Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1684/2024 31.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Qərarından şikayət verilən Sumqayıt ŞPİ-nin DYPŞ-nin inspektoru polis serjantı X1, Qərardan şikayət verən şəxs X2 iştirakı ilə , Sumqayıt ŞPİ-nin DYPŞ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt ŞPİ-nin DYPŞ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarı ilə X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 80 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan Fərid Mütəllimov şikayətlə məhkəməyə müraciət edərək tərtib olunan inzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, o, barəsində qəbul edilmiş qərarla razı deyil. Belə ki, o, mülkiyyətində olan **-CD-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C300” minik markalı nəqliyyat vasitəsi ilə Koroğlu küçəsində hərəkətdə olan zaman asfaltın üzərində qırıq-qırıq xətt olan yerdən sola dönmə əməlini həyata keçirmişdir. Yol patrul xidməti inspekoru ona yaxınlaşaraq bu qırıq-qırıq xəttin artıq bütöv kimi qəbul edildiyini bildirmişdir. Halbuki qırıq-qırıq xətti bütöv etmək üçün üzərindən çəkilmiş boya pozulub və asfaltın üzərində yalnız qırıq-qırıq xətt görsənmişdir. O, bu barədə polis əməkdaşına bildirdikdə sonuncu ona bu məsələ ilə “Siqnal” idarəsinin məşğul olduğunu bildirərək məsuliyyəti də sözügedən idarənin daşıdığını bildirmişdir. Onu da qeyd edir ki, həmin ərazidə dönmə əməliyyatını qadağan olması barədə heç bir yol hərəkət nişanı mövcud olmamışdır. Bildirir ki, yol hərəkət nişanları və o cümlədən üfüqi nişanlama xətlərində olan pozuntularla bağlı sürücü məsuliyyət daşımır. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X4 şikayəti müdafiə edərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, hər hansı qayda pozmamışdır, bir övladı var, o, da autizim xəstəsidir, İİ qrup əlildir, maddi imkanı cəriməni ödəməyə yol vermədiyi üçün şikayət vermişdir. Məhkəmə iclasında Sumqayıt ŞPİ-nin DYPŞ-nin inspektoru polis serjantı X3 bildirdi ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, Koroğlu küçəsində xidmətdə olan zaman boz rəngli, **-CD-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C300” minik markalı nəqliyyat vasitəsinin sürücüsünün 1.1 üfüqi nişanlanma xəttinin tələblərini pozduğunu müşahidə etmiş, sürücüyə yaxınlaşaraq özünü təqdim etmiş, qayda pozuntusu törətdiyini bildirmiş, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. X5 övladının xəstə olmasının nəzərə alınmasını xahiş edir. Məhkəmədə 01 ədəd DVD disk tədqiq edildikdən sonra inspektor Yaqub Rufullayev verilən suallara cavab olaraq bildirmişdir ki, həqiqətən də **-CD-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C300” minik markalı nəqliyyat vasitəsinin sola dönmə əməliyyatını həyata keçirdiyi asfaltın üzərində qırıq-qırıq-yəni 1.5 üfüqi nişanlanma xəttinin olması müşahidə edilir. Bildirir ki, yollarda asfalt örtük üzərinə müvafiq üfüqi nişanlama xətlərinin çəkilməsi BDYPİ-nin deyil məhz Siqnal İdarəsinin vəzifəsidir. Həmin xətlərin bərpa edilməsi barədə təşəbbüs göstərilməsi və ya təklif göndərilməsi bir inspektor kimi onun səlahiyyətinə aid olmasa da, yuxarı vəzifəli şəxsin İcra Hakimiyyətinə bildirməsi və onların da göstərişi ilə Siqnal İdarəsi tərəfindən həyata keçirilməsi mümkündür. İndiki halda videogörüntüdən də yolun həmin hissəsində sanki 1.5 üfüqi nişanlama xətinin çəkildiyi görünür. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, Hadisənin baş vermə mexanizmini özündə əks etdirən 01 ədəd DVD diskə məhkəmə iclasında baxış keçirilən zaman boz rəngli, **-CD-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C300” markalı minik avtomaşının sola dönmə əməliyyatını həyata keçirdiyi asfalt örtüyünün üzərində 1.5 üfüqi nişanlanma xəttinin olması müşahidə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında göstərilmişdir ki, “İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibatidelikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir.” Həmin Qərarda həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “İnzibati xəta haqqında protokola baxaraq iş üzrə qərar qəbul edən məhkəmə bu protokolu İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq qiymətləndirir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakimin və ya səlahiyyətli şəxsin həll etməli olduğu məsələlərin dairəsini müəyyən edən 106.0.3-cü maddəsinə müvafiq olaraq, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini yoxlayır. Burada vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir.” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə -səksən (son dəyişiklikdərdən sonra 100) manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, Fərid Mütəllimov tərəfindən 1.1 üfüqi nişanlanma xəttinin tələbinə riayət edilmədən sola dönmə əməliyyatı həyata keçirildiyi halda onun qanunun həmin maddəsi ilə məsuliyyəti yarana bilərdi. Məhz bu tövsifedici əlamətlərin mövcudluğu onun məsuliyyətə cəlb olunması və tənbeh edilməsi əsası kimi çıxış etməli idi. Məhkəmə hesab edir ki, səlahiyyətli orqan tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən və araşdırma aparılarkən araşdırma aparılmasının və inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə əməl edilməmiş, İXM-nin tələbləri pozulmuşdur. Belə ki, “X8” Azərbaycan Respublikası Qanunun 69-cu maddəsinin Vİ hissəsinə görə Üfüqi nişanlanma xətlərindən biri olan 1.1-əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir. Həmin Maddənin Vİ hissəsinə görə Üfüqi nişanlanma xətlərindən biri olan 1.5-iki və ya üç zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayırır, bir istiqamətdə hərəkət üçün iki və daha çox zolaq olduqda, hərəkət zolaqlarının sərhədlərini göstərir. Məhkəmə istintaqı zamanı tədqiq edilən hadisənin baş vermə mexanizmini özündə əks etdirən 01 ədəd DVD diskə baxış zamanı boz rəngli, **-CD-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C300” markalı minik avtomobilin sola dönmə əməliyyatını həyata keçirdiyi asfalt örtüyünün üzərində 1.1 deyil, məhz 1.5 üfüqi nişanlanma xəttinin olması müşahidə olunmuşdur. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Sumqayıt ŞPİ-nin DYPŞ-nin inspektoru polis serjantı Yaqub Rufullayev yolun həmin hissəsinin üzərinə çəkilmiş üfüqi nişanlanma xəttinin korlandığını, sürücü ilə yol patrul xidməti inspektoru arasında fikir ayrılığı yarada biləcək vəziyyətə gəldiyini bir daha təsdiq etmişdir. Məhkəmə hesab edir ki, hadisənin baş verdiyi yerdə asfalt örtüyün üzərinə çəkilmiş üfüqi nişanlama xəttinin korlanması, pozulması, silinməsi və ya anlaşılmaz vəziyyətə düşməsi X5 inzibati məsuliyyətə cəlb edilməsi üçün əsas ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, Fərid Mütəllimovun əməlində inzibati xəta tərkibi olmadığı halda barəsində İXM-nin 327.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi qanuni deyildir. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Yuxarıda qeyd edilən bütün hallar və qeyd edilən normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməli, Fərid Mütəllimov barəsində Sumqayıt ŞPİ-nin DYPŞ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarı ləğv edilməli və İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və İXM-nin 53.2, 134.1.3, 135.1.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 şikayəti təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə cərimə olunmasına dair Sumqayıt ŞPİ-nin DYPŞ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Hadisənin baş vermə mexanizmini özündə əks etdirən 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1684/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1684/2024
31.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver