Məhkəmə qərarları › İş №3(060)-1651/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1651/2022

04.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1651/2022 04.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X1 nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər DYPŞ-nin 13 may 2022-ci il tarixli, TP5022314 saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin TP5022314 saylı, 13 may 2022-cı il tarixli qərarı ilə X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 150 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan X3 şikayətlə məhkəməyə müraciət edərək tərtib olunan inzibati tənbeh vermə haqqında TP5022314 saylı, 13 may 2022-cı il qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 13 may 2022-cı il tarixdə Sumqayıt şəhərində mülki etibarnamə ilə idarə etdiyi “Chevrolet Cruze” minik avtomobili ilə hərəkət edərkən, saat 17:23 radələrində YPX əməkdaşı onu saxlamış və Sumqayıt şəhəri DYPŞ YPX inspektoru polis sıravisi inspektor Ələmov B.X tərəfindən idarə etdiyi nəqliyyat vasitəsi mülki etibarnamə yanında olmadığı üçün cərimə meydançasına aparılmış və həmin günü ona heç bir protokol təqdim olunmamışdır. Növbəti gün isə yəni, xx.xx.2022-ci il tarixdə gün ərzində 3-4 dəfə Sumqayıt şəhər DYPŞ-nə yaxınlaşmasına baxmayaraq, ona heç bir protokol verilmədən barəsində tərtib olunmuş TP5022314 saylı, 13 may 2022-cı il tarixli qərar axşam iş gününün sonu ona təqdim olunmuşdur. Qərar ona bildirilən əsasla deyil, ona da məlum olmayan əsasla qərəzli şəkildə tərtib olunmuşdur. Qərarda xətanın mahiyyəti haqqında hər hansı bir qeyd yazılmamışdır. Yəni hansı avadanlığın quraşdırılması və ya dəyişdirilməsi müəyyən edilməmişdir. Qərarda onun “X5” Azərbaycan Respublikasının Qanununu 1 saylı əlavəsində göstərilən tələblərin pozulması qeyd olunaraq İnzibati Xətalar Məcəlləsinin 342.2.2 maddəsi ilə törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmişdir. O, bu qərara etiraz etsə də, inspektor razılaşmamış və protokolu nəqliyyat vasitəsinin arxa işıqlarında plyonkanın olduğunu əlavə qurğu kimi qiymətləndirdiyinə görə tərtib etdiyini bildirmişdir. Qərara etirazını bildirsə də inspektor bunlara məhəl qoymadan, xx.xx.2022-ci ildə Sumqayıt şəhər DYPŞ-də etirazına heç bir qanuni istinad göstərmədən, öz versiyalarını sübuta yetirmədən onun barəsində “X5” AR Qanununun 30-cu maddəsinin tələblərini pozmaqla 150 manat məbləğində cərimə edilməyilə bağlı qərar çıxarılmışdır. Qərar ilə bağlı ilkin şikayətini xx.xx.2022-ci il tarixdə DYP-nin rəsmi saytından elektron müraciət etmişdir. Buna baxmayaraq bugünədək şikayəti ilə bağlı ona məlumat daxil olmamışdır. İXM-nin 25.1-ci maddəsinə əsasən inzibati cərimə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Lakin bunun üçün onun təqsiri sübut olunmalıdır. Çünki AR İXM-nin 8.1.-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu İXM-i ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. AR İXM-nin 8.2.-ci maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Beləliklə, hesab edir ki, İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda və 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X1 nümayəndəsi X4 şikayəti müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Sumqayıt ŞPİ-nin DYPŞ tərəfindən tərtib olunmuş TP5022314 saylı, 13 may 2022-cı il tarixli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Sumqayıt Şəhər Polis İdarəsinin DYPŞ-nə göndərilməlidir. Belə ki, məhkəmə tərəfindən X1 şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Polis İdarəsinin DYPŞ Yol patrul xidməti inspektoru Bəhruz Ələmov tərəfindən qərar qəbul edilərkən Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməmiş, qərarda göstərilən qayda pozuntusunun nədən ibarət olduğu göstərilməmiş, X3 Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə təqsirli bilinsə də, qərarda onun avtomobilində hansı avadanlıqdan istifadə edilməsi öz əksini tapmamışdır. Halbuki Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Bundan başqa Azərbaycan Respublikası İXM-nin 115.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda işə baxılarkən müəyyən edilmiş hallar göstərilir. Məhkəmə tərəfindən X1 şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yuxarıda qeyd edilən normaların tələbləri baxımından yoxlanılarkən müəyyən edilmişdir ki, X1 normativ tələbləri pozmaqla avadanlıqların dəyişdirilməsinə yol verilməsi ilə bağlı Azərbaycan Respublikası İXM-nin tələblərinə uyğun şəkildə icraat aparılmamış, sübutlar toplanmamışdır. Səlahiyyətli orqan bununla bağlı tam araşdırma aparmadan, heç bir başqa sübut olmadan qərar qəbul etmişdir. Azərbaycan Respublikası İXM-nin 134-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Yuxarıda qeyd edilən bütün hallar və qeyd edilən normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, Sumqayıt şəhər Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş TP5022314 saylı, 13 may 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar İXM-nin tələblərinə əməl edilmədən qəbul edildiyi üçün ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Sumqayıt Şəhər Polis İdarəsinin DYPŞ-nə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 134-135-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X1 tənbeh edilməsinə dair Sumqayıt Şəhər Polis İdarəsinin DYPŞ-nin TP5022314 saylı, 13 may 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Sumqayıt Şəhər Polis İdarəsinin DYPŞ-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar