Məhkəmə qərarları › İş №3(060)-1707/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1707/2021

21.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1707/2021 21.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin nümayəndələri: X1 və X2, Barəsində inzibati xəta haqqında iş üzrə icaaat aparılan hüquqi şəxs Şəxs direktoru X4 və nümayəndəsi vəkil X3 iştirakları ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin inzibati xəta haqqında 05 may 2021-ci il tarixli, 00700-0087/21 saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən tərtib edilmiş 05 may 2021-ci il tarixli, 00700- 0087/21 saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 06.05.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Protokoldan görünür ki, “xxxx“ MMC (VÖEN **********) 16094,23 manat məbləğində az miqdarda gömrük ödənişlərinin ödənilməsindən yayınmış və bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin nümayəndəsi X5 protokolda göstərilənlərə uyğun izahat verdi və bildirdi ki, "xxxx" MMC tərəfindən təqdim olunan **********6767 sorğu nömrəli gömrük bəyannaməsi və ona əlavə edilmiş sənədlərdən araşdırılması zamanı 12.05.2020-ci ildə “FSYxxxx02“ nömrəli müqavilə və eyni nömrəli invoysda malın qiymətinin sözlə yazılışı ilə rəqəmlə yazılışı arasında fərqlər olduğu məlum olmuşdur. Belə ki, invoysda rəqəmlə yazılışda malın dəyəri 61640 ABŞ dolları, sözlə “sistione thousand and three hundred and ten cents only“, müqavilədə rəqəmlə yazılışda malın dəyəri 61640 ABŞ dolları, sözlə “fourty-one thousand and six hundred and fourt cents only” yazılmışdır. Həmçinin təqdim olunan ixrac bəyannaməsində malın dəyəri 51300 manat, invoys nömrəsi isə “FSYxxxx02” əvəzinə “FSYxxxx01” qeyd edilmişdir. Ona görə də, “Gömrük Tarifi haqqında” qanunun sövdələşmə üsulu dövlət orqanı tərəfindən əsaslı olaraq qəbul olunmamış və gömrük dəyərinin müəyyən olunmasının digər üsulları tətbiq olunmuşdur. Göstərilənlərin nəzərə alınmasını və Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək tənbeh edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin nümayəndəsi X6 izahatında digər nümayəndə X5 ilə eyni məzmunlu izahat verərək Şəxs MMC-nin ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 150 faizi məbləğində cərimə olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icaaat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X9 izahatında direktoru olduğu hüquqi şəxsin inzibati xətanın törətmədiyini bildirdi və göstərdi ki, protokolda göstərilən qayda pozuntusuna yol verilməmişdir. Malların qiymətləri düzgün qiymətləndirilməmişdir. Müqavilə əsasında malların qiymətləri müəyyən olunmuşdur, həmin qiymətlərin mübahisələndirilməsi üçün heç bir qanuni əsas olmamışdır. Ona görə də, hüquqi şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işə inzibati xəta tərkibi olmadığına görə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icaaat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi vəkil X8 göstərdi ki, nümayəndəsi olduğu hüquqi şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilmir, protokolda göstərilən qayda pozuntusuna yol verilməmişdir. Malların bazar qiymətləri ilə bağlı protokolda göstərilənlər düzgün deyildir. Qiymətlərlə bağlı ekspertiza keçirilməsi üçün qanunda göstərilən əsaslardan heç biri mövcud olmamışdır. Müqavilədə tərəflər malın qiymətini müəyyən etmişlər və bununla bağlı öz istəklərini sərbəst ifadə etmişlər. Bu qiymətlər həm də reallığı əks etdirir və mövcud bazar qiymətlərinə uyğundur. Ekspertlərin bu nəticəyə nəyin əsasında gəlmələri, qiymətləri haradan götürmələri aydın deyildir. Ölkəyə gətirilən eyni cinsli malların da qiyməti bu qiymətlərə uyğundur. Müxtəlif şirkətlər bu maldan idxal edirlər, "xxxx" MMC də illərdir bu maldan idxal edir. Əvvəl gətirilən malın qiymətinin bir qədər baha olması malın yenidən qiymətləndirilməsi üçün əsas deyildir, onun üçün obyektiv səbəblər olmuşdur və bu barədə izahatlarda bildirilmişdir. Müqavilə azadlığı var və tərəflər özləri qiymətləri müəyyən edirlər. Məhkəməyə təqdim edilən qaimələrdən də görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin əməkdaşlarının "xxxx" MMC-yə münasibəti qərəzlidir, bərabərlik prinsipini pozur. Ona görə də, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işə inzibati xəta tərkibi olmadığına görə xitam verilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan **********6767 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, "xxxx" MMC-nin ünvanına Çin Xalq Respublikasından 23000 kq "dondurulmuş şabalıd" daxil olmuşdur. İş materiallarında olan 28.01.2021-ci il tarixli 9/22 ekspert arayışından görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş soyulmuş dondurulmuş şabalıdın 30.11.2020-ci il tarixə 1 kq-nın orta bazar qiyməti təxminən 17,00 manat, 23000 kq-nın qiyməti isə 391000,00 manat müəyyən edilir. İş materiallarında olan kommersiya qurumlarının dövlət reyestri haqqında məlumatlardan görünür ki, "xxxx" MMC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində ********** nömrəli VÖEN-lə qeydiyyata alınmışdır. İş materiallarında olan 01.04.2021-ci il tarixli 9/1180 saylı ekspert arayşından görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş Çin Xalq Respublikasında istehsal olunmuş soyulmuş dondurulmuş şabalıdın 1 kq-nın 30.11.2020-ci il tarixə orta bazar qiyməti təxminən 13,00 manat, 23000 kq-nın qiyməti isə 299000,00 manat müəyyən edilir. İş materiallarında olan 08.04.2021-ci il tarixli xidməti qeyddən görünür ki, ümumi çəkisi 23000 kq olan və ümumilikdə orta bazar qiyməti 299000 AZN olan dondurulmuş şabalıd yükünün ümumi gömrük dəyəri 152675 AZN təşkil edir. Gömrük rəsmiləşdirilməsi üçün ödənişlər: gömrük əməliyyatları haqqı- 600 AZN, idxal rüsumu-22901,25 AZN, ƏDV- 31711,68 AZN, cəmi 55212,93 AZN gömrük ödənişləri ödənilməlidir. Beləliklə, İş materiallarına əsasən müəyyən edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN **********) 29.11.2020-ci il tarixdə Çin Xalq Respublikasında qeydiyyatda olan "X7 Co" LTD-dən daxil olmuş OO9070N/QZ267 nömrə nişanlı nəqliyyat vasitəsilə daşınan TTNU7270295 nömrəli konteynerdə daxil olmuş və 30.11.2020-ci il tarixdə Sumqayıt Baş Gömrük İdarəsində **********6767 sorğu nömrəli gömrük bəyannaməsi ilə "Sərbəst dövriyyə üçün buraxılış" gömrük prosedurunda rəsmiləşdirilmiş ümumi çəkisi 23000 kq, 1 kq-nın qiyməti 2.75 dollar, ümumi gömrük dəyəri 107593,00 (yüz yeddi min beş yüz doxsan üç) AZN olan "Dondurulmuş şabalıd" yükünün dəyərinin müəssisənin daha öncə idxal etdiyi eyni malın dəyərindən aşağı olduğu qeyd edilmişdir. Bununla bağlı araşdırma aparılmış, **********6767 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş "Dondurulmuş şabalıd" yükünün qiymətini müəyyənləşdirmək məqsədilə Azərbaycan Respublikası Ədliyyə Naziriliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28.12.2020-ci il tarixli 9/22 saylı ekspert arayışında ekspertiza tədqiqatına təqdim edilmiş soyulmuş dondurulmuş şabalıdın 30.11.2020-ci il tarixə 1 kq-nın orta bazar qiyməti təxminən 17,00 (on yeddi) manat, 23000 kq-nın qiymətinin isə 391000 manat müəyyən edildiyi qeyd edilmişdir. Yükə aid sənədlərdə göstırilən qiymətlərlə verilən ekspert arayışında kəskin fərq olduğuna görə dəyərin müəyyən edilməsi üçün təkrar ekspertiza keçirilməsi məqsədi ilə yenidən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01.04.2021ci il tarixli 9/1180 saylı ekspert arayışında ekspertiza tədqiqatına təqdim edilmiş soyulmuş dondurulmuş şabalıdın 30.11.2020-ci il tarixə 1 kq-nın orta bazar qiyməti təxminən 13,00 (on üç) manat, 23000 kq-nın qiymətinin isə 299000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01.04.2021ci il tarixli 9/1180 saylı ekspert arayışına əsasən ümumi çəkisi 23000 kq olan soyulmuş dondurulmuş şabalıdın orta bazar qiymətinin 299000 manat olduğu təqdirdə "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq gömrük dəyəri və gömrük ödənişlərinin məbləği hesablanmış və orta bazar qiyməti 299000 AZN olan dondurulmuş şabalıdın ümumi gömrük dəyəri 152675 azn, ödənilməli olan gömrük ödənişləri idxal rüsmumu-22901,25 azn, əlavə dəyər vergisi-31711,68 azn, gömrük əməliyyatları haqqı- 600 olmaqla cəmi, 55212,93 azn təşkil etmişdir. "xxxx" MMC-nin **********6767 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ödədiyi gömrük ödənişlərinin 39189,50 AZN təşkil etdiyi nəzərə alınaraq, ödənilməyən gömrük ödənişlərinin miqdarı ümumilikdə 16094,23 AZN təşkil etdiyi müəyyən edilmişdir. “Gömrük Tarifi haqqında” Qanunun 12-ci maddəsində Gömrük dəyərinin müəyyən edilməsi üsulları kimi 6 üsul göstərilmişdir. Həmin qanunun 12.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən malların gömrük dəyəri malların sövdələşmə qiyməti ilə, eyni malların sövdələşmə qiyməti ilə, eynicinsli malların sövdələşmə qiyməti ilə, dəyərin çıxılması üsulu ilə, dəyərin toplanması üsulu ilə və ehtiyat üsulu ilə müəyyən edilir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən, malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. Məhkəmə hesab edir ki, inzibati xəta ilə bağlı araşdırmı düzgün aparılmış, “Gömrük Tarifi haqqında” qanunun 12-ci maddəsinin tələblərinə əməl edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə görə Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş "xxxx" MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizi (16094,23 manat X 70%) məbləğində, yəni 11265,96 (on bir min iki yüz altmış beş manat doxsan altı qəpik) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar