Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1702/2022 24.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, xx.xx.1982-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, "xxxx" MMC-də əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis vəzifəsində işləyən, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhər polis idarəsinin Dövlət yol polisi şöbəsinin YPX-nin inspekroru polis baş serjantı Nümayəndə tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 329.3 və 333.1-ci maddələrinə əsasən xx.xx.2022-ci il tarixdə inzibati xəta haqqında AP № ******* saylı protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt şəhəri, Sülh küçəsində işıq cihazından istifadə etmədən nəqliyyat vasitəsini idarə etdiyi üçün saxlanılmış, yoxlama zamanı sürücünün avtomobli sərxoş idarə etdiyi aşkarlanmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1702/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Şəxs İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400,00 manat məbləğində cərimə olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1702/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından Şəxs tərəfindən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin 3(105)-472/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1702/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə yeni məhkəmə baxışına qaytarılmış və 27 sentyabr 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 10 oktyabr 2022ci il tarixə yəyin edilmiş, lakin məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiklərindən işin baxılması 24 oktyabr 2022-ci il tarixə təxirə salınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin nümayəndəsi təkrarən məhkəmə iclasına gəlmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İXM-nin 43-cü maddəsinə əsasən qeyd edir ki, Şəxs əməli 333.1-ci maddədən əlavə İXM-nin 329.3-cü maddəsi ilə də tövsif edilmiş və həmin növ inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə deyil, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid olduğundan hazırkı iş üzrə onun İXM-nin 329.3-cü maddəsi ilə məsuliyyət məsələsinə baxıla bilməz. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsi tərəfindən Şəxs barəsində xx.xx.2022-ci il tarixdə inzibati xəta haqqında AP № ******* saylı protokolla İXM-nin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materialına əlavə olunmuş Şəxs izahatından görünür ki, o, xx.xx.2022-ci il tarixdə DYP-nin əməkdaşı tərəfindən saxlanılmış, ona məxsus avtomobil müvəqqəti dayanacağa aparılmış, ona içkili olması bildirilsə də o, həkim müayinəsinə aparılmamışdır. Məhkəmə qeyd edir ki, sərxoşluq vəziyyətinin müayinəsi məqsədi ilə xüsusi texniki vasitədən istifadə etmək haqqında protokol qanunvericiliyin tələblərini pozaraq tərtib edilmiş, sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitənin nömrəsi göstərilməmiş, eyni zamanda hal şahidlərinin iştirakı olmadan tərtib edilmişdir. Halbuki İXM-nin 69.2-ci maddəsində imperativ norma kimi nəzərdə tutulmuşdur ki, şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Qeyd olunanlara əsasən həmin protokol sübut kimi qəbul edilə bilməz. Bundan başqa Sumqayıt Şəhər Məhkəməsinin hazırki iş üzrə xx.xx.2022-ci il tarixli qərarını ləğv edən Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarındakı hüquqi mövqeyə görə işdə olan Şəxs sərxoşluq vəziyyətinə dair alkotestr qəbzi ksero surət olmaqla oxunmur. Qeyd edilən sənədin əsli isə şikayətin məhkəmənin icraatında olduğu uzun müddətdə inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmamışdır. Beləliklə, Şəxs İXM-in 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə öz təsdiqini tapmır, ona görə də məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2, 114.1.4, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında AP № ******* saylı protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-1702/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1702/2022
24.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver