Məhkəmə qərarları › İş №3(060)-167/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-167/2025

28.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-167/2025 28.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı hüquqi ünvanı Sumqayıt şəhəri, Corat ŞTQ, məhəllə 71, ev 3 ünvanında olan hüquqi şəxs Şəxs ASC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 09 yanvar 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ASC-nin nümayəndəsi X2 protokola etiraz edərək izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs ASC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə əlaqədar protokol tərtib edilmişdir. Həmin protokolda qeyd olunmuşdur ki, Şəxs ASC tərəfindən 50025,00 Avro məbləğində vəsait 26 dekabr 2022-ci il tarixində xaricə köçürülmüş, lakin 2 il müddət keçməsinə baxmayaraq həmin vəsait hesabından 12014,00 Avro məbləğində vəsait hesabına alman malları ölkəyə idxal etməmiş, həmin vəsait geri qaytarılmamışdır. Şəxs ASC xaricdən mal alanda, aldığı malın məbləğini "xxxx" ASC və "xxxx" ASC vasitəsilə həyata keçirir. Şəxs ASC-nin köçürdüyü məbləğ üzrə mallar ölkəyə idxal olunmuşdur. Bu barədə hər iki bank Şəxs ASC-yə arayış təqdim etmişdir. Həmçinin "xxxx" ASC-nin xx.xx.2025-c il tarixli məktubuna əsasən Şəxs ASC tərəfindən 26 dekabr 2022-ci il tarixdə xaricə köçürmüş 50.025,00 Avro məbləğin qarşılığında təqdim edilmiş gömrük bəyannaməsi tarix uyğunsuzluğu səbəbindən portalda qeydiyyata alınmamışdır. Göründüyü kimi mallar faktiki olaraq ölkəyə idxal edilmişdir, sadəcə müəyyən texniki səbəblərdən malların idxalını təsdiqləyən gömrük bəyannaməsi portalda qeydiyyata alınmamış və buna görə hazırki protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs ASC barəsində tərtib edilmiş inzibati xətaya dair iş üzrə icraata xitam verilməsi xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; - inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs ASC tərəfindən 50.025,00 Avro məbləğində vəsait 26 dekabr 2022-ci il tarixdə xaricə “QİS YAPİ KİMYASALLARİ A.S.” şirkətinin hesabına köçürülmüş, 02 il müddət keçsə də, 12014,00 Avro məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş, valyuta vəsaitini geri qaytarılmamışdır. Xəta 27 dekabr 2023-cü il tarixdə hüquqi şəxsin ünvanında, yəni ünvan 2ress bank” ASC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Şəxs ASC tərəfindən “QİS YAPİ KİMYASALLARİ A.S.” şirkətinə xx.xx.2022-ci il tarixində köçürülmüş 50.025 Avro məbləğinin qarşılığında **********2065 saylı gömrük bəyannaməsi təqdim dilmişdir. Təqdim edilən GB tarix uyğunsuzluğu səbəbindən portalda qeydiyyata alınmamışdır. - **********2065 saylı gömrük bəyannaməsindən görünür ki, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə uyğun olaraq “QİS YAPİ KİMYASALLARİ A.S.” şirkəti tərəfindən Şəxs ASC-nin ünvanına invoys dəyəri 59.904 ABŞ dolları olan mallar göndərilmişdir. Beləliklə müəyyən edilmişdir ki, Şəxs ASC tərəfindən 26 dekabr 2022-ci il tarixdə xaricə “QİS YAPİ KİMYASALLARİ A.S.” şirkətinin hesabına köçürülmüş vəsaitlərə görə alınan mallar **********2065 saylı gömrük bəyannaməsinə əsasən ölkəyə idxal edilmişdir. Lakin, həmin gömrük bəyannaməsi tarix uyğunsuzluğu səbəbindən bank portalında qeydiyyata alınmamışdır. Göründüyü kimi Şəxs ASC tərəfindən xaricə köçürülmüş valyuta vəsaitinin qarşılığında mallar faktiki olaraq ölkəyə idxal edilmiş, yalnız idxalı təsdiq edən gömrük bəyannaməsinin tarix uyğunsuzluğuna görə həmin gömrük bəyannaməsi bank portalında qeydiyyata alınmamış və buna görə də Şəxs ASC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən səbəbdən də məhkəmə hesab edir ki, hazırki iş üzrə inzibati xəta hadisəsi mövcud deyil. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 №li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə xx.xx.2020-ci ildə dəyişiklik edilmiş və həmin dəyişiklik xx.xx.2020-ci ildən qüvvəyə minmişdir. Həmin Qaydaların 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Qeyd edilən səbəbdən də məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından Şəxs ASC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 53.1.1, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs ASC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar