Məhkəmə qərarları › İş №3(060)-1689/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1689/2023

26.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1689/2023 26.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:45-də “Kia Ceed” minik markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sumqayıt şəhəri, Karvan yolu istiqamətində hərəkətdə olan zaman saxlanılmış, müayinə zamanı avtomobili alkoqol sərxoşluğu vəziyyətində idarə etməsi məlum olmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində Qubadlı rayon Polis Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, İXP ******* saylı protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs Şəxs özünü inzibati xətanın törədilməsində təqsirli bilməyərək izahatında bildirmişdir ki, polis əməkdaşları onu yaşadığı evin yaxınlığında avtomobil ilə hərəkətdə olan zaman saxlamış, səbəbini soruşduqda ona içkili olduğu bildirilmiş, o, yerində yoxlanılmasını tələb etsə də alkotester olmadığı üçün onu Sumqayıt şəhər Polis İdarəsinə aparmış, orada alkostester vasitəsi ilə yoxlanılan zaman içkili olması aşkar edilmiş, nəticəsi ilə razı olmadığı üçün həkim müayinəsindən keçməsinin təmin edilməyini istəmiş, lakin polis əməkdaşları aparmamışlar. O, içkili olmamışdır. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Qubadlı rayon Polis Şöbəsinin DYPB baş inspektoru, polis baş leytenantı X2 bildirdi ki, “Kia Ceed” minik markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü qayda pozuntusu törətdiyi üçün saxlanılmış və alkoqol sərxoşluğu vəziyyətində avtomobili idarə etməsi məlum olmuş, hətta sürücü şərxoş olmasını mübahisələndirməyərək avtomobilinin cərimə meydançasına aparılmasından şikayət etməsi üçün DİN-nin 102 xidmətinə zəng etmiş, həmin anlar audio və videogüntü qeydə alan cihazadan CD köçürülərək məhkəməyə təqdim edir. Buna görə də barəsində protokol tərtib edilmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. İş materiallarından görünür ki, Şəxs sərxoşluq vəziyyətini müəyyən etmək üçün “Alcovisor-Jupiter X” markalı xüsusi texniki vasitədən istifadə edimiş və onda alkoqolun miqdarı 2,607% olmuşdur. İş materiallarında olan diskdən görünür ki, yol polis əməkdaşı Kia Ceed” minik markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşır və sürücünün sərxoşluq vəziyyətini müəyyən etmək üçün onu avtopatrula dəvət edir və onda alkoqol sərxoşluğu olmasını müəyyən edir. Sürücü razılaşmayaraq DİN-nin 102 xidmətinə zəng edərək içkili olduğu halda barəsində protokol tərtib edilməsini tələb etdiyini, lakin protokol tərtib edilmədiyi barədə şikayət etdiyi məlum olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 82-1.1-ci maddəsinöə əsasən inzibati xətalar haqqında işlər üzrə barəsində inzibati icraat aparılan fiziki və ya hüquqi şəxs, fiziki şəxsin müdafiəçisi və ya qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs və ya onun nümayəndəsi onların mənafelərinə xidmət edə biləcək halların müəyyən edilməsi üçün öz təşəbbüsləri ilə ekspertizanın aparılmasını sifariş vermək üçün özəl məhkəmə ekspertinə və ya məhkəmə ekspertizası idarəsinə rəsmi müraciət etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydalarının 3.1-ci bəndinə əsasən alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkimnarkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. 3.3-cü bəndinə əsasən narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. 3.6-cı bəndinə əsasən müayinə olunan şəxs tibbi müayinənin nəticəsi ilə razı olmadığı təqdirdə, o təkrar tibbi müayinənin keçirilməsi barədə müayinəni keçirən tibb müəssisəsinin rəhbərliyinə yazılı ərizə təqdim edə bilər. Bu halda tibb müəssisəsinin rəhbəri təkrar tibbi müayinənin həkim-narkoloqlar tərəfindən təşkil edilən komisyon qaydada aparılması barədə qərar qəbul edir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə qeyd edir ki, Şəxs alkoqol sərxoşluğu vəziyyətindən avtomobil idarə etməsi alkotester vasitəsi ilə müəyyən edilmişdir, məhkəmə təqdim edilmiş CD-dən göründüyü kimi sərxoş olması ilə razılaşdığından YPX-nin əməkdaşı haqlı olaraq onu tibbi müayinəyə aparmamışdır. Şəxs narazı qaldığı halda öz təşəbbüsi tibbi müayinədən keçməmiş, inzibati xətanın törədilməməsinə dair izahatından başqa hər hansı tutarlı sənəd məhkəməyə təqdim olunmamışdır. Bununla da məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar