Məhkəmə qərarları › İş №3(060)-1714/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1714/2025

07.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1714/2025 07.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, X1, Qərarından şikayət verilmiş şəxs Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi X11 xidməti inspektoru polis serjantı X3 iştirakları ilə, Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsinin inspektoru polis serjantı X5 tərəfindən xx.xx.2025-ci il tarixli, TP7285781 saylı inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayətlə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidmətinin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər Dövlət Yol Polisi X11 Xidmətinin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarı ilə əsassız olaraq İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasen təqsirli bilinərək, 100 (bir yüz) manat məbləğində cərimə olunmuşdur. Qərarın məzmununda aydın olur ki, guya o, xx.xx.2025-ci il tarixdə saat 09:52-də Sumqayıt şəhəri, Şəmsi Bədəlbəyli küçəsində yolayrıcını keçmə qaydalarını pozmaqla İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və bununla da onun barəsində xx.xx.2025-ci il tarixli İXP7170680 nömrəli inzibati protokol tərtib olunmuşdur. Məhkəmənin diqqətinə çatdırır ki, barəsində tərtib olunmuş qərar əsassızdır və ləğv olunmalıdır. Belə ki, xx.xx.2025-ci il tarixdə idarə etdiyi "Ford Transit" markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri Şəmsi Bədəlbəyli küçəsində yerləşən binaların birinin həyətindən ("Doktor.az" klinikasının qarşısı) həmin küçəyə çıxmaqla hərəkətini davam etdirmək istədikdə əvvəlcə X10 qanunun tələblərinə uyğun olaraq dayanmış, əsas yolda digər avtomobillərin hərəkət etmədiyinə əmin olduqdan sonra hərəkətini davam etdirmişdir. "X10" Azərbaycan Respublikasının Qanununun 77-ci maddəsinə əsasən, eyni əhəmiyyətli olmayan yollann kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yol yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Qeyd etdiyi kimi, onun hərəkətini davam etdirmək istədiyi baş yolda nəqliyyat vasitəsi olmamışdır. X12 Xidmətinin əməkdaşı ona yaxınlaşaraq, inzibati xəta törətdiyini və barəsində inzibati protokol tərtib etdiyini bildirdi. Təbii ki, o, da həmin protokolla razılaşmadığından onu imzalamamışdır. O, tərtib olunmuş protokolun əsassız olduğunu Yol Patrul Xidmətinin əməkdaşına bildirmiş və ondan video va foto görüntüləri tələb etmişdir. Lakin ona heç bir video yaxud fotogörüntü təqdim olunmamışdır. Elə həmin gün, yəni xx.xx.2025-ci il tarixdə AR Daxili İşlər Nazirliyinə asanpay portalı vasitəsilə şikayət etsə də, şikayətinə baxılmamışdır. Belə ki, şikayətə elavə etdiyi AR Daxili İşlər Nazirliyinin Baş Dövist Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunun surətindən görünür ki, müraciəti baxılması üçün Sumqayıt Şəhər Polis İdarəsinin rəisi, polis polkovniki cənab Fəqan Azadəliyevə göndərilmiş, lakin heç araşdırma aparılmamışdır. Şikayətinin nəticəsiz qaldığını görüb xx.xx.2025-ci il tarixdə Sumqayıt ŞPİ-nin DYPŞ ilə əlaqə saxlamış və müraciətinin araşdırılmasını, eləcə də qeyd etdiyi video və fotogörüntülərin araşdırılmasını tələb etsə də, qeyri-iş günü olduğunu asas gətirərək onu geri qaytarmışlar ve bayramdan sonra yaxınlaşmalı olduğunu bildirmişlər. Bundan sonra iyulun ayının 5-də yenidən Sumqayıt Yol Polisi Şöbəsinə yaxınlaşaraq inzibati tənbeh vermə haqqında qərarın surətini almışdır. İyul ayının 7-də yenidən həmin şöbəyə yaxınlaşaraq, müraciətinin araşdırılmasını, video va fotogörüntülərin araşdırılmasını tələb etsə də, şöbədən ona artıq gec olduğunu və həmin görüntülərin artıq saxlanılmadığını bildirmişlər. Beləliklə, Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsi bütün bu müddət ərzində süründürməçiliklə məşğul olmuş, müraciəti heç araşdırılmamış və ona əsassız olaraq cərimə yazılmışdır. Məhkəmə iclasında iştirak edən X2 şikayətin mahiyyətinə uyğun çıxış edərək şikayətin əsaslı olduğu üçün təmin edilməsini xahiş etmişdir. Məhkəmədə qərarından şikayət verilmiş şəxs Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi X11 xidməti inspektoru polis serjantı X5 şikaytəti əsasız hesab edərək bildirdi ki, sözügedən ərazidə ikinci dərəcəli yoldan baş yola çıxışdır.Yol ayrıcını keçmə qaydası X10 qanunun 75-76-cı maddələri ilə tənzimlənir. Orda keçmə ardıcıllığı var. İkinci dərəcəli yolda, yəni həyətlərdən baş yola çıxan zaman yolun hərəkət hissəsində olan nəqliyyat vasitəsinin hərəkətinə mane olmadan hərəkəti davam etdirə bilər. Sürücü yol ayrıcına keçmə qaydasını pozaraq digər nəqliyyat vasitəsinin qarşısına çıxdığı üçün barəsində inzibati protokol tərtib olunmuşdur. Bundan əlavə, sürücünün şikayəti ilə əlaqədar DYPŞ-də araşdırma aparılmış və sürücü şöbəyə çağrılsada işi ilə əlaqədar gələ bilmədiyini bildirmişdir. Qeyd olunanları nəzərə alaraq, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsinin inspektoru polis serjantı X5 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP7285781 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 barəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan (yolayrıcını keçmə qaydalarının pozulması) inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edilir. X2 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayət ərizəsinə əlavə etməmiş və o, məhkəmə iclası zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsinin inspektoru polis serjantı X5 tərəfindən X6 barəsində Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə onu təqsirli bilərək inzibati cərimə edilməsinə dair qərar qəbul etməkdə haqlı olmuşdur. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X1 məhkəmə iclasında verdiyi izahatı iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi arqumentləri və bu səpkidə məhkəmə iclasında verdiyi izahatı məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Məhkəmə qeyd edir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə təkcə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin izahatı ilə deyil, iş üzrə mövcud olan digər sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək öz daxili inamı ilə sübutları qiymətləndirib belə qənaətə gəlir ki, X4 şikayətində göstərdiyi hallar özünü müdafiə xarakteri daşıyır. İşdə olan sübutlar onun inzibati xətanı törətməsinə heç bir şübhə yaratmır, onun dəlilləri iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı təkzibolunmaz və şübhə doğurmayan sübutlarla öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Göstərilən əsaslarla məhkəmə X1 şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsinin inspektoru polis serjantı X5 tərəfindən xx.xx.2025-ci il tarixli, TP7285781 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi tələbinə dair şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar