Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1657/2023 06.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis mayoru Emin Şirəliyevin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs, onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1970-ci ildə Ağsu rayonunda anadan olmuş, AR vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəh., 41-ci məh., ev 3, mənzil 51 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunub, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 11:00 radələrində Sumqayıt şəhəri, 4-cü mkr ərazisində polis əməkdaşı ilə mübahisə edərək polisin ünvanına nalayiq küçə söyüşü söymüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs-Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis mayoru Emin Şirəliyev tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi, Şəxs protokolda göstərilən inzibati xətanı törətmişdir. Lakin məhkəmə iclasında barəsində protokol tərtib edilən Şəxs 3-cü Polis Bölməsinə gətirilməsində iştirak edən iki nəfər polis əməkdaşı şahid qismində izahat vermək üçün məhkəmə iclasında iştirak etmələri mümkün olmamışdır. Belə ki, rəhbərliyin tapşırığına əsasən həmin şəxslər xidməti ərazidədirlər. Şəxs barəsində inzibati cərimə növündə tənbeh inzibati tənbeh tədrinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 11:00 radələrində Sumqayıt şəhəri, 4-cü mkr ərazisində müəyyən edilmiş duracaqda özünəməxsus “Chevrolet-Aveo” markalı avtomaşını saxlayaraq yaxınlıqda mağazaya daxil olmuşdur. Mağazadan çıxdıqda özünə məxsus Chevrolet markalı avtomobilin önündə tanımadığı şəxs tərəfindən Mercedes-Benz markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilin avtomobil saxlanıldığını görmüşdür. Onun hərəkəti üçün maneə yarandığından hərəkəti davam etdirə bilməmiş və qarşısında dayanan həmin avtomobilə yaxınlaşmışdır. Təxminən 3-4 dəqiqə sonra mülki formada bir şəxs qaçaraq ona yaxınlaşmış və özünü maşının sahibi olaraq təqdim etmişdir. Bu zaman o, həmin şəxsə nəyə görə avtomobili düzgün yerdə saxlamaması barədə iradını kəskin və əsəbi formada bildirmişdir. Mübahisə kəskinləşmiş və bu səbəbdən biri-birilərinə qarşılıqlı olaraq nalayiq ifadələr işlətməyə başlamışlar, o, həmin şəxsə qarşı və onun idarə etdiyi avtomilə heç bir ziyan yetirməmişdir. Hadisədən təxminən 10 dəqiqə sonra Sumqayıt şəhəri 8-ci mkr ərazisində yenidən Mercedes-Benz markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobili görmüş və saxlamışdır. Bu zaman iki nəfər mülki geyimdə əvvəlcədən tanımadığı şəxslər ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirmiş və onu polis idarəsinə dəvət etmişdir. O, isə polis əməkdaşlarına heç bir etiraz etmədən onlarla birlikdə Polis Bölməsinə getmişdir. O, hadisə vaxtı Möhübbət Qədirovun polis əməkdaşı olduğunu bilməmiş, yalnız sonradan digər polis əməkdaşları gəldikdən sonra sonuncunun polis əməkdaşı olduğunu bilmişdir. Eyni zamanda Möhübbət Qədirov özünün polis əməkdaşı olması barədə məlumat verməmişdir. Ona qarşı heç bir təzyiq, müqavimət olmamışdır. O, yalnız sadə vətəndaşa qarşı nalayiq ifadələr işlətdiyinə görə təqsirli bilir. Bir daha belə əməllərə yol verməyəcəyinə söz verir. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid X5 bildirdi ki, Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru vəzifəsində çalışır, rütbəsi polis baş serjantıdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 11:10 radələrində xidmətdə olmadığı müddətdə Sumqayıt şəhəri, 4-cü mikrorayon, Bakı küçəsində avtobus dayanacağının yaxınlığında özünə məxsus Mercedes-Benz markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilini yolun kənarında saxlayaraq maşından təxminən 20 (iyirmi) metr aralaşaraq tanıdığı Nüsrət adlı şəxslə söhbət edərkən avtomobilinin yanında bir nəfər şəxsin yüksək səslə qışqırdığını görmüşdür. Bu zaman o, avtomobilinin yanına qaçmış, həmin şəxsin ondan yol verməsini istədiyini bilmişdir. O, maşına minərkən dəfələrlə həmin şəxsə qarşı üzrxahlıq etmiş, buna baxmayaraq həmin şəxs səs tonunu yüksəldərək onu təhqir etməyə başlamış, onun ünvanına “korsanmı boş yer olduğu halda nədən həmin yerdə saxlamayib avtomobilini mənim maşınımın qarşısında saxlamısan” demişdir. O, həmin şəxsi nizam intizama dəvət etsə də, nalayiq ifadələr işlətməməsini xahiş etsə də o Şahin Atamaılyev onun bu müraciətlərinə məhəl qoymamış, öz hərəkətlərini davam etdirmişdir. O, özünü təqdim edərək polis əməkdaşı olduğunu söyləməmiş, lakin uzun müddətdir ki, Sumqayıt şəhərində çalışdığı üçün onları aralamağa gəlmiş şəhər sakinləri Şahin Atamlıyeva onun polis əməkdaşı olduqlarını söyləmişlər. Şəxs maşının sağ tərəfindən özünü içəri salaraq ona əl-qol atmaq istəsə də o, yayınmışdır. O, Şahin Atamlıyevanın yanında qadın olduğunu görmüş, bu məqsədlə ona mobil telefonunu uzadaraq nömrəsini istəmiş, sonuncu isə onun telefonu tutub ondan almış daha sonra sağ tərəfdən oturacağın üstünə atmışdır.O, dərhal bu barədə öz rəhbərliyinə məruzə etmişdir. Daha sonra hadisə yerindən uzaqlaşmış, maşınını Sumqayıt şəhəri 8-ci mikrorayon ərazisində saxlamışdır. Bir neçə dəqiqə sonra mübahisə etdiyi həmin şəxsin avtomillə gəldiyini görmüşdür. Həmin şəxs maşınını onun avtomobilinin yanında saxlamışdır. Bu zaman onun iş yoldaşları Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları əməliyyat müvəkilləri polis kapitanı Xaqani Məmmədov, kiçik-inspektoru Orxan Əlizadə gəlmişlər. Onlar həmin şəxsə yaxınlaşaraq, özlərini təqdim edib polis idarəsinə dəvət etmişlər. Mübahisə etdiyi şəxs də özünün polis əməkdaşı olduğunu bildirmiş, Xaqani Məmmədov ondan polis olmasını təsdiq edən vəsiqəsini istəsə də, sonuncu əvvəl polis işlədiyini, hazırda təqaüddə olduğunu söyləmişdir. Daha sonra polis əməkdaşları həmin şəxsi Sumqayıt ŞPİ-nə aparmışlar. İdarədə olarkən həmin şəxsin xx.xx.1970-ci il təvəllüdlü Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Günəşli keçəsi ev 1 qeydiyyatında olan Şəxs olduğu məlum olmuşdur. İş materiallarında olan Möhübbət Qədirov tərəfindən Sumqayıt ŞPİ-nin 3-cü PB-nin rəisi, polis mayoru Xalid Günəşova ünvanlanmış xx.xx.2023-cü il tarixli raportundan görünür ki, M.Qədirov özünü Şəxsa polis əməkdaşı kimi təqdim etməmiş, onu aidiyyatı Polis idarəsinə və ya şöbəsinə etmiş olduğu hərəkətlərlə bağlı izahat vermək məqsədilə dəvət etməmiş, sonuncu ona yalnız yaranmış mübahisə zamanı nalayiq ifadələr işlətmiş, şöbənin əməkdaşları onu polis bölməsinə dəvət edən zaman Şəxs etiraz etməyərək onlarla birlikdə getmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, şahidi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs, protokol tərtib etmiş şəxsi, şahidi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs qəsdi ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə tabe olmamaq olmamışdır. Təqdim edilmiş materiallardakı məlumatlar Şəxs ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamasına əmin olmağa əsas vermir. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, 28 oktyabr 1999-cu il tarixli, “Polis haqqında” AR qanunun 4-cü maddəsinə görə polisin fəaliyyətinin əsas istiqamətləri ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin və digər xətaların qarşısının alınması və açılması, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsidir. Həmin Qanunun 7-ci maddəsinə görə polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Məhkəmə iclasında inzibati icraat iştirakçılarının izahatlarından görünür ki, Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru Möhübbət Qədirov hadisə zamanı “Polis haqqında” qanunda qeyd olunan fəaliyyət üzrə xidmətdə olmamış, həmçinin hadisə zamanı M.Qədirov şəxsən Şəxsa polis əməkdaşı olmasını bildirməmiş, Şəxs etdiyi hərəkətlərlə bağlı müvafiq izahat verməsi üçün aidiyyatı Polis bölməsinə dəvət etməmişdir. Yalnız ətrafda olan vətəndaşların onun polis əməkdaşı olmasını Şəxsa söylədiklərini eşitmişdir. Şəxs əməlini etiraf edərək nalayiq ifadələr işlətdiyini bildirsə də, o, M.Qədirovun ünvanında nalayiq ifadələr işlədərkən onun polis əməkdaşı olduğunu bilməmişdir, Qədirovun polis əməkdaşı olmasını əraziyə polis işçiləri gəldikdən sonra bilmişdir. Məhkəmə hesab edir ki, belə olan halda Şahin X1rşı nalayiq ifadələr işlətməsi AR İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilə bilməz. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Şəxs barəsində tərtib edilmiş protokolda və iş materiallarında göstərilən, onun polisin qanuni göstərişinə məhəl qoymayaraq tabesizlik göstərməsinin nədən ibarət olması, həqiqətən bu hərəkətlərə yol verilməsi inandırıcı və mötəbər sübutlarla təsdiq edilməmişdir. Belə ki, qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş 3-cü Polis Bölməsinin sahə inspektoru Emin Şirəliyevin məhkəmə iclasında ittihamı tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi Şəxs İnzibati xətalar Məcəlləsinin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etməmiş və ya məhkəmə iclasında təqdim etməmişdir. Bu o deməkdir ki, Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur, onun barəsində əsassız olaraq protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə həmin maddə ilə inzibati xəta haqqında icraata xitam verilməlidir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional vəkil Burosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini vəkil X3 həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Vəkil X4 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1657/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1657/2023
06.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver