Məhkəmə qərarları › İş №3(060)-17/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-17/2023

17.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-17/2023 17.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs Yəhyayev Tərlan Balasultan oğlunun iştirakı ilə, Sumqayıt şəhər X5 Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2022-ci il tarixli EQ 12295799 saylı Qərarından X2 Balasultan oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X2 Balasultan oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə Sumqayıt şəhər X5 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli EQ 12295799 saylı “İnzibati tənbeh vermə haqqında” Qərarın ləğv edilməsi və şikayətinin təmin olunmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Yəhyayev Tərlan Balasultan oğlu ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli EQ 12295799 saylı qərarla 20 manat cərimə olunmuşdur. Həmin qərarla razı deyildir. Belə ki onun avtomobili həmin vaxt nasaz olduğu üçün dayanma və durmanın qadağan edildiyi yerdə məcburi saxlamış və qəza işıqlarını yandırıb kapotu qaldırmış və su gətirməyə getmiş, qayıdanda kapotun bağlı olduğunu görmüşdür. Bir neçə saat keçdikdən sonra telefonunda olan proqrama cərimə olunması barədə cərimə və şəkillər gəlmişdir. Bu vaxt o, 102 xidmətinə zəng etmiş və şikayətini qeydə almışlar. xx.xx.2022-ci il tarixdə onu şöbəyə dəvət etmiş və şikayətinin əsassız olduğunu ona bildirmişlər. O isə bununla razılaşmayıb məhkəməyə müraciət etmişdir. Bu məsələyə hüquqi aydınlıq gətirilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən şikayətçi Yəhyayev Tərlan Balasultan oğlu bildirdi ki, avtomobili qızdırdığı üçün həmin yerdə saxlamışdır. Polis tərəfindən şəkil çəkilən zaman avtomobilin motorxanası açıq olmuşdur. Qeyd olunanları nəzərə alaraq şikayətinin təmin olunmasını və barəsində qəbul edilmiş sözügedən “İnzibati tənbeh vermə haqqında” Qərarın ləğv edilməsini Məhkəmədən xahiş edir. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsi Dövlət X4 inzibati tənbeh vermə haqqında EQ 12295799, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Yəhyayev Tərlan Balasultan oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 20 (iyirmi) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.6-cı maddəsinə əsasən Bu Məcəllənin 346.1 346.2, 346-1.2, 346-1.3-cü və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə hesab edir ki, Sumqayıt şəhər Polis İdarəsi Dövlət X4 inzibati tənbeh vermə haqqında EQ 12295799, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki iş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, Yəhyayev Tərlan Balasultan oğluna məxsus “Opel Astra” minik markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində ön başlıq hissəsi açıq şəkildə dayanmışdır. Qərardan şikayət vermiş şəxs özü də izahatında avtomobili məcburi saxladığını, qəza işıqlarını yandırdığını və avtomobilin ön başlıq hissəsini açaraq su gətirməyə getdiyini bildirmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 55-ci maddəsinin İİ bəndinə əsasən dayanmanın qadağan edildiyi yerdə nəqliyyat vasitəsi məcburi dayandıqda və ya hərəkət hissəsində onun olması yol hərəkətinin digər iştirakçılarına maneə yaradırsa, sürücü qəza dayanması işıq siqnalını yandırmalı və ya qəza dayanması nişanını quraşdırmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.2-ci maddəsinə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, Yəhyayev Tərlan Balasultan oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2022-ci il tarixli EQ 12295799 saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Yəhyayev Tərlan Balasultan oğlunun şikayəti təmin edilsin. Sumqayıt şəhər X5 Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2022-ci il tarixli EQ 12295799 saylı qərar ləğv edilsin və onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar