Məhkəmə qərarları › İş №3(060)-1657/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1657/2024

29.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1657/2024 29.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarı ilə X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 600 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan Sübhan Günəşov şikayətlə məhkəməyə müraciət edərək tərtib olunan inzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2024cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, barəsində tərtib olunmuş protokol qanunsuzdur. İdarə etdiyi “MERCEDES BENZ AXOR 1843” yük markalı, **-AC-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixdə Bakı Quba yolu ilə hərəkət edən zaman İİ Tağım YPX inspektoru polis baş serjantı Zamik Məmmədov ona «saxla» əmri vermiş, o, “saxla” əmrinə riayət etmiş, avtomobili saxlamışdır. Avtomobili saxladıqdan sonra YPX avtomobilindən düşən yol polisi inspektoru ona yaxınlaşmış və saxlama səbəbini deyərək, sənədlərini istəmişdir. YPX inspektoru Zamik Məmmədov yükü tərəziyə qaldırdıqdan sonra guya yük maşının götürdüyü yükün çəkisi icazə verilən normalara zidd olduğunu bildirərək şifahi olaraq, heç bir qəbz vermədən çəkinin 41 ton 380 kq olduğunu qeyd etmiş, lakin o, Quba rayonu Qaraçay kəndi Azəravtoyolun nəzdində olan 5 saylı Çınqıl zavodunda yüklə çıxarkən yükün 25550 kq olmasını, çəkinin 40640 kq təşkil etdiyini YPX inspektoruna bildirmişdir. O, həmin ərazidən ayrılaraq maşını iki dəfə olmaqla gömrük və Nardaran qəbul məntəqəsində çəkdirmiş, hər iki yerdə çəkinin 40540 kq olduğunu müəyən edilmişdir. Bildirir ki, idarə etdiyi avtomobilin yükləndiyi çəki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş ‘‘Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi haqqında Qaydalar”nın “Qoşqulu avtoqatarlar üçün” 3.2.-ci maddəsinə, yəni “nəqliyyat vasitəsinin icazə verilən ümumi kütləsi ikioxlu yük avtomobili üçoxlu qoşqu ilə - 42 ton” tələbinə tam uyğundur. Çəkiyə dair hər iki çekdə, yəni Nardaran HİMALAY BETON zavodu və “AZƏRAVTOYOL”-un 5 nömrəli çınqıl zavodunda tərəziyə çıxarılan yükün çəkisi normalara tam uyğundur. Həmin qəbzləri sübut olaraq şikayət ərizəsinə əlavə etmişdir. Yol patrul xidməti haqqında təlimatın 4-cü maddəsinin 7-ci bəndinə əsasən, “YPX inspektoru tərəfindən nəqliyyat vasitəsi dayandırılarkən bütün hallarda patrul avtomobilində və ya postda quraşdırılmış videokamera daim işlək vəziyyətdə olmalı, patrul avtomobilində quraşdırılan məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir. Sürücü ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsi, habelə YPX inspektorunun digər hərəkətləri avtomobilin içəri hissəsində və ya kənarda kameranın görünüş dairəsində aparılmalıdır” Halbuki, protokol tərtib olunan zaman DYP əməkdaşı öz xidmətini düzgün təşkil etməmiş, onun üçün məcburi olan təlimatdan kənara çıxaraq özbaşınalıq etmiş, bu azmış kimi ona qanunsuz yazdığı protokolu belə təqdim etməmişdir. Protokolu sonradan AR BDYPİ-nə ərizə ilə müraciət etdikdən sonra ala bilmişdir. Əgər təlimata uyğun hərəkət etmiş olsaydı onunla inspektor arasındakı dialoq, hadisənin video görüntüsü olmuş olacaq idi. Ondan yükün boşaldılması tələb olunacaqdı. Bunların olmaması və inzibati orqanın əlavə sübut təqdim etməməsi birbaşa onun xeyrinə həll olunmalıdır. Təlimatın 6.5.1-ci bəndinə əsasən əməkdaşların xidmət aparmağa hazır olduğuna, o cümlədən patrul avtomobillərində quraşdırılan videokameranın və məsafədən səs ötürən mikrofonun işlək vəziyyətdə olmasına əmin olmalı və aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görməlidir. Həmin təlimatın 6.9-cu bəndinə əsasən Patrul avtomobillərində quraşdırılan videokamera və məsafədən səs ötürən mikrofon işlək vəziyyətdə olmadıqda həmin avtomobillərdə xidmətin aparılması yolverilməzdir. Belə avtomobillərdə xidmətin aparılmasına görə müvafiq şəxslər məsuliyyət daşıyırlar. 8.1-ci maddəyə görə BDYPİ-nin yol hərəkətinə nəzarəti həyata keçirməyə səlahiyyətli əməkdaşları tərəfindən videomüşahidə kameraları vasitəsilə qanunvericiliklə nəzərdə tutulmuş yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta aşkar edildikdə xüsusi texniki vasitələrin məlumatları (inzibati xəta hadisəsinin baş verməsini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədilməsini sübut edən nəqliyyat vasitəsinin qayda pozuntusunu əks etdirən iki fərqli və dövlət qeydiyyat nişanını əks etdirən bir fotoşəkil və video materiallar) real vaxt rejimində elektron formada birbaşa BDYPİ-nin mərkəzi informasiya sisteminə ötürülür. Həmin təlimatın 28.1-ci bəndinə əsasən Nizami polis hissəsinin qərargahının, inzibati qrupunun baş inspektorunun (inspektorunun) vəzifələri aşağıdakılardır: 28.1.2-ci bəndində görə yol-nəqliyyat hadisələrinin təhlilini aparmaq, hadisələrin baş vermə səbəb və şəraitini müəyyənləşdirib (konkret hallarda bu məqsədlə hadisələrin görüntüsü, hadisə yerinin fotoşəkli, uzaqdan səsötürən mikrafonun səsyazıst, hadisənin sxemi və s. istifadə edilə bilər) müvafiq informasiya və arayışlar hazırlayıb nizami polis hissəsinin komandirinə təqdim etmək...; Yol patrul xidməti haqqında təlimatın sadaladığı bəndlərindən də görünür DYP əməkdaşı öz xidmətini düzgün təşkil etməmiş, onun üçün məcburi olan təlimatdan kənara çıxaraq özbaşınalıq etmiş, bu azmış kimi mənə qanunsuz yazdığı protokolu belə təqdim etməmişdir. birbaşa mənim xeyrimə həll olunmalıdır. Odur ki, qeyd olunanların nəzərə alınmasını, xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsini və inzibati xəta üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında qərardan şikayət verən şəxs Sübhan Günəşov eyni məzmunlu izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq qərarından şikayət verilən Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən araşdırılması üçün BDYPİ-nə göndərilməlidir. Belə ki, məhkəmə tərəfindən Sübhan Günəşovun şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, BDYPİ-nin əməkdaşları tərəfindən qərar qəbul edilərkən İXM-nin tələblərinə əməl edilməmiş, düzgün hüquqi nəticəyə gəlmək üçün yetərli araşdırılma aparılmamışdır. İXM-nin 353.2-ci maddəsinə İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə-fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Həmin Məcəllənin 81.1-ci maddəsinə görə Müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Həmin Məcəllənin 81.3-cü maddəsinə görə Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 100.1.8-ci maddəsinə görə inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati xəta haqqında protokolda göstərilir. İş materiallarına əlavə edilmiş nə xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda, nə də xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarda törədilməsi ehtimal olunan inzibati xətanın aşkar edilməsində istifadə edilmiş xüsusi texniki vasitəsi haqqında yuxarıda qeyd olunmuş göstərilməli olan məlumatlar öz əksini tapmamışdır. İXM-nin 127-1.1-ci maddəsinə görə Bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar hərəkətdə olan nəqliyyat vasitəsinin çəki və kütlə parametrlərini ölçən və yol örtüyünün altında yerləşən xüsusi texniki vasitələrin (elektron tərəzilərin) məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada çıxarılır. Bütün elektron tərəzilər müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir. İXM-nin tələblərindən də göründüyü kimi İXM-nin 353.2-ci maddəsində qeyd olunan inzibati xətanın aşkar edilməsi üçün mütləq qaydada xüsusi texniki vasitədən (elektron tərəzi) istifadə olunmalıdır. Hazırkı vəziyyətdə törədilməsi ehtimal olunan inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitəyə dair məlumatların göstərilməməsi qəbul edilmiş qərarı şübhə altına almış olur. İXM-nin 127-1.3-cü maddəsinə əsasən Bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən nəzarət məntəqəsində saxlanılır və inzibati tənbeh vermə haqqında elektron qərarın və xüsusi texniki vasitələrin məlumatlarının kağız daşıyıcıda surətləri nəqliyyat vasitəsini idarə edən şəxsə təqdim olunur. Bundan başqa İXM-nin 100.1.4-cü maddəsində inzibati xəta haqqında protokolda eyni zamanda inzibati xətanın mahiyyətinin də göstərilməli olduğu məcburi göstəriş kimi təsbit edilmişdir. Lakin yol patrul xidməti inspektoru yalnız törədilməsi iddia edilən inzibati xətanı nəzərdə tutan qanunun normasını protokolda qeyd etməklə kifayətlənmiş, lakin həmin vaxt yük avtomobilində aşkar edilmiş çəkinin hansı miqdar olduğunu, nə də əslində yüklə birlikdə avtomobildə olan çəkinin hansı miqdar olmalı olduğunu göstərməmiş, nəticədə haqlı narazılığa zəmin yaratmışdır. Məhkəmə hesab edir ki, qeyd olunan hallar araşdırılmadan iş materiallarında olan sənədlərlə inzibati xəta hadisəsinin həqiqətən də olub-olmamasını müəyyən etmək qeyri mümkündür. Həmin faktın araşdırılması ilə bağlı BDYPİ-nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilsə də, nümayəndə məhkəmə iclasına gəlməmişdir. İXM-nin 134-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qəbul edilən qərarlardan biri də həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsidir. Azərbaycan Respublikası İXM-nin 135-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslara eyni zamanda hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaması və hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi aid edilmişdir. Məhkəmə göstərilənlərdən belə nəticəyə gəlir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Odur ki, İXM-nin 8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməlidir müddəasını nəzərə alaraq məhkəmə hesab edir ki, BDYPİ tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və göstərilən ziddiyətli və şübhə yaradacaq məqamların aradan qaldırılması məqsədi ilə inzibati xəta haqqında iş yenidən baxılmaq üçün həmin idarəyə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 134-135-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X1 tənbeh edilməsinə dair Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar