Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1686/2021 20.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış fiziki şəxs X1 iştirakı ilə Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi tərəfindən tərtib olunmuş 27.04.2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X1 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X2 şikayətlə Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi tərəfindən tərtib olunmuş 27.04.2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X2 şikayəti onunla əsaslandırdı ki, 27 aprel 2021-ci il tarixdə Nərimanov rayonu, Şəmsi Rəhimov 37 ünvanından, çalışdığı “xxxx”MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Oktay Kərimov 5 ünvanında yerləşən binasına gedərkən, ətafında heç kim olmadığı üçün, xəstəlikdən qorunmaq məqsədi ilə istifadə etdiyi tibbi maska onun burun nahiyyəsindən aşağı olduğundan polis əməkdaşı tərəfindən tibbi maskadan düzgün istifadə etmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən bildirilmişdir ki, insanların sıx toplaşdığı yerlərdə. bankomat önündə, növbə sıralarında açıq havada maskanı çıxarıb siqaret çəkmək, su içmək, qida qəbul etmək olmaz, "amma parklarda, insanların sıx toplaşmadığı yerlərdə siqaret çəkmək, su içmək, qida qəbul elmək qadağan deyil, hətta tək olduğunuz halda maskadan istifadə etməməkdə olar. Polis əməkdaşı nəqliyyat vasitəsinin daxilində onun xəbərim olmadan gizlin şəklini çəkmiş və daha sonra ona yaxınlaşaraq şəklini göstərib cərimə yazacağı ilə hədə-qorxu gəlmişdir. Polis əməkdaşı tərəfindən çəkilən şəkilə də nəzər yetirilsə onun orada tək olduğum açıq-aşkar görünür. O, həmin tarixdə qanuna zidd heç bir hərəkət etmədiyini bildirərək Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi tərəfindən tərtib olunmuş 27.04.2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə, məhkəmə iclasının Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşma çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları alınmalıdır. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 1 mart 2016-cı il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında protokol tərtib olunarkən Azərbaycan Respublikasının İXM-nin 100.1.7-ci, 100.2-ci və 100.4-cü maddələrinin tələbləri pozularaq onun izahatı alınmamış, hüquq və vəzifələri izah edilməmiş, protokolla tanış olunmamış və protokol onun tərəfindən imzalanmamışdır. Eyni zamanda inzibati xəta hadisəsini törətməsi barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilmədiyindən barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X1 şikayəti təmin olunmalı, Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi tərəfindən tərtib olunmuş 27.04.2021-ci il tarixli, EPQ 1030162saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsi ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X2 barəsində Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi tərəfindən tərtib olunmuş 27.04.2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar İXM-nin 134.1.3-cü və 53.1.2-ci maddələrinə əsasən ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə verilə bilər. Hakim Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №3(060)-1686/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1686/2021
20.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver