Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1719/2025 28.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ28714280 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək, onun barəsində qəbul edilmiş EQ28714280 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi və başlanılmış icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, idarə etdiyi olan Volkswagen Jetta markalı, **- XA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi barəsində xx.xx.2025-ci il tarixində Babək prospektində hərəkətdə olarkən 5.9 yol nişanının tələbinə riayət edilməməsinə (ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq) görə İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən EQ28714280 nömrəli elektron protokol tərtib olunmuşdur, o, 2 bal və 100 manat məbləğində cərimə edilmişdir. İlk olaraq, onu qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 122.1 -ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sistemidə göndərilir. İnzibati Xətalar Məcəlləsində və ya digər normativ aktlarda bu rejimin konkret neçə gün olduğu göstərilmir, çünki "real vaxt" texniki və inzibati anlam daşıyır, “gecikmədən”, “təxirə salmadan” deməkdir. “Real vaxt rejimi” “Hadisə baş verən zaman və ya dərhal sonra” mənasında işlənilir, yəni saatlarla ölçülməməlidir. Bu, adətən dəqiqələr və ya ən uzağı bir saat içində nəzərdə tutulur. İnzibati xəta xx.xx.2025-ci il, saat 09:18-də qeydə alınmasına baxmayaraq EQ28714280 inzibati tənbehvermə haqqında qərar 11 saat sonra, saat 18:08-də çıxarılmışdır. Bu isə inzibati xəta haqqında elektron qərarın real vaxt rejimində tərtib olunmamasına dəlalət edir. Elektron qərar birbaşa, insan faktoru olmadan tərtib edilməli, onun elektron kabinetinə göndərilməlidir. Bu qərarın 11 saat sonra tərtib edilməsi qərarın tam elektron olaraq tərtib edilməməsindən, insan faktorunun olmasından, real vaxt rejimində tərtib edilməməsindən xəbər verir. Düşünür ki, “real vaxt rejimi” ifadəsi İnzibati Xətalar Məcəlləsində daha dəqiq şəkildə qeyd edilməlidir. Bu barədə Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müvafiq sorğular göndərilməlidir. Odur ki, hesab edir ki, EQ28714280 nömrəli, xx.xx.2025ci il tarixli inzibati tənbehvermə haqqında qərar əsassızdır və həmin qərar üzrə inzibati icraata xitam verilməlidir. İkinci olaraq onu qeyd edir ki, inzibati xətanın qeydə alınması ilə bağlı foto şəkillərə nəzər salarkən, şəkillərin birində nəqliyyat vasitəsinin qeydiyyat nişanı birmənalı olaraq görünmür. İkinci şəkildə isə nəqliyyat vasitəsinin şəklinin harada çəkildiyi, həmin şəklin inzibati xətanın törədildiyi yerə aid olub-olmaması məlum deyildir. Belə ki, nəqliyyat vasitəsinin şəkli başqa yerdə də çəkilib sonradan bu inzibati xəta ilə bağlı materiallara əlavə edilə bilər. Bu şəkil inzibati xətanı sübuta yetirmir. İdarə etdiyi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı görünməsə belə, onun barəsində elektron protokol tərtib edilmişdir. Bu isə qeyd edilən inzibati tənbehvermə haqqında qərar üzrə icraat xitam verilməsi üçün əsasdır. Çünki Respublika ərazisində ağ rəngli Volkswagen Jetta markalı nəqliyyat vasitəsi tək onun mülkiyyətində deyil. Hər bir nəqliyyat vasitəsinin eyniləşdirilməsi üçün onlara dövlət qeydiyyat nişanı verilir. Həmin qeydiyyat nişanını aydın görmədən inzibati xəta üzrə sübutetmə vəzifəsini yerinə yetirmək mümkün deyildir. Bu inzibati xətanı ağ rəngli Volkswagen Jetta markalı başqa bir nəqliyyat vasitəsi də törədə bilər. İnzibati xəta ilə bağlı 1-ci foto şəkillə tanış olduqda inzibati xətanın **-XA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə törədildiyini müəyyən etmək mümkün deyildir. 2-ci foto şəkillə tanış olduqda isə həmin şəklin harada çəkildiyini müəyyən etmək mümkün deyildir. Buna sübutetmə vəzifəsinin yerinə yetirilmədiyinə dəlalət edir. Qeyd edir ki, daha əvvəl analoji hadisə ilə bağlı qeydə alınmış başqa bir inzibati xəta barəsində Binəqədi Rayon Məhkəməsinə müraciət olunmuş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)-6235/2024 nömrəli qərarı ilə inzibati xəta ilə bağlı qərar ləğv edilmiş və başlanmış inzibati xəta haqqında icraata xitam verilmişdir. Onun barəsində inzibati tənbehvermə haqqında qərarın real vaxt rejimində tərtib olunmaması, habelə qərar qəbul edilərkən sübutetmə vəzifəsinin yerinə yetirilməməsi qeyd edən qərarın ləğvi və başlanmış inzibati icraata xitam verilməsi üçün əsasdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş şikayət vermiş şəxs və Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırki şikayətə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, AR DİN-in Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 28714280 nömrəli nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə 100 manat məbləğində cərimə edilmişdir. Şikayətçi şikayətində nəqliyyat vasitəsinin şəkli başqa yerdə də çəkilib sonradan bu inzibati xəta ilə bağlı materiallara əlavə edilə biləcəyini, idarə etdiyi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı görünməsə belə, onun barəsində elektron protokol tərtib edildiyini qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə – yüz manat məbləğində cərimə edilir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X2 öz şikayət ərizəsində inzibati xətanın onun tərəfindən törədilib-törədilməməsini sübut edəcək hər hansı bir əsasın olmadığını və avtmobilin dövlət qeydiyyat nişanının aydın görünmədiyi halda onun barəsində əsassız protokol tərtib olunduğunu irəli sürmüşdür. Halbuki təqdim edilmiş materiallardan müəyyən edilmişdir ki, X2 xx.xx.2025-ci il tarixdə saat 09:18 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospektində “Volkswagen Jetta” minik markalı, 77XA645 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağına digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə qoyulmuş məhdudiyyətə baxmayaraq həmin zolağa daxil olaraq yol hərəkəti qaydalarını pozmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, X2 tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. nzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməməli, barəsində AR DİN-in Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 28714280 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 AR DİN-in Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 28714280 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşad Əliyev
Məhkəmə qərarları › İş №3(060)-1719/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1719/2025
28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver