Məhkəmə qərarları › İş №3(060)-1649/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1649/2025

23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1649/2025 23.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Şikayət verən şəxs X2 vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli qərarından X2 vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən “AAF Park” yaşayış kompleksinin ərazisində yerləşən “Nərgiz” Restoranının icarəçisi X3 Azərbaycan Respublikası İXM-nin 253-1.2-ci maddəsi ilə 5000 (beş min) manat məbləğində inzibati cərimə edilməsi barədə xx.xx.2025-ci il tarixli qərar qəbul edilmişdir. Qərarda “Xırdalan şəhəri, “AAF Park” yaşayış kompleksinin ərazisində “Nərgiz” restoranının icarəçisi tərəfindən müvafiq icra hakimiyyətinin rəyi alınmadan gül kollarının yerinin dəyişdirilməsi və nəticədə X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 253- 1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi” qeyd edilmişdir. X3 “AAF Park” yaşayış kompleksinin ərazisində yerləşən “Nərgiz” restoranını 2 ildən artıq müddətdir ki, icarə müqaviləsi əsasında işlədir. 2025-ci ilin aprel ayının ilk günlərində “Nərgiz” restoranının qarşısında yaşıllıq ərazinin genişləndirilməsi məqsədi ilə öz şəxsi vəsaiti hesabına 5 ədəd sarmaşıq qızılgül və 30-a yaxın həmişəyaşıl bəzək kolları əkmək qərarına gəlmişdir. Bu kolların ardıcıl yerləşdirilməsi üçün orada əvvəllər özü əkdiyi iki ədəd sadə qızılgül kolunun yerini dəyişmişdir. 16 aprel 2025-ci il tarixdə havanın küləkli olması nəticəsində restoranın yaxınlığında köhnə, qurumuş şam ağaclarından birinin gövdəsi sınmış və ağac yıxılmışdır. Bununla əlaqədar əraziyə fəhlələr və ekoloqlar gəlmiş, İlham Həbibov onlarla söhbət əsnasında bildirmişdir ki, həmin əraziyə yeni qızılgül və digər yaşıl kollar əkmək istədiyi üçün iki ədəd qızılgül kolunu zədələmədən yerini dəyişdirmişdir. Yəni, İlham Həbibov bu barədə ekoloqlara özü şifahi olaraq məlumat vermişdir. Bununla belə İlham Həbibov barəsində inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilmişdir. Hesab edir ki, həmin qərar tamamilə qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan və ya nəzərə alınmadan yaşıllıqların götürülməsi barədə qərarın qəbul edilməsi qeyd edilmişdir. Maddənin dispozisiyasından açıq-aşkar bəlli olur ki, inzibati xəta müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan və ya nəzərə alınmadan yaşıllıqların götürülməsi barədə qərarın qəbul edilməsi nəticəsində yaranır. Lakin, X1 vergi ödəyicisi olmaqla, vəzifəli şəxs deyildir və o, belə bir qərar qəbul etməmiş, hər hansı ağac, yaxud kolu kəsməmiş, əksinə, yaşıllıq ərazisini şəxsi vəsaiti hesabına daha da genişləndirmək məqsədi ilə iki il bundan əvvəl özü tərəfindən əkilmiş iki ədəd qızılgül kolunun yerini dəyişdirib, 2-3 metr aralıda əkmişdir. Hazırda həmin kollar tamamilə sağlamdır, məhv olmamış, bir qədər də inkişaf etməklə çiçəklənmişdir. Belə olan halda İlham Həbibovun hərəkətlərində hər hansı inzibati xətanın tərkibi yaranmır. Çünki, bu maddənin mətnində yaşıllıqların yerinin dəyişdirilməsinə görə hər hansı cəza nəzərdə tutulmayıb. Bir daha qeyd edirəm ki, İlham Həbibov kolların sayının artırılması məqsədi ilə iki ədəd qızılgül kolunu heç bir zədə yetirmədən yerini dəyişdirmişdir. Məhkəmə iclasında barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X2 vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə təqdim edərək şikayətə baxılmadan, ona əlavə olunan sənədlərlə geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq qərarından şikayət edilmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə şikayət verən şəxs X2 müdafiəçisinin inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə mahiyyəti üzrə baxılmadan geri qaytarılmasına dair ərizəsini nəzərə alaraq hesab edir ki, şikayət ona əlavə olunmuş sənədlərlə birgə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 müdafiəçisi və nümayəndəsi Vəkil Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardadın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar