Məhkəmə qərarları › İş №3(060)-1657/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1657/2022

22.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1657/2022 22.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, protkolou tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsinin Dövlət yol polisi şöbəsi axtarış üzrə inspektoru, polis baş leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs, Müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.2000-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, Laçın rayonu, X5, Güləbird kəndi ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, st.Sumqayıt y/x, otaq 3 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhər polis idarəsinin dövlət yol polisi şöbəsi axtarış üzrə inspektoru, polis baş leytenantı X3 tərəfindən Şəxs barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə inzibati xəta haqqında İXP ******* №li protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2022-ci il tarixdə, saat 18:50 radələrində sürücü Şəxs “KİA RİO MİNİK” markalı **-VV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərləri yolun səthi ilə sürtərək səslərin çıxarılmasına və yolun səthində çoxsaylı təkər izləri buraxmaqla avtoxuliqanlıq etmişdir. Sumqayıt şəhər polis idarəsinin dövlət yol polisi şöbəsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 22 iyun 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında Sumqayıt şəhər polis idarəsinin dövlət yol polisi İnzibati təcrübə üzrə inspektoru polis kapitanı X3 izahat verərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə sürücü Şəxs “KİA RİO MİNİK” markalı **-VV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərləri yolun səthi ilə sürtərək səslərin çıxarılmasına və yolun səthində çoxsaylı təkər izləri buraxmaqla avtoxuliqanlıq etmişdir. Bununla bağlı müşayidə kamerasından videogörüntü iş materiallarına əlavə edilmişdir. Qeyd olunanlara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə sürücü Şəxs “KİA RİO MİNİK” markalı **-VV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkət edən zaman tələsdiyi üçün işiqforun qırmızı işığı yandığından sol dönmə etmiş və avtomobil sürüşmüşdür. Bunu bilərəkdən etməmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmandır. Qeyd olunanların nəzərə alınmaqla inzibati icraata xitam veriləsini xahiş etdi. Müdafiəçi Vəkil Şəxs barəsində aparılan inzibati icraata xitam verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokol tərtib etmiş şəxsi dinləyib, iş materialına əlavə olunmuş DVD diskə baxaraq, inzibati materiallara əlavə olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və ona qeyd olunan maddələr üzrə inzibati tənbeh tətbiq olunmalıdır. İş materiallarına əlavə edilmiş diskdən görünür ki, “KİA RİO MİNİK” **-VV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə avtoxuliqanlıq yəni, mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət olunan qərəzli hərəkətlər edilmişdir. İXM-nin 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: 511.1.1. aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə; 511.1.2. mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə; 511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin məcəllənin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin sanksiyası çərçivəsində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə və Sumqayıt şəhəri 1 saylı Rayonlararası Qeydiyyat-İmtahan Şöbəsinə həvalə edilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Müdafiəçi Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** İnzibati işin materiallarına əlavə edilmiş 01 ədəd disk iş materiallarında saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar