Məhkəmə qərarları › İş №3(060)-1686/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1686/2024

12.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1686/2024 12.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, şikayətçi X1, Qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X4 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X4 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X4 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvtlər Nazirliyinin 4 X4 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli və MN seriyalı ******* nömrəli qərarı əsasında Azərbaycan Respublikası İXM-in 266.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinib 4000 (dörd min) manat cərimə olunması qərara alınmışdır. Həmin qərar əsassız, qanuna zidd və qeyri-obyektivdir. Belə ki, icarə müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən ət məhsullarının istehsalı və satışı üzrə əmlak kompleksi icarəsindədir. Həmin kompelksin istifadəsindən yaranan tullantı məhsullarının daşınması üçün Sumqayıt şəhər İcra Hakimiyyətinin Təmizlik Departamenti ilə müqaviləsi olmuş və həmin müqavilə üzrə xidmətlərini vaxtlı vaxtında yerinə yetirmişlər. 4 X4 və Təbii Sərvətlər İdarəsi tərəfindən qərar qəbul edilərkən sadəcə foto şəkillərdən istifadə edilmiş, tullantıların ətrafda hansı mənfi təsirlərə məruz qoyduğunu müəyyən edən hər hansı cihaz və ya aparatdan istifadə edilmədən qərar qəbul edilmişdir. Bu səbəbdən də qərarı qanunsuz hesab edir. Gösərilənlərə əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvtlər Nazirliyinin 4 X4 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli və MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayət ərizəsinin mahiyyətinə uyğun çıxış edərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X4 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 şikayətlə razılaşmayaraq bildirmişdir ki, 10 iyun 2024-cü ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə məlumat daxil olmuşdur ki, Sumqayıt şəhəri Mal Bazarı deyilən ərazidə antisanitar vəziyyət və iy-qoxu sakinləri narahat edir. Bununla bağlı həmin bazarı icarə əsasında işlədən X1 iştirakı ilə 12 iyun 2024-cü ildə əraziyə baxış keçirilmişdir. Baxış zamanı müxtəlif tərkibli tullantıların ərazidə nizamsız şəkildə qalaqlanması və ətrafa yayılması müəyyən edilmişdir. Həmçinin ərazidə tullantıların daşınması üçün bir ədəd konteyner aşkar edilmişdir. Lakin, ətafda olan tullantılar konteynerdən kənarda və nizamsız şəkildə olmuşdur. Qeyd edilən tullantıların foto şəkilləri çəkilmiş və müvafiq akt tərtib edilmişdir. Bununla bağlı müvafiq inzibati araşdırma aparılmış, inzibati araşdırma zamanı 21 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında hazırda mübahisələndirilən 03 iyul 2024-cü il tarixli inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilmişdir. X3 inzibati araşdırmaya dəvət edilsə də, o tərtib edilmiş sənədləri imzalamaqdan imtina etmişdir. Hazırda şikayətin dəlili kimi ərazidə olan tullantıların daşınması üçün Sumqayıt şəhər İcra Hakimiyyətinin Təmizlik Departamenti ilə müqavilə olmasına istinad edilir. Şikayətçinin bu dəlili qərarın ləğvi üçün əsas ola bilməz. Belə ki, ərazidə faktiki olaraq tullantılar varsa inzibati xəta törədilmişdir. Şikayətçinin hər hansı üçüncü tərəflə qeyd edilən müqaviləsinin olması onun inzibati məsuliyyətini istisna etmir. O, müqavilə üzrə tərəf kimi digər tərəfdən müqavilə öhdəliklərinin icrasını tələb edə bilərdi. Həmin müqavilənin şərtlərinin yerinə yetirilməməsi müqavilə tərəflərindən asılı olan haldır və bu hal xəta törətmiş şəxsin məsuliyyətdən azad edilməsi üçün əsas deyil. Göstərilən halları nəzərə alaraq şikayətin təmin edilməməsini və qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X4 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı tətbiq edilmiş tənbehin məbləğinə mübasibətdə dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X4 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 Azərbaycan Respublikası İXM-in 266.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsində təqsirli bilinərək vəzifəli şəxs kimi 4.000 (dörd min) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 23774 nömrəli məktubundan görünür ki, Naziliyin qaynar xəttinə 10 iyun 2024cü ildə vətəndaş Qüdrət Bayramov tərəfindən daxil olmuş müraciətdə Sumqayıt şəhəri Mal Bazarı deyinən ərazinin antisanitar vəziyyətdə olması, həmçinin iy-qoxunun narahat etməsi göstərilmişdir. İş materiallarına əlavə edilmiş foto şəkillərdən görünür ki, ərazidə bir ədəd konteyner mövcuddur və ətafda konteynerdən kənarda çoxsaylı tullantılar nizamsız toplanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X4 və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 12 iyun 2024-cü il tarixli aktdan görünür ki, həmin tarixdə Sumqayıt şəhərində Mal Bazarı deyilən əraziyə X1 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müxtəlif tərkibli tullantıların ərazidə nizamsız şəkildə qalaqlanması və ətrafa yayılması müəyyən edilmişdir. Həmçinin ərazidə tullantıların daşınması üçün bir ədəd konteyner aşkar edilmişdir. Lakin, ətafda olan tullantılar konteynerdən kənarda və nizamsız şəkildə olmuşdur. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, X1 adına VÖEN var (**********) və sonuncu həmin VÖEN əsasında heyvandarlıq sahəsində xidmətlərin göstərilməsi ilə məşğul olur. İş materiallarında olan "xxxx" Firması ilə X3 arasında olan xx.xx.2024-cü il tarixli müqavilənin dəyişdirilməsinə dair notarial müqavilənin surətindən görünür ki, tərəflər Sumqayıt şəhəri, Çerkassi küçəsində 46-cı məhəllədə 1,63 ha torpaq sahəsində yerləşən əmlak kompleksində (ət məhsullarının istehaslı və satışı) dair rəsmiləşdirilmiş icrarə müqaviləsinin 3-cü bəndində xx.xx.2024-cü il tarixədək sözlərinin xx.xx.2027-ci il tarixdək sözləri ilə əvəz olunması barədə razılığa gəlmişlər. İş materiallarında olan "xxxx" Firması ilə Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi "xxxx" MMC arasında bağlanmış 01 mart 2024-cü il tarixli müqavilənin surətindən görünür ki, sifariuşçinin müəyyən edilmiş ünvanında yığılmış bərk məişət tullantılarının xüsusi təyinatlı nəqliyyat vasitələri ilə daşınması üçün tərəflərlər arasında razılaşma əldə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Sumqayıt şəhəri, Çerkassi küçəsi, 46-cı məhəllədə 1,63 ha torpaq sahəsində yerləşən əmlak kompleksi (Sumqayıt şəhəri Mal bazarı deyilən ərazi) icarə əsasında X1 istifadəsində və sahibliyindədir. X3 qeyd edilən ünvanda (VÖEN: **********) heyvandarlıq sahəsində xidmətlər göstərir. Həmin ərazinin antisanitar vəziyyəti, iy-qoxunun gəlməsi barədə vətəndaşların Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə müraciəti daxil olmuş və bununla bağlı 12 iyun 2024cü il tarixdə X1 iştirakı ilə 4 X4 və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilmişdir. Baxış zamanı müxtəlif tərkibli tullantıların ərazidə nizamsız şəkildə qalaqlanması və ətrafa yayılması, ərazidə tullantıların daşınması üçün bir ədəd konteynerin olması və ətafda olan tullantıların konteynerdən kənarda və nizamsız şəkildə olması müəyyən edilmişdir. Qeyd edilən tullantıların foto şəkilləri çəkilmiş və müvafiq akt tərtib edilmişdir. Daha sonra 4 X4 və Təbii Sərvətlər İdarəsində müvafiq inzibati araşdırma aparılmış, inzibati araşdırma zamanı 21 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında qəbul edilmiş 4 X4 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ilə X3 Azərbaycan Respublikası İXM-in 266.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsində təqsirli bilinərək vəzifəli şəxs kimi 4.000 (dörd min) manat məbləğində inzibati cərimə edilmişdir. Hazırda şikayətin dəlili kimi ərazidə olan tullantıların daşınması üçün "xxxx" MMC ilə müqavilənin olmasına istinad edilir. Məhkəmə hesab edir ki, şikayətçinin qeyd edilən dəlili qəbul edilmiş inzibati tənbeh tətbiq etmə barədə qərarın ləğvi üçün əsas ola bilməz. Belə ki, qeyd edilən müqavilənin olması əraziyə sahibliyi həyata keçirən şəxs tərəfindən həmin ərazinin çirkləndirilməsi və antisanitar vəziyyətdə saxlanılmasına əsas vermir. Həmin müqavilə yalnız müqavilə tərəfləri arasında olan məsələləri tənzimləyir və hazırki halda şəxsin inzibati məsuliyyədən azad edilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X4 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X1 Azərbaycan Respublikası İXM-in 266.1-ci maddəsi ilə təqsirli bilinməsi qanuni və əsaslı olmuşdur. Lakin, qeyd edilən qərar ilə X1 barəsində tətbiq edilən inzibati cərimənin həddi müəyyən edilərkən İXM-in 31-34-cü maddələrinin tələblərinə tələblərinə əməl edilməmişdir. Belə ki, X1 təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-in 266.1-ci maddəsinin sanksiyasında vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə inzibati cərimə nəzərdə tutulmuşdur. X3 barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş ən yüksək məbləğdə inzibati cərimə tətbiq edilmişdir. İş üzrə müəyyən edilmişdir ki, X3 əvvəllər analoji hallarla bağlı inzibati məsuliyyətə cəlb edilməmiş və onun barəsində Azərbaycan Respublikası İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hər hansı hal olmamışdır. Qeyd edilən səbəbdən də məhkəmə hesab edir ki, tətbiq edilmiş inzibati cərimənin həddi müəyyən edilərkən İXM-in 31.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi halları və barəsində tənbeh tətbiq edilmiş şəxs X1 şəxsiyyətini xarakterizə edən hallar nəzərə alınmamışdır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 47-ci maddəsinin 1-ci bəndinə əsasən tullantıların toplanması, məhv edilməsi və basdırılması müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının razılığı ilə müəyyən edilən yerlərdə aparılır. “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 3cü abzasına əsasən şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicəsağlamlıq , turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, habelə içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində, eyni zamanda faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə və yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılması qadağandır. Həmin Qanunun 12-ci maddəsinin 1-cü abzasına əsasən zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması qadağandır. Həmin Qanunun 12-ci maddəsinin 3-cü abzasına əsasən şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisi müntəzəm olaraq məişət tullantılarından təmizlənməlidir. Azərbaycan Respublikası İXM-in 266.1-ci maddəsinə əsasən şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, yaxud içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində və ya faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə, yaxud yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılmasına görə - fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X4 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı tətbiq edilmiş tənbehin məbləğinə mübasibətdə dəyişdirilməli, şikayət qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X4 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilərək həmin qərarla X1 barəsində tətbiq edilmiş 4000 (dörd min) manat məbləğində inzibati cərimə azaldılaraq 3000 (üç min) manat məbləğində müəyyən edilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar