Məhkəmə qərarları › İş №3(060)-168/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-168/2023

16.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-168/2023 16.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Protokol tərtib etmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin nümayəndəsi, polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə PPX tərəfindən polisin qanuni tələblərinə əməl etməmək səbəbindən 4-cü PB-nə gətirilən zaman bölmədə nalayiq küçə söyüşləri söyərək polisin qanuni tələblərinə tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol vermişdir. Məhkəmədə protokol tərtib etmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin nümayəndəsi, polis sahə rəisi X2 bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə PPX tərəfindən polisin qanuni tələblərinə əməl etməmək səbəbindən 4-cü PB-nə gətirilən zaman bölmədə nalayiq küçə söyüşləri söyərək polisin qanuni tələblərinə tabe olmamışdır. O içkili olmuşdur, əlində qandal olduğu üçün növbətçi ilə mübahisə etmişdir. Müvəqqəti saxlama yerinə aparmaq istədikdə girməyərək mübahisə etmişdir. Onun əməlində Azərbaycan Respublikası İXMnin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Buna görə də barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2023-cü il tarixdə tanışı Pərvizlə Sumqayıt şəhərində olan restoranda yeyib içdikdən sonra DYPŞ-nin qarşısında olan zaman Pərvizlə aralarında mübahisə yaranmışdır. O Pərvizi nalayiq ifadə ilə təhqir etmişdir. Bu zaman PPXT-nin əməkdaşları onlara yaxınlaşaraq onları nizam-intizama dəvət etmişlər. Onları Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü PB-nə gətirmişlər. Keçmiş polis işçisidir, yaxında işə yenidən bərpa olunacaq. Etdiyi əməldən səmimi peşmadır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan İnzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 01:20-də tutulmuş, xx.xx.2023cü il tarixdə saat 15:00-da azad olunmuşdur. İş materiallarında olan Sərxoşluq hallarının tibbi yoxlamasının A/85 saylı, xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Məhkəmə iclasında işə əlavə edilmiş diskdəki videogörüntülərə baxış keçirildi. Həmin görüntülərdə Şəxs əllərinin qandallandığı və bu vəziyyətdə görüntüyə düşməyən kiminləsə mübahisə etdiyi görünür. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs, protokol tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs qəsdi ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaq olmamışdır. Təqdim edilmiş materiallardakı məlumatlar Şəxs ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamasına əmin olmağa əsas vermir. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şəxs barəsində tərtib edilmiş protokolda və materiallarda göstərilən, onun polisin qanuni göstərişinə məhəl qoymayaraq tabeçilik göstərməməsinin nədən ibarət olması, həqiqətən bu hərəkətlərə yol verilməsi inandırıcı və mötəbər sübutlarla təsdiq edilmir. Məhkəməyə də belə sübutlar təqdim edilməmişdir. Bu o deməkdir ki, Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur, onun barəsində əsassız yerə protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fikrət Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar