Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1721/2025 31.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: X3, Məhkəmə iclas katibi:X4, Protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin etibarnamə üzrə nümayəndəsi: X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi (qanuni təmsilçi) X2 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Abşeron – Xızı regional Şöbəsinin (bundan sonra mətndə X12 Xidmətinin Abşeron – Xızı regional Şöbəsi) tərəfindən 11 iyul 2025-ci il tarixdə hüquqi şəxs Şəxs (bundan sonra mətndə Şəxs MMC) VÖEN: ********** barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 192.1-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələbləri pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Şəxs MMC tərəfindən fiziki şəxsləri (4 nəfər) hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Şəxs MMC-nin İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiallar baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Məhkəmə iclasında protokol tərtib etmiş orqanın etibarnamə üzrə nümayəndəsi X13 izahatında göstərdi ki, potokol qanuni və əsaslıdır. Bir nəfər şəxsin şikayəti əsasında, polis idarəsində olan araşdırma zamanında işçilər dindirilmiş və izahatları alınmışdır. Məlum olmuşdur ki, X17, X5, X6, X10 adlı şəxslər, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müəyyən işlərin yerinə yetirilməsinə cəlb olunmuşdur. Araşdırma aparılmış, izahatlar alınmış və bunun əsasında protokol tərtib olunaraq, məhkəməyə göndərilmişdir. Əmək müqaviləsiz işləyən şəxslər izahatlarında bir daha təsdiq etmişlər ki, həqiqətən əmək müqaviləsi olmadan işlərə cəlb ediliblər. Əlavə olaraq suallara cavab olaraq bildirmişdir ki, MMC-nin nümayəndəsinin qeyd etdiyi xüsusatlar İXM-nin 192.1-ci maddəsinin tərkib əlamətinin olması ilə əlaqədar deyildir. Şahid izahatları ilə MMC tərəfindən İXM-nin 192.1ci maddəsində sadalanan xəta törədilmişdir. Hazırda da şahidlərin izahatları ilə bu fakt öz təsdiqini tapmışdır. Protokolun təmin edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X8 izahatında göstərdi ki, onlar klinikaya mühafizə xidmətinin təşkil edilməsi ilə bağlı polisə müraciət etmiş və onlarla 3 aylıq müqaviləsi olmuşdur. Daha sonra müqaviləni ləğv etmişdir. Bu ləğv məsələsi polislərə narahatlıq yaratmışdır. Bundan sonra onlar qərəzli formada MMC-ə yanaşmağa başlamışlar. Bir xanım MMC-ə diş müalicəsi ilə bağlı müraciət etmiş, o, həmin xanımı bir həkim yönəltmişdir. Xanım gedib həmin dişin müalicəsi vaxtı bir sıra problemlərlə qarşılaşmışdır. Özləri tərəfindən aparılan araşdırma zamanı bəlli olub ki, həmin xanım polis işçisinin adamıdır. O, bu barədə polis idarə rəisi ilə görüşmüşdür. Onun atası xərcəng xəstəsi olduğundan vaxtının çox hissəsini ona ayırmışdır. Həmin müddətdə polis əməkdaşları MMC-ə daxil olaraq Murad, Adil və Həmidə təzyiq etmiş nə işlə məşğul olduğunu soruşmuşlar. Bundan sonra onlara müxtəlif təzyiqlər edilmişdir. Həmçinin onlar barədə material səhiyyə ekspertizasına göndərildi, lakin hər hansı bir nöqsan tapılmamışdır. Onlar protokolda adı sadalanan şəxsləri MMC-də işə cəlb edilməmişdir. Bu təzyiqlərlə bağlı prokurorluğa şikayət etmişdir. Polis idarə rəisi ilə görüşdükdən sonra şikayətini geri götürmüşdür. Sözügedən şəxslər MMC-ə işləmək üçün müraciət etmişlər. İzahatlar təzyiq altında verildiyindən bu formada yazılmışdır. Protokolun tam əsassız olduğunu və onlara cərimə yazılmamasını sizdən xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxs X6 ifadəsində bildirmişdir ki, X9 həkimi olaraq tanıyır. Klinikaya elektrik-santexnik işi üzrə işləmək üçün usta kimi getmişdi. Klinikaya polis gəlməzdən 2-3 gün əvvəl getmiş və işə düzəlmək barədə danışmışlar. Yaşar Verdiyevin bir sıra problemləri olduğunundan onu gözləmişlər ki, iş məsələsini tam olaraq danışıb həll etsinlər. İlkin olaraq iş görmək üçün 100 manata və görülmüş işə uyğun əlavələrin ödənilməsi ilə bağlı razılığa gəlmişlər. MMC-ilə əmək müqaviləsi bağlamaq barədə razılıqları olmuşdur. İş yerində polis dediklərini izahat formasında yazmışlar. Onlar təxminən 4 gün müddətində klinikaya gedib-gəlmişlər və həmin müddət ərzində pul almamışlar. Polis idarəsində izahat verməmişlər. Daha sonradan həmin klinikada usta kimi qeydiyyata alınmışdır. Klinikadakı kameralardan polisin onların izahatını diktə etməsi görünməlidir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxs X17 ifadəsində bildirmişdir ki, Yaşar Verdiyevi həkim olaraq tanıyır və klinikaya mühafizə vəzifəsində işləmək üçün getmişdi. İş müqabilində aylıq 300 manat məvacibin ödənilməsi ilə bağlı razılıq əldə edilmişdir. Polis əməkdaşı tərəfindən izahatı alınmışdır. Belə ki, ona digər yoldaşlarının yazdığı izahatı verərək ad soyadı dəyişib eyni qaydada yazması tələb edilmişdir. Klinakaya polislər gəlməzdən təxminən 1-2 ay əvvəldən gedib gəlmişdir. Mühafizə kimi orada işləmiş və 300 manat əmək haqqı almışdır. Hesab edir ki, onunla əmək müqaviləsi bağlanıb, lakin tam olaraq xatırlamır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxs X11 ifadəsində bildirmişdir ki, hazırda işləmir, lakin əvvəllər Yaşar-Realmed MMC-də mühafizə vəzifəsində işləmişdir. Yaşar Verdiyevi həmin vaxtdan tanıyır. Klinakada aprel-may aylarında işləmiş, aylıq 100 manat əmək haqqı almış, bundan başqa həkim tərəfindən 200-300 manat əlavələr verilmişdir. Polis əməkdaşı tərəfindən izahatı alınmışdır. Məhkəmə protokol tərtib etmiş orqanın nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin və şahidlərin izahatını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, "xxxx" MMC-nin İXMnin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və "xxxx" MMC həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarına əlavə edilmiş izahatlardan görünür ki, "xxxx" MMC tərəfindən X17, X5, X6, X10 adlı şəxslər MMC-də müəyyən işlərin görülməsinə cəlb edilmiş və onlara bunun müqabilində əmək haqqı ödənilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.4-cü bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 191.2ci, 192.1 – 192.11-ci, 193-cü, 194-cü, 195.2-ci, 198.1-ci, 199 – 203-cü, 205-1.1-ci, 469.2ci, 477-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 477-1.1.5-ci, 477-1.2-ci, 539, 540.1, 540.2, 540.3, 540.4, 556 və 576-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi baxır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən, həmin Məcəllənin tələblərinə əməl edilməklə bağlanan əmək müqaviləsi əmək hüquq münasibətlərini tənzimləyən yazılı sənəddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. - 49-cu maddəsinin 1-ci bəndinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası İXM-nin 81-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların aşkar edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminin, habelə digər dövlət informasiya sistemlərinin (ehtiyatlarının) məlumatlarından istifadə edilir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən tərəfindən müvafiq əmək müqaviləsi bağlamadan və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında barəsində protokol tərtib etmiş şəxs qeyd olunan işçilərin MMC-də hər hansı işlərə cəlb edilmədiklərini bildirmişdir. Şahidlər məhkəməyədək icraat zamanı verdikləri ifadələrindən, eyni zamanda məhkəmə iclasında dindirilən zaman şahid X1 polislər gəlməzdən təxminən 1-2 ay əvvəldən gedib gəldiyini, 300 manat əmək haqqı aldığını etiraf etmişdir. Digər şahidlər isə bir neçə dəfə klinikaya gedib gəldiklərini etiraf etsələr də, MMC-nin rəhbərliyini məsuliyyətdən uzaq tutmaq üçün onun mənafelərinə uyğun şəkildə izahat vermişlər ki, məhkəmə onların ilkin dindirilmə zamanı verdikləri ifadələrini daha səmimi və real qəbul edir. Nəticə olaraq məhkəmə bildirmək istəyir ki, işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərlə daxil olduğu hüquqi münasibətlər bir qayda olaraq əmək münasibətləri olaraq çıxış edir. Belə ki, işəgötürənin əsas fəaliyyət sahəsinə dair işlər əsasən mütəmadi, sistematik və davamlı xarakter daşımaqla, onun nəzarəti altında və təlimatına uyğun olaraq həyata keçirilir. Hazırkı inzibati işlə də müəyyən edilir ki, "xxxx" MMC tərəfindən rəhbərliyinin nəzarəti altında və təlimatına uyğun olaraq X17, X5, X6, X10 tərəfindən müvafiq işlər yerinə yetirilmişdir, onların Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) olmamış, hüquqi qüvvəyə minmədən işlərə cəlb olunmuşlar. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən Şəxs MMC tərəfindən müvafiq əmək müqaviləsi bağlamadan və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə hesab edir ki, YAŞAR-REALMED” MMC-nin nümayəndəsi tərəfindən məhkəmə iclasında vermiş olduğu ifadəsi inzibati tənbehdən yaxa qurtarmaq məqsədi daşıyır və təqsirsiz olmasına dair qeyd olunan hallar məhkəmədə toplanmış sübutlarla təkzib edilmişdir. Odur ki, «Şəxs MMC-nin hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur və onun təqsiri tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış X12 Xidməti «Şəxs MMC tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş Şəxs MMC barəsində haqlı olaraq inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikası İXM-nin: - 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. - 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qanunvericiliyin qeyd olunan tələblərini və inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 18, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: ünvan 1 ünvanında olan Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 20.000 (iyirmi min) manat məbləğində cərimə olunsun. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(060)-1721/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1721/2025
31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver