Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-167/2024 29.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhər DYPŞ-nin YPX inspektoru, polis baş serjantı X1, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt ŞPİ-nin DYPŞdən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Sumqayıt ŞPİ-nin DYPŞ YPX inpektoru, polis baş serjantı X2 tərəfindən xx.xx.2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokolda göstərilmişdir ki, Şəxs Sumqayıt şəhəri, Sülh prospektində “yük avtomobillərinin hərəkəti qadağandır” yol nişanı tələbini pozduğu üçün saxlanılmış, yoxlama zamanı icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrini aşdığı və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə cari il ərzində təkrar törətdiyi məlum olmuşdur. Protokolu tərtib edən Sumqayıt şəhər DYPŞ-nin YPX inspektoru, polis baş serjantı X2 məhkəmə iclasında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 01:51 radələrində Sumqayıt Şəhəri, Sülh prospektində hərəkətdə olan “DONGFENG YÜK” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən saxlanılmış və tərəzidə çəkildikdən sonra sürücünün icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrini aşdığı müəyyən olunmuşdur. Həmin vaxt ona törətdiyi inzibati xətaya görə inzibati xəta haqqında protokol tərtib etmək istəyən zaman sürücünün cari il ərzində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edildiyindən onun barəsində sistemdə protokol tərtib etmək mümkün olmamışdır. Sonradan sürücüyə xəbər verilməklə Sumqayıt DYPŞ-də Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolu müdafiə etdiyini və barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 01:51 radələrində idarə etdiyi “DONGFENG YÜK” markalı, **- ED-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt Şəhəri, Sülh prospektində hərəkətdə olan zaman YPX əməkdaşları tərəfindən tərəfindən saxlanılmışdır. Tərəzidə çəkilən zaman yükün normadan artıq olması müəyyən olunsa da, YPX əməkdaşları ona inzibati xəta haqqında protokol tərtib etməyəcəklərini bildirmiş və o da avtomobili idarə edərək həmin yerdən uzaqlaşmışdır. Hal-hazırda baxılan inzibati xəta haqqında işdən məhkəmədən bildiriş gələndə xəbəri olmuşdur. Protokolun tərtib olunduğundan xəbəri olmadığını və həmin protokolla tanış olunmadığını bildirdi. İş materiallarında olan inzibati xəta haqqında AP seriyalı, ******* nömrəli, xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərardan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinərək 600 (altı yüz) manat inzibati cərimə olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tərəzi qəbzindən görünür ki, “DONGFENG YÜK” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilin çəkisi 38210 kiloqramdır. Azərbaycan Respublikası İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 353.5-ci maddəsinə görə bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılmaqla min iki yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 3 may 2019-cu il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, protokolda xüsusi əhəmiyyət kəsb etməyən səhvlər olduqda və işə baxılarkən onları tamamlamaq mümkün olduqda məhkəmə protokolu geri qaytarmamalıdır. Bu zaman məhkəmə protokolu və ya digər sənədləri tərtib etmiş orqandan, vəzifəli şəxsdən bunu düzəltməsini tələb edə bilər. Bu, İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərindən də irəli gəlir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericinin məsələyə belə yanaşması məhz “prosessual qənaət” prinsipinin qorunmasına, inzibati xəta haqqında işin əsassız olaraq uzanmamasına, işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırılmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. Məhkəmə proses iştirakçılarını dinləyib, protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, daxil olmuş material natamamdır, ona görə də protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhəri DYPŞ-nə geri qaytarılmalıdır. Beləliklə, iş materiallarından müəyyən olunmuşdur ki, Şəxs barəsində AP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərkən Azərbaycan Respublikası İXM-nin 102.2, 100.3 və 100.4-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, AP seriyalı ******* nömrəli, xx.xx.2023-cü nömrəli protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməmiş və bu barədə protokolda müvafiq qeyd aparılmamış, inzibati xəta haqqında protokolla tanış edilməmiş, protokolun surəti verilməmiş və protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs tərəfindən imzalanmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərinə əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair AP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli protokol tərtib edilərkən yol verilən və yuxarıda qeyd edilən nöqsanlar xüsusi əhəmiyyət kəsb edən və işə baxarkən tamamlanması mümkün olmayan səhvlər olduğundan protokol və ona əlavə edilmiş digər sənədlər Sumqayıt ŞPİ-nin DYPŞnə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş AP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt ŞPİ-nin DYPŞ-nə geri qaytarılsın. Sumqayıt ŞPİ-nin DYPŞ-nə qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilmiş nöqsanlar tam aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Bu Qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-167/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-167/2024
29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver