Məhkəmə qərarları › İş №3(060)-1687/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1687/2021

22.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1687/2021 22.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış fiziki şəxs X4 müdafiəçisi və etibarnamə üzrə nümayəndəsi “Fides” Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 14.04.2021-ci il tarixli, 11000/0520 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək icraata xitam verilməsi barədə X4 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X7 şikayətlə Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 14.04.2021-ci il tarixli, DGK-A №111820 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış fiziki şəxs X4 müdafiəçisi və etibarnamə üzrə nümayəndəsi X3 təkrar verdiyi şikayət ərizəsindən görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 14.04.2021-ci il tarixli, 11000/0520 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X4 müdafiəçisi və etibarnamə üzrə nümayəndəsi X6 şikayəti onunla əsaslandırdı ki, Azərbaycan Respublikası Dövlət Gömrük. Xidmətinin Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən 14 aprel 2021-ci il tarixli 11000/0520 saylı inzibati xəta barədə qərara qəbul etmişdir. Həmin qərar qanunsuz və əsassızdır. Qərar ona görə qanunsuz və əsassızdır ki, inzibati xəta barədə qərar qəbul edən inzibati orqan araşdırma aparmamış, sübutları düzgün qiymətləndirməmiş və düzgün tədqiq etməmişdir. Belə ki, inzibati xəta barədə qərar qəbul edilməmişdən əvvəl Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin Qərb Ərazi Baş Gömrük İdarəsi X5 08 aprel 2021-ci il tarixli 1600-013/003-26/001712 saylı məktub göndərmişdir. 14 aprel 2021-ci il tarixli 11000/0520 saylı protokol üzrə inzibati xəta haqqında işə baxılmasının 13 aprel 2021-ci il tarixə saat 17:00-a təyin edilməsi barədə X1 ünvanına 15 aprel 2021-ci il tarixdə rəsmi qaydada çatdırılmışdır. X1 ünvanına gec çatdırıldığından fiziki şəxsin inzibati xəta üzrə icraatda iştirak etməyi mümkün olmamışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən X7 barəsində İXM-nin 483-cü maddəsi ilə inzibati xəta barədə qərar qəbul edilmişdir. İnzibati xəta barədə qərarda qərarı qəbul etmək səlahiyyəti olan şəxsin imzası möhürlə təsdiq edilməmişdir. Beləki, inzibati xəta barədə qərarın nümunəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 466 saylı, 18 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmişdir. Nazirlər Kabinetinin həmin qərarı ilə inzibati barədə qərarın forması təsdiq edilmiş, qərara möhür əlavə edilməsi qeyd olunmuşdur. Mübahisələndirilən inzibati xəta barədə 11000/0520 saylı, 14 aprel 2021-ci il qərar 20 aprel 2021-ci il tarixdə rəsmi qaydada X4 ünvanına rəsmi qaydada daxil olmuşdur. İnzibati orqan tərəfindən protokol üzrə inzibati xətaya dair işə baxılması üçün göndərilmiş bildiriş X5 gec göndərildiyindən qərarın həmin gün qəbul edilməsi qərəzlidir, qanunsuzdur və qanunvericiliyin tələblərinə ziddir. Mübahisələndirilən inzibati xəta barədə qərarın qəbul edilməsinə əsas - xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması hallarından ibarətdir. İnzibati orqan tərəfindən qəbul edilmiş protokol əsasında bildirişlər vaxtında tərtib edilərək göndərilsə idi, inzibati xəta barədə icraatda fiziki şəxsin nümayəndəsinin, vəkilinin iştirakı təmin edilə bilərdi. İnzibati orqan bu hallara səthi yanaşmış və qanunvericiliyin tələblərini pozaraq arxa tarixlə məktub yazaraq əslində məktubu gec göndərmiş, bunun nəticəsində qərəzli qərar qəbul etmişdir. X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Hazırkı inzibati xəta barədə işə baxılarkən işin halları inzibati orqan tərəfindən kifayət qədər araşdırılmamışdır. Belə ki, protokolda göstərilən 131.557,5 ABŞ dolları qanunvericilikdə nəzərdə tutulmuş müddətdə geri qaytarılması barədə Kapital X2 adına olan hesaba ödənilməsi barədə ödəniş kartı üzrə çıxarış iş materiallarına əlavə edilmişdir. Həmin çıxarışa əsasən 31.01.2020-ci il tarixdən 21.12.2020-ci il tarixə qədər 314.917,87 (üç yüz on dörd min doqquz yüz on yeddi manat səksən yeddi qəpik) manat məbləğində pul X4 adına olan hesaba mədaxil edilmişdir. Bununla da, Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 14.04.2021-ci il tarixli, 11000/0520 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə, məhkəmə iclasının Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 14 aprel 2021-ci il tarixli, 11000/0520 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə təqsirli bilinərək 10000 (on min) manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan Kapital Bankın ödəniş kartı üzrə çıxarışa əsasən 31.01.2020-ci il tarixdən 21.12.2020-ci il tarixə qədər 314.917,87 (üç yüz on dörd min doqquz yüz on yeddi manat səksən yeddi qəpik) manat məbləğində pul X4 adına olan hesaba mədaxil edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinə əsasən Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşma çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları alınmalıdır. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi və etibarnamə üzrə nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından görünür ki, inzibati xəta haqqında protokol tərtib olunarkən Azərbaycan Respublikasının İXM-nin 100.1.7-ci, 100.2-ci və 100.4-cü maddələrinin tələbləri pozulmuşdur. Eyni zamanda protokolda göstərilən 131.557,5 ABŞ dolları qanunvericilikdə nəzərdə tutulmuş müddətdə geri qaytarılması barədə Kapital X2 adına olan hesaba ödənilməsi barədə ödəniş kartı üzrə çıxarış iş materiallarına əlavə edilmşdir. Həmin çıxarışa əsasən 31.01.2020-ci il tarixdən 21.12.2020-ci il tarixə qədər 314.917,87 (üç yüz on dörd min doqquz yüz on yeddi manat səksən yeddi qəpik) manat məbləğində pul X4 adına olan hesaba mədaxil edilmiş, lakin bu xüsusatlar Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən araşdırılmamışdır. Bununla da, inzibati xəta haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasna görə barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X4 şikayəti qismən təmin olunmalı, Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 14.04.2021ci il tarixli, 11000/0520 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında işin yenidən baxılmaq üçün Azərbaycan Respublikasının İXM-nin 134.1.4cü maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin Qərb Ərazi Baş Gömrük İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X7 barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 14.04.2021-ci il tarixli, 11000/0520 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında işin yenidən baxılmaq üçün qərarın ləğv edilərək işin aidiyyəti üzrə baxılmaq üçün Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin Qərb Ərazi Baş Gömrük İdarəsinə göndərilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə verilə bilər. Hakim Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar