Məhkəmə qərarları › İş №3(060)-1663/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1663/2025

08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1663/2025 08.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Protokolu tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.2006-cı il tarixdə, Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokola və ona əlavə edilmiş materiallara Sumqayıt şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Tərtib edilmiş protokola əsasən xx.xx.2025-ci il tarixdə saat 19:50 radələrində Sumqayıt şəhəri ərazisində Şəxs üzərində 2,050 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi X5 izahatında göstərmişdir ki, xx.xx.2025ci il tarixdə saat 19:50 radələrində Sumqayıt şəhəri, Novxanı bağları, Sahil restoranının yaxınlığında vətəndaş Şəxs üzərindən 2,050 qram qurudulmuş marixuana aşkar edilmişdir. Qeyd edilən inzibati xəta ilə əlaqədar İXM-nin 206-cı maddəsi ilə protokol tərtib edilmişdir. Protokol tərtib edən şəxs məhkəmədən protokolu təmin etməyi xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, “Tik-tok” sosial şəbəkəsində tanış olduğu iran vətəndaşından marixuana almış, həmin marixuananı götürmək üçün Sumqayıt şəhəri, Novxanı Bağları, Sahil restoranının yaxınlığında olan yarım tikili evin içindən narkotik vasitəni götürdükdən sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılarkən üzərindən təxminən 2 qramdan çox marixuana olmuşdur. O, iki ildir ki narkotik vasitə olan marixuanadan istifadə etdiyini və barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə Binəqədi rayon Məhkəməsinin hökmü olduğunu bildirmişdir. Məhkəmədən əməlindən peşman olmasının nəzərə alınaraq ona yüngül tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili, polis kapitanı X3 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 19:50 radələrində tərəflərindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Şəxs saxlanılmış, onun üzərinə videoçəkilişlə baxış keçirilən zaman polis əməkdaşları özlərini təqdim etdikdən sonra, vətəndaşa üzərində qanunla qadağan olunmuş əşya və predmet olubolmadığını soruşmuşdur. Vətəndaş əynindəki göy rəngli şalvarın arxa cibindən “nəşə” adlandırdığı yaşıl rəngli bitki kütləsini təqdim etmişdir. Sorğu zamanı Şəxs narkotik vasitəni 100 manata “Tik-tok”da tanış olduğu tanımadığı iranlıdan aldığını və şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Daha sonra Şəxs tərəflərindən Sumqayıt ŞPİ-nin 4-cü PB-yə aparılmış, müdafiəçi ilə təmin edilmiş və üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. Bölmədə olarkən də Şəxs üzərində aşkar edilmiş kütlənin ona məxsus olduğunu bildirmişdir. Təyin edilmiş bioloji ekspertiza nəticəsində həmin kütlənin 2,050 qram qurudulmuş marixuana olduğu aşkar edilmişdir. Məhkəmə iclasında müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 hüquqlarını müdafiə etdiyi şəxsin əməlini səmimi etiraf etməsini, peşman olmasını nəzərə alaraq ona cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz etirafı və işdə olan sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə iclası zamanı tədqiq edilmiş: Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis polkovnik kapitanı Röyal Rəcəbli tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək PB-yə gətirilmiş, PB-də şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən içərisində narkotik vasitə sayılan marixuanayabənzər bitki kütləsi olan 01 ədəd şəffaf rəngli sellofan bükümü aşkar edilərək götürülmüşdür. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 19:50-də Sumqayıt şəhəri, Novxanı bağlar massivi, “Sahil” restoranının yaxınlığında tutulmuşdur. Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi X5 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 19:50 radələrində Sumqayıt şəhər ərazisində vətəndaş Şəxs üzərindən 2,050 qram qurudulmuş marixuana aşkar edilmişdir. Əməliyyat tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması barədə xx.xx.2025-ci il tarixli protokoldan və tədbir həyata keçirilərkən qeydə alınmış video yazıdan görünür ki, həmin tarixdə saat 19:50-də Sumqayıt şəhəri, Novxanı bağlar massivi, “Sahil” restoranının yaxınlığında Şəxs saxlanılmış, saxlanıldıqdan sonra ona hüquq və vəzifələri, o cümlədən müdafiəçıyə malik olmaq hüququ izah edilmişdir. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, təklifdən sonra Şəxs əynində olan göy rəngli cins şalvarın sağ arxa cibində saxladığı şəffaf rəngli sellofan bükümü təqdim etmiş, həmin büküm elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 2,19 qram olmuşdur. Həmin kütlə qablaşdırılmış, saxlanılan şəxs və əməliyyatçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarışın keçirilməsi barədə xx.xx.2025-ci il tarixli protokoldan və axtarış həyata keçirilərkən qeydə alınmış video yazıdan görünür ki, Şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkil təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif etmişdir. Bu zaman Şəxs üzərində heç bir qanunsuz predmetin olmadığını bildirmişdir. Onun üzərinə öz razılığı ilə şəxsi axtarış keçirilmiş və heç bir daşınması və ya gəzdirilməsi qadağan olunmuş predmet aşkar edilməmişdir. Bundan sonra təhqiqata təqdim edilmiş 01 ədəd zərf açılmış və içərisində 01 ədəd şəffaf rəngli sellofana bükülmüş yaşıl rəngli marixuanayabənzər bitki kütləsi tərəziyə qoyularaq çəkilmiş, elektron tərəzidə yaşıl rəngli marixuanayabənzər bitki kütləsinin 0,56 qram olması müəyyən edilmişdir. Sorğu zamanı Şəxs həmin bitki kütləsini xx.xx.2025-ci il tarixdə “Tik-tok” sosial şəbəkəsində tanış olduğu İran vətəndaşından 100 manat ödəniş etməklə aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini demişdir. Şəxs üzərindən aşkar olunmuş bitki kütləsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in Sumqayıt Regional Bölməsinə göndərilməsi üçün qablaşdırılmış və DİN-nin 128 saylı möhürü ilə möhürlənmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci ill tarixli 20/582 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş: Azərbaycan Respublikası DİN “Zərflər üçün № 128” möhür əksi, “Vət. Qasımov İlkin Zaur oğlunun təqdim etdiyi maddə; İmza: /imza/; Təqdim etdi: /imza/ K.Osmanov /imza/” əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 2,050 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 4015 nömrəli rəyindən görünür ki, Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. VSİS-dən alınan məlumata əsasən Şəxs xx.xx.2024-cü il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F19.1 dioqnozu ilə qeydiyyatdadır. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikasının İXMnin 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibi olduğundan sonuncunun həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti ərazi aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin 4-cü PB-yə göndərilmişdir. İnzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 17:45-da inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarixdə saat 15:40 dəqiqədə azad edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz etirafı ilə yanaşı, tərtib edilmiş protokollar, əməliyyat tədbirinin həyata keçirilməsi və şəxsi axtarış aparılması zamanı qeydə alınmış videogörüntülər olan disklər, məhkəmə-narkoloji və məhkəmə bioloji ekspertizalarının rəyləri və digər iş materialları ilə də tam sübuta yetirilir. İş üzrə Şəxs məsuliyyətini istisna edən və məsuliyyətdən azad edilməsi üçün hallar mövcud deyil. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 4-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməli, inzibati həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 19:50dən hesablanmalıdır. Məhkəmə qeyd edir ki, Şəxs inzibati qaydada xx.xx.2025-ci il tarixdə saat 17:45-də tutulsa da, şəxs xx.xx.2025-ci il tarixdə saat 19:50-də şübhəli şəxs qismində saxlanılmış və üzərində aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın çəkisi az miqdarda, yəni 2,050 qram həddində olduğundan xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanması rədd edilərək xx.xx.2025-ci il tarixdə saat 17:45-də inzibati qaydada tutulmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, şəxsin tutulma müddətində müddətin axımı davam etdiyindən inzibati həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 19:50-dən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.4-cümaddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmçinin, iş üzrə məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 4015 nömrəli rəyindən görünür ki, Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. VSİS-dən alınan məlumata əsasən Şəxs xx.xx.2024-cü il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F19.1 dioqnozu ilə qeydiyyatdadır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 4015 nömrəli rəyini nəzərə alaraq qeyd edir ki, barəsində icraat aparılan şəxsdə narkomaniya xəstəliyi aşkar edilmədiyindən onun barəsində məcburi müalicə təyin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinə əsasən; 37.1. İnzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. 37.2. Məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. 37.3. Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. 37.4. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. 37.5. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. 37.7. İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. Bundan başqa, məhkəmə qeyd edir ki, iş üzrə keçirilmiş bioloji ekspertiza təqdqiqatının xərci dövlətə aid edilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Göstərilənlərdən əlavə məhkəmə hesab edir ki, vəkil X4 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 19:50-dən hesablansın. Qərar inzibati həbs etmə hissəsində dərhal icra edilsin. Sumqayıt Şəhər Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,030 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza xərci dövlətə aid edilsin. Vəkil X4 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar