Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1665/2024 17.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X7 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin Dövlət Yol Polis Şöbəsinin yol patrul xidməti inspektoru polis serjantı X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1981-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs (şəxsiyyət vəsiqəsinin seriyası: AZE ********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə inzibati xəta haqqında 09 iyul 2024-cü il tarixli İXP6390275 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Sumqayıt ŞPİ-nin Dövlət Yol Polis Şöbəsinin yol patrul xidməti inspektoru polis serjantı X6 məhkəmə iclasında bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 14:32 radələrində “Toyota Prius” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt şəhəri, Sülh küçəsi ərazisində idarə edərkən yol hərəkət qaydalarını pozduğu üçün saxlanılmış, daha sonra onun sürücülük hüququnun olmaması və narkotik vasitədən istifadə etməsi müəyyən edilmişdir. Protokolu müdafiə etdiyini və borclu Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, onun sürücülük hüququ yoxdur. Belə ki, sürücülük vəsiqəsi olsa da vəsiqəsinin müddəti keçmişdir. 09 iyul 2024-cü il tarixdə “Toyota Prius” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman yol hərəkət qaydalarını pozduğu üçün dövlət yol polisi əməkdaşları tərəfindən saxlanılmış, həmin vaxt ondan şübhələndikləri üçün müayinəyə cəlb etmişlər. Müayinə zamanı onun narkotik vasitə qəbul etməsi müəyyən edilmişdir. O, narkotik vasitəni cəmi bir dəfə saxlanılmamışdan bir qədər öncə qəbul etmişdir. Hazırda əməlindən peşmandır. Özünü təqsirli bilməsini və əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə vəziyyətini və maddi durumunu nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünü etiraf edici izahatı, həmçinin inzibati xəta haqqında protokol, sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə akt və digər iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 09 iyul 2024-cü il tarixli İXP6390275 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 14:32 radələrində “Toyota Pirus” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt şəhəri, Sülh küçəsi ərazisində idarə edərkən yol hərəkət qaydalarını pozduğu üçün saxlanılmış, daha sonra onun sürücülük hüququnun olmaması və narkotik vasitədən istifadə etməsi müəyyən edilmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 3545 saylı, 09 iyul 2024-cü il tarixli aktdan görünür ki, həmin tarixdə Şəxs götürülmüş nümunədə onun narkotik vasitə istifadə etməsi aşkar edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin arayışından görünür ki, Azərbaycan Respublikası DİN-nin BDYP-nin “X4” komputer məlumatına əsasən xx.xx.1981-ci il təvəllüdlü Şəxs barəsində nəqliyyat vasitələrini idarə etmə hüququnu təsdiq edən sürücülük vəsiqəsi mövcud deyildir. İş materiallarında olan Şəxs Sumqayıt ŞPİ-nin DYPŞ-də yazdığı izahatından görünür ki, o, marixuana qəbul etməsini etiraf edərək məsuliyyət daşımağa razı olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə birgə həmin Məcəllənin 329.1, 329.3 və 332.1-ci maddələri də qeyd edilmişdir. Lakin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 329.3 və 332.2-ci maddələri ilə olan inzibati xəta haqqında işlərə baxılması məhkəmənin səlahiyyətinə aid edilməmişdir, ona görə də məhkəmə indiki iş üzrə yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxmalıdır. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 795 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 329.1, 329.3 və 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 334-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə –səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya tənbeh edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilmədi. İnzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh həbs edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək işin hallarına görə, pozuntunu törədənin şəxsiyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq olunmalıdır. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli 17 iyul 2024-cü il tarixindən, saat 17:00-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №3(060)-1665/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1665/2024
17.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver