Məhkəmə qərarları › İş №3(060)-1667/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1667/2022

22.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1667/2022 22.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru - X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs və onun müdafiəçisi Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Vəkil, İcra sənədi üzrə tələbkar – Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1985-ci il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X8 tərəfindən 22 iyun 2022-ci il tarixdə vət.Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2077/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi borclu Şəxs tərəfindən üzrsüz səbəbdən icra edilməmişdir və nəticədə 1200 (bir min iki yüz) manat aliment borcu yaranmışdır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X8 məhkəmə iclasında çıxış edərək bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2077/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2022-ci il tarixdən etibarən xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat məbləğində alimentin tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət olunmuşdur. Lakin icra vərəqəsi borclu tərəfindən üzrsüz səbəblərdən icra edilməmişdir, icra sənədi üzrə tələbkar şikayətçi olduğundan vət.Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, onun Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 2077/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən barəsində inzibatə xəta haqqında protokol tərtib edilməzdən bir gün əvvəl, yəni 21 iyun 2022-ci il tarixində xəbəri olmuşdur. Onun izahatı da 22 iyun 2022-ci il tarixində alınmış və həmin gün də barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Onun məhkəmə qərarını icra etməməsinin səbəbi qətnamədən xəbərsiz olması olmuşdur. Həmçinin o hal-hazırda işləmir, bu səbəbdən də borcunu birdəfəlik ödəməsi mümkün deyildir. Odur ki barəsində olan inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin icra sənədinin qərəzli olaraq üzrsüz səbəbdən icra etməmək kimi bir niyyətinin olmadığını, buna görə də şəxsin əməlində inzibati xəta tərkibinin olmadığından iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2077/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2022-ci il tarixdən etibarən xx.xx.2013-cü il təvəllüdlü X3 və 0xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat məbləğində alimentin tutularaq ona verilməsi qət olunmuşdur. Lakin borclu aliment ödənişləri vaxtlı-vaxtında etməmiş, bu səbəbdən 1200 manat aliment borcu yaranmışdır. Borclunun aliment ödənişləri etməməsi onun maddi vəziyyətini çətinləşdirir. Odur ki, Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın izahatılarını, müdafiəçinin çıxışını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati xəta haqqında iş materiallarından da görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol 22 iyun 2022-ci il tarixdə tərtib olunmuşdur. Lakin borclunun məhkəmə sənədindən 21 iyun 2022-ci il tarixdə xəbəri olmuş və xx.xx.2022-ci il tarixli izahat ilə yanaşı onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin icra sənədi üzrə tələbkar da icra qurumuna 21 iyun 2022-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Bu da sonuncunun qərəzli olaraq icra sənədini icra etməmək kimi bir niyyətinin olması və onun əməlində inzibati xəta tərkibinin olduğuna dəlalət etmir. Beləliklə, məhkəmə araşdırması zamanı Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəbdən qərəzli olaraq icra etməməsi öz təsdiqini tapmadı. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Akif Həsənov Azərbaycana qarşı - 7268/10 saylı, 19.9.2019-cu il tarixli Qərarında göstərdiyi mövqe görə, ərizəçini hətta yerli inzibati və məhkəmə orqanları tərəfindən aparılan araşdırılmaya çağırılmasa və dinləmədə onun iştirakını təmin etməsə (həmçinin qərarın surətini ona təqdim etməsə) belə, bu hallar ərizəçini öz təşəbbüsü ilə elementar addımlar atmağa və müvafiq orqanlardan baxışının nəticəsi barədə məlumat əldə etməyə dair fərdi məsuliyyətdən azad etmir. Uzun müddət ərzində hər hansı araşdırmanın və ya sorğunun olmaması ərizəçini müvafiq nəticəyə gəlməyə və ərizəni Məhkəmə göndərməyə vadar etməli idi. Ərizəçi onun fəaliyyətsizliyinə və ya birbaşa Məhkəməyə müraciət etməyinin gecikməsinə bəraət qazandıran hər hansı məlumat təqdim etməlidir. Azərbayccan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Müdafiəçi Vəkil tərəfindən göstərilmiş 04 saat hüquqi yardıma görə cəmi 8 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar