Məhkəmə qərarları › İş №3(060)-1708/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1708/2025

29.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1708/2025 29.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1987-ci il tarixdə, Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 1, otaq 55 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində fərdi evdə yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə 10 iyul 2025ci il tarixli MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Protokoldan görünür ki, Şəxs tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018ci il tarixli, 2(060)-291/2018 nömrəli icra sənədinə əsasən 2815 manat pulu tələbkara üzrsüz səbəbdən, qərəzli şəkildə ödəməmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, o, mülkiyyətində olan avtomobili baş etibarnamə əsasında aralarında olan razılaşmaya əsasən 5200 manata satmışdır və maşın bankda girovda olduğu üçün qalan məbləği Fətulla ödəyəcəyi barədə öhdəlik götürmüşdür. 6 ay Fətulla ödəmədiyi üçün bank tərəfindən maşın pulun əvəzi olaraq maşını Fətulladan geri almışdır. Fətullada məhkəməyə müraciət etmiş və sonuncunun xeyrinə 5100 manat ondan pul tutulması barədə qətnamə çıxarılmışdır. O, məbləğin bir qismini ödəmiş qalan məbləği hər ay 200 manat ödəniş edəcəyi barədə tələbkarla razılığa gəlsələrdə sonradan tələbkar həmin məbləğlə razılaşmamışdır. Hazırda onun ailə vəziyyətini və maddi durumunu nəzərə alaraq, barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi X3 müdafiə etdiyi şəxsin icra sənədinin icrasından qərəzli olaraq yayınmadığını və ailə vəziyyətini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(060)-291/2018 nömrəli icra sənədinə əsasən cavabdeh Şəxs 5100 (beş min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(060)-291/2018 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2018-ci il tarixli “Tələbin könüllü icrası”na dair bildirişdən görünür ki, Şəxs icraata başlamaq haqqında qərarı, bildirişi və icra sənədinin surətini xx.xx.2020-ci il tarixdə təqdim edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(060)-2128/2024 nömrəli qərarına əsasən, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2128/2024 saylı icra sənədini üzrsüz səbəbdən icra etmədiyinə görə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 gün müddətinə inzibati qaydada həbs edilməsinə baxmayaraq bundan sonra da icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Qeyd edilən hərəkətləri ilə də Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə işin müəyyən olunmuş hallarına münasibət bildirərək qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətləri məhkəməyə onun bu hərəkətlərinin icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması kimi qiymətləndirilməsi qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli Qərarında vurğulayır ki, Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin, Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə 7 may 2002-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs səhhətində yaranmış problemlərə görə icra sənədini icra edə bilməməsinə istinad etsə də, məhkəmə qeyd edir ki, istinad edilən dəlil əslində keçən uzun müddət ərzində yuxarıda sadalanan sənədin icra edilməsi üçün bəhanə olmaqla dövlətin adından qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə etinasız yanaşmanın göstəricisidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə Şəxs tələbkara borcundan müəyyən bir hissəsini ödəməsini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs olan ödəniş etməkdən boyun qaçırmadığını nəzərə alan məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə cəza təyin edilməsi onun vəziyyətini daha da ağırlaşdırar. Digər tərəfdən, ədalətli və qanuni cəza təyinatı zamanı ilə bağlı məhkəmə onuda nəzərə alır ki, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasına dair 4 saylı Protokolun 1-ci maddəsinə görə heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu tələb eyni zamanda BMT-nin Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 1ci maddəsində və Azərbaycan Respublikasında İnsan Hüquq və X1 Tənzimlənməsi Haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 4.6-cı maddəsində də təsbit olunmuşdur. 4 saylı Protokolun 1-ci maddəsi və yuxarıda göstərilən digər hüquq normaları insanın azadlığı və ləyaqəti anlayışından fərqli olaraq, sadəcə fərdin konkret öhdəliyini yerinə yetirməsi üçün maddi və saitin olmadığına görə onun istənilən şəkildə azadlıqdan məhrum edilməsini qadağan etməyə yönəlib. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, onun inzibati cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X3 tərəfindən göstərilmiş hüquqi yardım üzrə sərf edilmiş 5 saat vaxta görə müvafiq məbləğ hesablanaraq dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1000 (bir min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Vəkil X3 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 55 (əlli beş) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar