Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1701/2024 22.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X6, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 iştirakı ilə, xx.xx.1979-cu ildə Qərbi Azərbaycan, İstisu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, il ərzində inzibati məsuliyyətə cəlb olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Saray qəsəbəsi, M.Abbasov küçəsi, ev 48 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN1746639 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5472/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borcludan 20150 manat alınaraq tələbkara verilməlidir. Nəticədə borclu Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt borclunun izahatı və tələbkarın ərizəsi ilə təsdiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, işsiz olduğu üçün ödəniş edə bilmir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X8 bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5472/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Zamanova Tehran (Tehranə) Məmməd qızından 20000 (iyirmi min) manat tutulub iddiaçı X2 verilməli, iddianın verilməsi üçün ödənilmiş 150 manat dövlət rüsumunun əvəzi cavabdeh Zamanova Tehran (Tehranə) Məmməd qızından alınaraq iddiaçı X2 verilməlidir. Mart ayının 13-ündən iş onun icraatındadır. Şəxs idarəyə dəvət olunmuş və izahatı alınmışdır. Bildirmişdir ki, qərarı götürüb mübahisələndirəcəkdir. Lakin şikayət verməmişdir. Axtarışa verilmiş, lakin könüllü icra idarəsinə gəlmişdir. İşə aid olmayan nüanslar gətirir. Borcu ödəmir. Əgər belə edərsə barəsində cinayət işi qaldırılacaqdır. Göstərilənləri nəzərə alaraq qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X3 bildirmişdir ki, başqasından pul alıb vermişdir. Həmin adam da ondan pulu tələb edir. Qardaşının uşağını ölüm ilə hədələyir. İki ildir ki, onu aldadır. Konkret vaxt demir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin yalanları bitmir. Borclu pul müqabilində evi ona vermişdir. Lakin ev də ipotekadadır. Həmin evdə də özü yaşayır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, dekabr ayında qərar qəbul edilmişdir. Yanvar ayında anası, aprel ayında isə özü əməliyyat olunmuşdur. O, Ramiləyə 9600 manat faiz ödəmişdir. Lakin sübut edə bilmir. Onun sata biləcək iki əmlakı vardır. Onların da sənədi tələbkardadır. Sənədləri vermir ki, o da əmlakları satsın və pulunu versin. Tələbkar kömək etsin ki, o, əmlakları satsın, o da pulunu versin. Qeyd olunanlara əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X7 bildirdi ki, həll yolu vardır. İcra hərəkətləri dayandırılarsa barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əmlakları satıb, pulunu ödəyə bilər. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri, proses iştirakçılarının izahatlarını nəzərdən keçirib belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5472/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Zamanova Tehran (Tehranə) Məmməd qızından 20000 (iyirmi min) manat tutulub iddiaçı X2 verilməli, iddianın verilməsi üçün ödənilmiş 150 manat dövlət rüsumunun əvəzi cavabdeh Zamanova Tehran (Tehranə) Məmməd qızından alınaraq iddiaçı X2 verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onlarınicrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Qanunun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən bir ay müddətinədək uzadıla bilər. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul etməlidir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi göstərilir. Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinin tələbinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədinin icrasından qərəzli olaraq yayınır və icra məmurunun həmin icra sənədinədair qanuni tələblərini yerinə yetirmir. Buna görə də məhkəmə Şəxs hərəkətlərini icra sənədinin icrasına mane olma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlbedilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 30.1-ci maddəsinə görə, inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin məcəllənin 30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.3-cü maddəsinə əsasən inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin himayəsində azyaşlı uşağının olmasını məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə həmçinin hesab edir ki, vəkil X7 tərəfindən göstərilmiş hüquqi yardıma görə vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsinə cəmi 01 (bir) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A AL D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Vəkil X7 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 6 (altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynur Behbudova
Məhkəmə qərarları › İş №3(060)-1701/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1701/2024
22.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver