Məhkəmə qərarları › İş №3(060)-1687/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1687/2023

25.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1687/2023 25.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Protokol tərtib etmiş şəxsin nümayəndəsi – 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMCnin nümayəndəsi Nümayəndə iştirakı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən "xxxx" MMC barəsində 05 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, xx.xx.2023-cü il tarixdə ETSN-nin XKEMİ mütəxəssisləri tərəfindən ünvan 2-yə məxsus sabun istehsalı sahəsində aparılan monitorinq ölçmə zamanı atmosfer havasına atılan zərərli maddələrin miqdarı yol verilə bilən normativdən artıq olmuşdur. Buna görə də İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxsin nümayəndəsi X2 bildirdi ki, Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsi ünvanında yaxınlıqdan kəskin iy gəlməsi ilə bağlı vətəndaş şikayəti daxil olmuş, həmin şikayət əsasında monitorinq aparılmış və ölçülərin yüksək olması məlum olmuşdur. Bu barədə xx.xx.2023-cü il tarixdə akt tərtib olunmuş və hüquqi şəxsin nümayəndəsi də aktın tərtib olunmasında iştirak etmiş, lakin akta imza etməkdən imtina etmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, müəssisədə sabun hazırlanır və kustar üsulla hazırlanmış qazanda piy əritmə prosesi gedir. Həmin qazandan iy birbaşa çölə çıxır. Buna görə də "xxxx" MMC barəsində protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən qanuna uyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə bildirdi ki, onların müəssisəsi istehsal etməklə məşğuldur. Orada alınan piyləri əridib istehsal prosesi həyata keçirirlər. Buna görə də həmin iyin olması normaldır. Lakin şikayət etmiş şəxsin evinin yanında yoxlama aparılarsa orada iy olmadığını görünər. İy yalnız zavodun yaxınlığında olur, kənara yayılmır. Piy əridilən qazanın çıxışına heç bir qurğu quraşdırılmayıb, əgər quraşdırılarsa yəqin ki, iy olmaz. Bundan əlavə monitorinq zamanı istifadə olunmuş ölçmə cihazının düzgün işləməsinə də şübhə ilə yanaşırlar. Məhkəmədən izahatında qeyd olunanların nəzərə alınmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol, hadisə yerinin fotoşəkilləri və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarından görünür ki, Əzizov Eldar adlı şəxs xx.xx.2023-cü il tarixdə saat 12:05-də ünvan 1 ünvanından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə müraciət edərək yaxınlıqdakı sabun sexindən gələn ifunət iyqoxudan şikayət etmiş, dəfələrlə sakinlər adından şikayət olunsa da heç bir nəticəsi olmamışdır. İş materiallarından görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Monitorinq İdarəsi tərəfindən ünvan 2 ünvanında aparılmış monitorinq zamanı 000695 nömrəli, xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. Monitorinq zamanı çəkilmiş fotoşəkillər iş materiallarına əlavə edilmişdir. Bundan başqa iş materiallarından görünür ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən ünvan 3 ünvanında aparılmış monitorinq zamanı 79565 nömrəli, xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. İş materiallarında olan ünvan 4 ünvanında yaşayan sakinlər tərəfindən imzalanmış və 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, yaşadıqları ünvanın yaxınlığında sabun bişmə müəssisəsi fəaliyyət göstərir, piydən sabun istehsal edirlər. Kəskin iy, qoxu sakinləri narahat edir. Dəfələrlə deməklərinə baxmayaraq heç bir tədbir görülmür. İyun ayında Eldar Əzizov iylə bağlı şikayət etmişdir. Lakin hal-hazırda burada yoxdur, xəstəxanada müalicə alır. Həmin iy sakinləri xəstə etmişdir. Həmin iyin kəsilməsi üçün tədbir görülməsini xahiş edirlər. İş materiallarında olan fotoşəklin surətindən görünür ki, Ankam-64M3-03 növlü qaz analizatoru ilə aparılmış yoxlama zamanı NH3 (ammonyak) miqdarı 11,2 mq/m3 təşkil etmişdir. İş materiallarında olan kalibrləmə sertifikatının surətindən görünür ki, Ankam-64M3- 03 növlü qaz analizatoru xx.xx.2022-ci il tarixdə kalibrlənmiş, növbəti kalibrlənmə tarixi xx.xx.2023-cü il tarixdir. Beləliklə, qeyd olunanlara əsasən hüquqi şəxs "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam təsdiq olunur. Belə ki, iyun ayında vətəndaş müraciəti əsasında "xxxx" MMC-nin ünvanında aparılmış yoxlama zamanı hüquqi şəxs tərəfindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının yol verilə bilən normativdən artıq olması müəyyən edilmiş, qeyd olunan məsələnin aradan qaldırılması üçün hüquqi şəxs tərəfindən heç bir tədbir görülməmiş, həmin ərazidə yaşayan sakinlər tərəfindən yenidən iyul ayında edilmiş yazılı şikayətləri əsasında yenidən akt tərtib edilmiş və qeyd olunan hallarla bağlı hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eyni zamanda sahibkarlıq fəaliyyəti həyata keçirilən obyektdə zərərli maddələrin havaya atılmasının qarşısını almaq məqsədilə hər hansı qurğu quraşdırılmadığını huqüqi şəxsin nümayəndəsi tərəfindən məhkəmədə qeyd olunmuşdur. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 41-ci maddəsinə əsasən müəssisələrin, qurğuların və başqa obyektlərin istismarı ətraf mühitin mühafizəsi üzrə layihədə göstərilmiş bütün ekoloji tələblərin tam həcmdə yerinə yetirilməsi şərti ilə həyata keçirilir. Son hədləri yol verilən normativlər səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdiriləsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqlarla təmin edilməyən, təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadıqda müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsi qadağan edilir. “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 14.3-cü maddəsinə əsasən əhalinin yaşayış yerlərində atmosfer havasının mühafizəsi məqsədilə müəssisə və təşkilatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada sanitarmühafizə zolaqları ayrılır. Belə sanitar-mühafizə zolaqlarının ölçüləri atmosfer havasına atılan zərərli maddələrin yayılma dərəcəsi, müəssisə və təşkilatların sanitar təsnifatı ilə müəyyən edilir. Həmin Qanunun 14.7-ci maddəsinə əsasən atmosfer havasının mühafizəsi qaydalarında nəzərdə tutulmuş qaztoztutucu qurğuları və atmosfer havasına atılan zərərli maddələrə ölçü-nəzarət vasitələri olmayan təsərrüfat obyektlərinin yerləşdirilməsi və istismarı qadağandır. Həmin Qanunun 27-ci maddəsinə əsasən Atmosfer havasına atılan zərərli maddələrin stasionar mənbələri olan hüquqi və fiziki şəxslər: 27.1.4.atmosfer havasına zərərli maddələrin atılmasının qarşısının alınmasına, onların təkrar işlədilməsinə, zərərsizləşdirilməsinə, belə maddələrin istehsalına dair tədbirlərin hazırlanmasını və həyata keçirilməsini təmin etməyə; 27.1.6. atmosfer havasına atılan zərərli maddələrin və onların mənbələrinin uçotunun aparılmasını, həmçinin müəyyən edilmiş normativlərə əməl olunmasına istehsalat nəzarətini keçirməyə; 27.1.7. atmosfer havasına zərərli maddələrin atılmasına nəzarəti və onların zərərsizləşdirilməsi üçün nəzərdə tutulmuş tikililərin, qurğuların və cihazların quraşdırılmasını həyata keçirməyə və onların istismar qaydalarına əməl etməyə; 27.1.10. atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin tələblərinin pozulmasının aradan qaldırılmasına dair müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin sərəncamlarını və yazılı göstərişlərini yerinə yetirməyə; 27.1.13. atmosfer havasının mühafizəsinə dair müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilmiş digər tələblərə əməl etməyə borcludurlar. Həmin Qanunun 28-ci maddəsinə əsasən Atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyin pozulmasına görə; 28.0.1. bu Qanunda nəzərdə tutulmuş zərərli maddələrin atılmasını və zərərli fiziki təsirlərin normativləri və hədlərini aşdıqda; 28.0.3. xüsusi icazədə göstərilmiş normalardan artıq zərərli maddələri atdıqda və zərərli fiziki təsir etdikdə; 28.0.5. atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyin tələblərinə cavab verməyən yeni və yenidən qurulmuş qurğuları və avadanlıqları istismara verdikdə; 28.0.7. atmosfer havasının mühafizəsinə dövlət nəzarətini həyata keçirən orqanların göstərişlərini yerinə yetirmədikdə; 28.0.9. müəssisə, idarə və təşkilatların yerləşdiyi yerlərdə atmosfer havasının vəziyyətinə nəzarət qaydalarına əməl etmədikdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada təqsirkar hesab edilən hüquqi və fiziki şəxslər, habelə vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə-vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş "xxxx" MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1-ci maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: ünvan 5 ünvanında yerləşən "xxxx" MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o, 10500 (on min beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Haciyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar