını, törədilən inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən digər halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona məhz cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 02 (iki) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 12 (on iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar