Məhkəmə qərarları › İş №3(060)-1715/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1715/2025

28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1715/2025 28.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Yadigar qızının sədrliyi, X1 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs Zaidov Sərdar Bafadar oğlunın iştirakı ilə Sumqayıt Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərardan X3 Bafadar oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X3 Bafadar oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə qərarının ləğv edilməsini xahiş etmişdir. Zaidov Sərdar Bafadar oğlu ərizəsini onunla əsaslandırmışdır ki, TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən barəsində 100 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, nəqliyyat vasitələrinin hərəkət hissəsinin kənarında, yol kənarındakı xüsusi nişanlamalar və yol nişanları ilə qadağan edilməmiş sahələrdə avtomobilin saxlanılması və ya dayanması inzibati xəta hesab edilə bilməz. Qeyd olunan maddəyə əsasən yalnız yolun hərəkət hissəsində, yol nişanlarına zidd şəkildə və ya təhlükə yaradacaq formada dayanma və ya durma inzibati məsuliyyət yaradır. Ona qarşı tərtib olunmuş inzibati protokolda nəqliyyat vasitəsinin hərəkət hissəsində, yaxud yol nişanlarına zidd şəkildə saxlanması göstərilməmişdir. Həmin ərazidə avtomobilin yolun kənarında dayanması qanunla qadağan edilmədiyindən, bu halda sürücü məsuliyyət daşımalı deyil. TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Zaidov Sərdar Bafadar oğlu şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, o, hər hansı yol hərəkət qaydası pozmamışdır. Bu hal təhlükəsizlik şəhər kameralarına baxıldıqda öz təsdiqini tapacaqdır. O hərəkət etdiyi zaman hərəkətetmə üstünlüyü onda olduğundan digər avtomobilə yol verməmişdir. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, Sumqayıt Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərara əsasən Zaidov Sərdar Bafadar oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Sumqayıt Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Dövlət Yol Polis Şöbəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 327.2-ci maddəsinə əsasən “Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görəyüz manat məbləğində cərimə edilir.” İş materiallarına əlavə edilmiş videogörüntüdən məlum olur ki, həmin ərazinin videogörüntüsü yol polis əməkdaşı tərəfindən qeydə alınır, lakin sürücü tərəfindən yolayrıcını keçmə qaydalarının pozulması aydın şəkildə görünmür. Məhkəmə inzibati iş üzrə obyektiv araşdırma aparmaq məqsədilə Sumqayıt Dövlət Yol Polis Şöbəsinin səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməsi və videogörüntü təqdim edilməsi üçün məhkəmə iclasını təxirə salsa da, Sumqayıt Dövlət Yol Polis Şöbəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və bu səbəbədən işlə bağlı əhəmiyyət kəsb edən məlumatların alınması mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 135.1.2-ci maddəsinə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 134.1.4-cü maddəsinə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, Zaidov Sərdar Bafadar oğlunın şikayətində göstərilən halların mövcud olub-olmamasını müəyyən etmədən iş üzrə yekun nəticəyə gəlmək mümkün olmadığından, şikayət qismən təmin edilməli, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Dövlət Yol Polis Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101, və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Zaidov Sərdar Bafadar oğlunın şikayəti qismən təmin edilsin. Sumqayıt Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərar ləğv edilsin və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Dövlət Yol Polis Şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar