Məhkəmə qərarları › İş №3(060)-1695/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1695/2025

17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1695/2025 17.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi Şikayət verən şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 28755087 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 28755087 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən təqsirli bilinib, yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və durmasına görə 80 manat məbləğində cərimə olunmuşdur. O, qərarla razı deyildir, çünki o parklanma yerindən çıxan maşına yol vermiş, dayanmamış, həmin parklanmada nəzarətçinin göstərişi ilə parklanmaya daxil olmuşdur. Bu proses 1 dəqiqə zaman almamışdır və bu müddət ərzində avtomobili tərk etməmişdir. Həmin an 102 xidmətinə və 902 qaynar xəttinə məlumat vermişdir. Qeyd edilənlərə əsasən xx.xx.2025-ci il tarixli EQ 28755087 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayətini müdafiə edərək bildirmişdir ki, onun avtomobili həmin yerdə dayanmamışdır. O, dayanacağa daxil olarkən digər avtomobilə yol vermiş, avtomobil işlək vəziyyətdə olmuşdur. Bu səbədən də məhkəmədən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən şikayətə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 28755087 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 həmin tarixdə, saat 16:36-da “MERCEDES BENZ 320 MİNİK” markalı, **-BY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikasının İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, bu səbəbdən də həmin maddə ilə təqsirli bilinərək 80 manat məbləğində inzibati cərimə edilmişdir. Şikayətə əlavə edilmiş DİN Baş Dövlət Yol Polisi İdarəsinin kamerası vasitəsilə xx.xx.2025-ci il tarixdə saat 16:36:24-də qeydə alınmış fotoşəkildə “MERCEDES BENZ 320 MİNİK” markalı, **-BY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin Nərimanov küçəsində olarkən işlək vəziyyətdə olması, arxa işıq cihazlarının yanılı olduğu görünür. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ 28755087 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Belə ki, məhkəmə tərəfindən Azərbaycan Respublikasının DİN BDYPİ-yə X1 barəsində xx.xx.2025-ci il tarixli EQ28755087 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olmuş inzibati icraat materiallarının (foto, video materiallar və s.) təqdim edilməsi barədə sorğu göndərilsə də, qeyd edilən sorğulara cavab verilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, X1 xx.xx.2025-ci il tarixdə saat 16:36-da Sumqayıt şəhəri, Nərimanov küçəsində ona məxsus “MERCEDES BENZ 320 MİNİK” markalı, **-BY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə İXM-nin 346.4-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan yol hərəkəti qaydasını pozması faktı araşdırılmadan, onun həmin ərazidə yolun hərəkət hissəsinin ikinci və sonrakı cərgələrdə dayanıbdayanmaması (eyni zamanda durması faktı) müəyyən edilmədən iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən halların müəyyən edilməsi üçün X1 barəsində qəbul edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 28755087 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Beləliklə, qeyd edilənləri və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, göstərilən məsələlərin araşdırılması inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın səlahiyyətində olduğundan məhkəmənin mövqeyi nəzərə alınmaqla işin bütün mühüm faktiki halları araşdırılmalı və qərar qəbul edilməlidir. Bu səbəbdən şikayət qismən təmin edilməli, həmin icraat çərçivəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün DİN Baş Dövlət Yol Polis İdarəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 28755087 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar