Məhkəmə qərarları › İş №3(060)-172/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-172/2021

09.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-172/2021 09.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İHakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, xx.xx.1982-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhər polis idarəsinin Dövlət yol polisi şöbəsinin YPX-nin inspekroru polis baş serjantı X1 tərəfindən 17 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə inzibati xəta haqqında AP seriyalı ******* №li protokol tərtib olunmuşdur ona görə ki, AC 210326 saylı sürücülük vəsiqəsi ilə **-CS-*** dövlət qeydiyyat nişanlı “Nissan X Trail” markalı avtomobili idarə edən xx.xx.1982-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs M.Ə.Sabir küçəsində hərəkət edən zaman təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə saxlanılmışdır. Həkim yoxlanışından keçərkən sərxoş halda olması aşkar olunmuşdur. Sumqayıt şəhər polis idarəsinin Dövlət yol polisi şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələrinə əsasən inzibati xətanın törədilməsi ilə bağlı toplanmış material baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 28.12.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tərbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 yanvar 2021-ci il tarixli məlumatına əsasən işin baxılması 09 fevral 2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər polis idarəsi dövlət yol polis şöbəsi müvafiq olaraq məhkəmə iclasına gəlmədiyindən və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin edilmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 43-cü maddəsinə əsasən qeyd edir ki, Şəxs əməli 333.1-ci maddədən əlavə Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə də tövsif edilmiş və həmin növ inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə deyil, müvafiq icra orqanının səlahiyyətinə aid olduğundan hazırkı iş üzrə onun AR İXMnin 329.1-ci maddəsi ilə məsuliyyət məsələsinə baxıla bilməz. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Narkoloji Dispanserin baş həkimi K.Ə.Mehdiyev tərəfindən verilmiş 6800 №li, 17 dekabr 2020-ci il tarixli aktdan görünür ki, Şəxs 17 dekabr 2020-ci il tarixdə həkim müayinəsindən keçmişdir. Müayinə zamanı sürücünün alkoqol sərxoşluğu (0,37% promil) vəziyyəti təsdiq olunmuşdur. İş materiallarından görünür ki, Şəxs məxsus AC 210326 № li sürücülük vəsiqəsi 17.06.2014-cü ildən 17.06.2044-cü ilədək etibarlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə qeyd olunanları və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar