Məhkəmə qərarları › İş №3(060)-1654/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1654/2024

17.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1654/2024 17.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara işin baxılmağa hazırlanması mərhələsində baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə bağlı tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və digər materialları araşdıraraq hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2021-ci il tarixli qərarında vurğulanmışdır ki, “... İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan gömrük qaydaları əleyhinə olan inzibati xətaların təhlili belə nəticəyə gəlməyə imkan verir ki, inzibati xətanın törədilmə yerinin müəyyən edilməsi həmin əməlin hərəkət və ya hərəkətsizliklə baş verməsi ilə şərtləndirilmişdir. Beləliklə, hərəkətlə törədilən inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın obyektiv cəhətini təşkil edən hüquqazidd hərəkətin törədildiyi yerdir. İnzibati xəta hərəkətsizlik formasında törədildiyi hallarda isə onun törədildiyi yer hərəkətin həyata keçirilməli olduğu yer, qanunvericiliklə şəxsin üzərinə düşən öhdəliyin, o cümlədən hüquqi şəxsin öhdəliyinin icra edilməli olduğu yer hesab olunur. Gömrük qaydaları əleyhinə olan inzibati xətaların hərəkətsizliklə baş verdiyi hallarda onların törədildiyi yer kimi Gömrük Məcəlləsinin tələblərinə müvafiq olaraq gömrük bəyannaməsinin gömrük orqanlarına təqdim edilməli olduğu yeri, bütün başqa hallarda gömrük borcunun yaranmasına səbəb olan halların baş verdiyi yeri, malların aidiyyəti gömrük proseduru altında yerləşdirilməli olduğu yeri, həmin prosedur daxilində gömrük ərazisinə gətirilməli olduğu yeri və ya gömrük orqanlarında olan məlumatlar inzibati xətanın bir neçə yerdə törədilməsini müəyyənləşdirməyə imkan verdiyi hallarda, gömrük borcunun yarandığı ilk yeri göstərmək olar. Burada xüsusilə qeyd edilməlidir ki, formal və ya maddi tərkibli olmasından asılı olmayaraq bəyannaməyə düzgün olmayan məlumatların daxil edilib elektron qaydada göndərilməsində ifadə olunan inzibati xətaların törədildiyi yeri müəyyən etmək olduqca mürəkkəbdir. İnformasiya texnologiyaları sahəsində inzibati xətaların əksəriyyəti elektron şəbəkələrdə törədilmiş olur. Bu zaman hüquqazidd əməlin törədildiyi yer və ictimai təhlükəli nəticələrin baş verdiyi yer müxtəlif ərazilərdə ola bilər. Konstitusiya Məhkəməsi yuxarıda göstərilən Plenum qərarında qeyd etmişdir ki, informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə törədilmiş belə inzibati xəta haqqında işlərə inzibati xətanın aşkarlandığı yerdə baxılmalıdır. İnzibati xətanın aşkarlandığı yer dedikdə, inzibati xətanın baş verməsinə, həmçinin hüquqpozmanın digər hallarına dair inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxsin protokol tərtib etdiyi yer başa düşülür...”. İstinad edilən Konstitusiya Məhkəməsi Plenumunun qərarından göründüyü kimi informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə törədilən gömrük qaydaları əleyhinə olan inzibati xəta haqqında işlərə inzibati xətanın aşkarlandığı, yəni səlahiyyətli vəzifəli şəxsin inzibati xəta haqqında protokol tərtib etdiyi yerdə baxılmalıdır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Məcəllənin 114.1-ci maddəsinə əsasən qısa idxal bəyannaməsi məlumatların elektron emalı üsullarından istifadə olunmaqla, elektron sənəd formasında təqdim edilir. Məhkəmə Konstitusiya Məhkəməsinin sözügedən qərarının tələblərinə əsasən belə nəticəyə gəlir ki, hazırkı inzibati xətanın törədildiyi yer, inzibati xətalar haqqında işlər üzrə protokol tərtib edən səlahiyyəti orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin yerləşdiyi yer hesab olunmalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, qeyd olunan səlahiyyətli orqanın hüquqi ünvanı Bakı şəhəri, Salyan şossesi 14-cü km-dir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir. İşin baxılması onun səlahiyyətinə aiddirmi, işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu, inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi, işin icraatını rədd edən hallar mövcuddurmu, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı, işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı, iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Azərbaycan Respublikası İXM-nin 109.1.7-ci maddəsinə əsasən əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Hakim:Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar