Məhkəmə qərarları › İş №3(060)-1711/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1711/2023

03.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1711/2023 03.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs Sərxanov Samir Sərxan oğlunun iştirakı ilə, Sərxanov Samir Sərxan oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhər X3 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarından Sərxanov Samir Sərxan oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: Sərxanov Samir Sərxan oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən qəbul edilmiş Bakı şəhər X3 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli, TP ******* saylı Qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İXM-nin 342.2.2 maddəsini törətməkdə təqsirli bilinərək barəsində tamamilə qanunsuz və əsassız olaraq ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar çıxarılmış və barəmdə inzibati xətanı törətdiyimə görə 150 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 342.2.2-ci maddəsinin tələbinə görə, normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasma və ya dəyişdirilməsinə görə 150 manat cərimə nəzərdə tutulmuşdur. İşin faktiki halları isə göstərilən maddi hüquq normasının tələbi ilə üst-üstə düşmür. 08 iyul 2023-cü il tarixdə hərəkətdə olarkən “KİA” markalı, model “BONGO YÜK”, tipi “FURQON” olan, 50EJ991 qeydiyyat nömrəli mülkiyyətimdə olan avtomobillə hərəkətdə olarkən Bakı şəhəri DYPİ-nin əməkdaşları tərəfindən saxlanılmış, maşında duman əleyhinə lupa fara (diyot işıq) quraşdırıldığı üçün maşının cərimə meydançasına getməli olduğunu bildirmişlər. O, isə maşında heç bir dəyişiklik olunmadığını, həmin lupa faralara icazə olduğunu, olması belə bu halı yerində aradan qaldıra biləcəyini bildirsə də buna məhəl qoymamış və avtomobil dayanacağa aparılmış, tam qanunsuz olaraq 2 gün orada saxlanılmışdır. Tutaq ki, həmin lupa işıqların quraşdırılmasma icazə verilməsə belə, burada İXM-nin 342.2.2- ci maddəsinin yox, həmin Məcəllənin 342.5-ci maddəsinin tərkibi vardır. Hesab edir ki, həmin faralar ekspertizaya göndərilməli, onların quraşdırılmasmm qanuni olub-olmaması, eləcə də normativlərə uyğunluğu barədə rəy alınmalıdır. Qeyd olunanlara əsasən şikayətinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak etmiş şikayətçi Sərxanov Samir Sərxan oğlu izahatında əlavə olaraq göstərdi ki, mülkiyyətində olan “KİA” markalı, model “BONGO YÜK”, tipi “FURQON” olan, 50EJ991 qeydiyyat nömrəli avtomobillə yük daşıyır. Avtomobildə duman əleyhinə faraların yeri olsa da, istehsal zamanı işiqların özü quraşdırılmamışdır. Bu səbəbdən maşına duman əleyhinə lupa faraları (diyot işıq) dükandan alaraq quraşdırmışdır. Hesab edir ki, sadə işıq olmasa da, dyot işıqların quraşdırılması qanunvericiliklə qadağan deyildir. Bundan başqa hətta inzibati xəta törətmiş olsa belə, həmin duman əleyihinə olan faralar cəmi dörd şurupla bağlanıb və polis əməkdaşının yerində sökmək imkanı olsa da, onun avtomobilini əsassız olaraq cərimə meydançasına aparmışdır. Məhkəmədən barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Baş X3 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, EQ 13384154 saylı inzibati tənbeh vermə haqqında qərarıdan görünür ki, Sərxanov Samir Sərxan oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 150 (yüz əlli) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilib. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Sərxanov Samir Sərxan oğlunun şikayətindən görünür ki, barəsində tətbiq edilmiş inzibati təhbeh haqqında qərardan iki əsasa görə narazıdır. Xarici cihazın normativ tələblərə cavab verməsi, hətta cavab vermədikdə belə əməlin düzgün tövsif edilməməsi və polis əməkdaşının qüsuru yerində aradan qaldırmaması. İlk öncə məhkəmə qanunvericiliyin tələblərinə diqqət yetirməyə zəruri hesab edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasinin Qanununun 30-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində yol hərəkətində iştirak edən nəqliyyat vasitələrinin texniki vəziyyəti və avadanlığı yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından bu Qanuna 1 saylı Əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasinin Qanununun 1 saylı Əlavəsinin İİİ hissənin 1-ci bəndinə əsasən xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadıqda istismarı qadağan edilir. İnternet axtarış səhifəsindən müəyyən edilmişdir ki, 2005-ci il istehsalı olan “KİA” markalı, model “BONGO YÜK”, tipi “FURQON” avtomobildə istehsalçı tərəfindən duman faralarda dyot (led) işıqlar quraşdırılmamışdır. Göründüyü kimi Sərxanov Samir Sərxan oğlunun öz təşəbbüsü ilə quraşdırdığı duman faralarının tipi istehsalçının icazə verdiyi işıqlara uyğun deyildir. Normativ tələbə dedikdə, istehsalçı tərəfindən avtomobilə quraşdırılmış və icazə verilən xarici işığın gücü, say, tip, rəng və s. başa düşülür. Maddənin tövsifinə gəldikdə məhkəmə qeyd edir ki, YPX-nin əməkdaşı haqlı olaraq İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə şəxsi inzibati məsuliyyətə cəlb etmişdir. Belə ki, şikayətdə istinad olunan İXM-nin 342.5-ci maddəsi istehsalçı tərəfindən icazə verilən işıq cihazının nasaz olması ilə bağlıdır. Eyni zamanda şuruplarla möhkəmləndirilmiş, çətin əlçatan hissəsində olan, açılması üçün xüsusi vasitə tələb edən inzibati xətanın predmeti aid alətin yerində sökülməsi polis əməkdaşının vəzifəsi ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Bakı şəhər X3 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərar qanunvericiliyin tələblərinə uyğundur və Sərxanov Samir Sərxan oğlunun şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, Sərxanov Samir Sərxan oğlu tərəfindən verilmiş qərardan şikayət təmin edilməməli “İnzibati tənbeh vermə haqqında” Qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Sərxanov Samir Sərxan oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhər X3 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərar qanuni hesab edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə ilə və ya birbaşa Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar