Məhkəmə qərarları › İş №3(060)-1664/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1664/2023

06.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1664/2023 06.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunu sədrliyi, X2 məhkəmə iclas katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru – X1, Tələbkar - Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 tərəfindən 06 iyul 2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs 3 uşağın saxlanılması üçün hər ay tələbkar Zərərçəkmiş şəxs 450 manat aliment ödənilməlidir. Sumqayıt şəhər İcra İdarəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar xx.xx.2023-cü ildə məhkəməyə daxil olmuşdur. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 məhkəmə iclasında çıxış edərək bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-780/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2022-ci ildən etibarən xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində aliment Şəxs tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Borclunun əmlak məlumatları yoxlanılmış, tələbkarın yaşadığı evin borclunun adına olması müəyyən edilmişdir. Ev ilə bağlı məhkəmə mübahisəsi olmuş, ev ½ hissədə bölünmüşdür. Borclu öz payına düşən hissəni aliment borcnunun əvəzinə tələbkara verməyə razıdır. Borclunun deməsinə görə onun məhkəmə barədə, alimentin məhkəməyə ərizə verildiyi gündən hesablanması barədə məlumatı olmamışdır. Borclunun icra sənədi üzrə 2700 manat aliment borcu yaranmış, xx.xx.2023-cü il tarixdə 300 manat ödəniş etmiş, hazırda 2400 manat borcu vardır. Tələbkar alimentin ödənilməsini tələb edir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, işləmir, fərdi əməklə, fəhləliklə məşğul olur. Aylıq 250- 300 manat qazancı olur. Evin onun payına düşən hissəsini tələbkara verməklə aliment borcunu bağlaya bilər. Həmin evi faktiki olaraq keçmiş arvadı və uşaqlarına verib evdən çıxıb başqa yerdə yaşayır. Ayın 20-nə kimi 300 manat ödəyəcəkdir. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil bildirdi ki, qərəz yoxdur. Borclunun rəsmi iş yeri, əlavə gəliri yoxdur. Evini tələbkara verməklə borcunu ödəmək istəyir. Məhkəmədən nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, borclu işləyir, lakin qəsdən borcu ödəmir. Borclu ev verməklə o, uşaqları dolandıra bilməz. Aliment borcunu tələb edir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-780/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2022-ci ildən etibarən xx.xx.2008ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində aliment Şəxs tutularaq Zərərçəkmiş şəxs verilməlidir. İş materiallarında olan ödəniş qəbzinin surətindən görünür ki, Zərərçəkmiş şəxs adına xx.xx.2023-cü il tarixdə 300 manat ödəniş edilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın izahatlarını, müdafiəçinin çıxışlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə qeyd edir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-780/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi 30 may 2023-cü il tarixdə qanuni qüvvəyə minmiş, həmin tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və borclunun ünvanına bildiriş göndərilmişdir. Borclu tərəfindən xx.xx.2023cü il tarixdə icra sənədi üzrə aliment borcundan 300 manat ödənilmiş və məhkəmə iclasında 300 manat da ödəyəcəyini bildirmişdir. Həmçinin evin öz payına düşən hissəsini aliment borcunun ödənilməsi üçün tələbkara verməyə razı olduğunu bildirmişdir. Göründüyü kimi, Şəxs ödəniş etməsi, onun ödənişlər etməkdən imtina etməməsi qərəzli olaraq məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırmadığını göstərir. Qanunvericiliyin məqsədi hər bir halda borclu şəxsi cəzalandırmaq deyil, onun icra sənədi üzrə müəyyən edilmiş aliment borcunun vaxtında hər ay ödəməsini təmin etmək və bunun üçün borcluya zəruri şəarit yaratmaqdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar