Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1702/2025 08.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib etmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi və baş məsləhətçi hüquqşünası Nümayəndə, Barəsində inzibati icraat aparılan Şəxs MMC-in direktoru X1 iştirakı ilə, Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 253.3.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Şəxs MMC barəsində İXM-in 253.3.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 24 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MTK tərəfindən Sumqayıt şəhəri, 17-ci məhəllə, ərazisində çoxmərtəbəli yaşayış binası tikintisi məqsədilə hasarlanmış ərazidə köküstəyaş halda diametri 10 sm olan 1 ədəd şam, diametri 7-10 sm olan 2 ədəd sərv ağacının qanunsuz olaraq məhv edilməsi nəticəsində İXM-in 253.3.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi və baş məsləhətçi hüquqşünası Nümayəndə bildirdi ki, Şəxs MMC tərəfindən Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində çoxmərtəbəli yaşayış binası tikintisi məqsədilə aparılan qazıntı işləri zamanı təhlükəsizlik tədbirlərinə əməl edilmədiyi üçün 1 ədəd şam, 2 ədəd sərv ağacı qanunsuz olaraq məhv edilmişdir. Ağacların çöküşü həmin katlavanın qazılması nəticəsində baş vermişdir. Məhkəmədən qanunauyğun qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-in direktoru X3 bildirdi ki, sözügedən ağacların çöküşü həmin qazıntı nəticəsində olmamışdır. Belə ki, qazıntı işləri kanalizasiya xətləri üzərində və katlavandan 5-10 metr məsafədə getmişdir. Ağaclar güclü külək və yağış və kanalizasiyanın daşması nəticəsində aşmışdır. Bundan başqa V.Həsənov bildirmişdir ki, qazıntı işləri Şəxs MMC tərəfindən həyata keçirilməmiş, bununla bağlı müvafiq podrat müqaviləsi də mövcuddur. Məhkəmə iclasında şahid qismində iştirak edən X4 bildirmişdir ki, rəsmi podrat müqaviləsi ilə 2 ay ərzində həmin yerdə katlavanın qazılması və torpağın daşınması işlərini yerinə yetirib. Lakin, həmin ağacların aşması onun və işçilərinin təqsiri səbəbindən, yəni qazıntı işləri nəticəsində baş verməmişdir. Çünki həmin ağaclar katlavandan 5-10 metr məsafədə yerləşirdi və həmin yerdə qazıntı işləri getməmişdir. Belə ki, həmin gün güclü külək və yağış nəticəsində həmin ağaclar aşmış və işçilər tərəfindən yenidən yerinə basdırılmışdır. Məhkəmə, işdə iştirak edən şəxsin izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC barəsində İXM-in 253.3.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Şəxs MMC-nin tikinti sahəsində aparılan yoxlama zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 23 iyun 2025-ci il tarixli, 91379 nömrəli monitorinq aktından görünür ki, Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində Şəxs MMC tərəfindən çoxmərtəbəli yaşayış binası tikintisi məqsədilə hasarlanmış ərazidə torpaq qazıntısı işləri aparan zaman yaşıllıqların mühafizəsi tədbirləri həyata küçirilmədiyindən qazıntının yaxınlığında olan köküstəyaş halda diametri 10 sm olan 1 ədəd şam, diametri 7-10 sm olan 2 ədəd sərv ağacının qanunsuz olaraq məhv edilməsi faktı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 91379 saylı xx.xx.2025-ci il tarixli akta əlavədə təbiətə dəymiş ziyanın hesablanması cədvəlindən görünür ki, təbiətə 3120 (diametri 29 sm olan şam ağacı üçün 1800 manat, diametri 7 sm və 10 sm olan sərv ağacları üçün müvafiq olaraq 600 və 720 manat) manat ziyan dəydiyi müəyyən edilmişdir. İş materiallarında olan 23 iyun 2025-ci il tarixli Şəxs MMC-in direktoru Vahid Həsənov tərəfindən verilən məlumatdan görünür ki, Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində icarəsində olan torpaq sahəsində hündürmərtəbəli yaşayış binalarının kommunikasiya (kanalizasiya) xəttində qəza baş vermiş və əraziyə çirkab sular doldurulmuşdur. Baş vermiş qəzanı aradan qaldırmaq üçün qazıntı işləri aparılmışdır. Yaxınlıqda olan 3 ədəd ağac gecə radələrində güclü külək əsməsi nəticəsində aşmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsinin dispozisiyasına əsasən inzibati məsuliyyət hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə müəyyən edilmişdir. Hazırkı iş materiallarında mövcud olan şəkillərdə ağacların aşması faktı öz təsdiqini tapır. İş materiallarına əlavə edilmiş fotoşəkillərdəndən də görünür ki, inzibati xəta hadisəsi Şəxs MTK tərəfindən həyata keçirilən bina tikintisinin katlavan qazılması mərhələsində baş vermişdir. Lakin, məhkəmə iclaslarında katlavanın qazılması və ya torpağın daşınması işlərinin Şəxs MTK tərəfindən deyil, podratçı fiziki şəxs X2 tərəfindən həyata keçirildiyi məlum olmuşdur. xx.xx.2025-ci il tarixli podrat müqaviləsi qeyd olunan xüsusatı təsdiq edir. Həmin podrat müqaviləsinin 2.2.9-cu maddəsində ərazidə ekoloji qaydalara əməl etmək və yaşıllın qorunması təmin etmək podratçının üzərinə vəzifə olaraq qoyulmuşdur. Qeyd olunanlara əsasən məhkəmə nəticəyə gəlir ki, Şəxs MTK tərəfindən hər hansı inzibati xəta hadisəsi törədilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 253.3.1-ci maddəsinə əsasən eyni inzibati xəta şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə - fiziki şəxslər iki min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, Şəxs MTK-nin əməlində Azərbaycan Respublikası İXM-in 253.3.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına xətanı başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 25, 40.0.1, 43, 48-51, 53, 55, 114,115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-1702/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1702/2025
08.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver