Məhkəmə qərarları › İş №3(060)-1727/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1727/2023

23.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1727/2023 23.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X1 katibliyilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1979-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Corat bağları yaşayış massivi, fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhəri üzrə İcra idarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallara Sumqayıt Məhkəmə Konpleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 tərəfindən 17 iyul 2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2111/20 saylı, xx.xx.2020-ci il tarixli qərarı Şəxs tərəfindən üzrsüz səbəbdən icra edilməmişdir. Aliment üzrə 5103 manat borcu yaranmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1727/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500,00 manat məbləğində cərimə olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1727/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından Şəxs tərəfindən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin 3(105)-374/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə şikayət qismən təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1727/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə yeni məhkəmə baxışına qaytarılmış və 15 avqust 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılması 23 avqust 2023-cü il il tarixə təyin edilmişdir. Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2111/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs hər ay 170,00 manat sabit pul məbləğində alimentin tutulub icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. O, "xxxx" MMC-də işləyərkən hər ay 170,00 manat alimentin tutulması onun əmək haqqının 70%-inə yönəldilmiş, MMC-də işlədiyi müddət ərazində, cəmi iki ay əmək haqqından aliment tutulmuşdur. Borclu 5.103,00 manat aliment borcunu ödəməkdən üzrsüz səbəbdən yayındığından onun barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Protokol tərtib edilən gün, yəni xx.xx.2023-cü il tarixdə borclu aliment borcundan 3.000,00 manat ödəniş etmiş, qalan borcu da ödəyəcəyini bildirmişdir. Lakin xx.xx.2023-cü il tarixdə tərtib olunmuş protokol üzrə borclu Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1727/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500,00 manat məbləğində cərimə olunmuşdur. Məhkəməsinin qərarından borclu tərəfindən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin 3(105)-374/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə şikayət qismən təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə yeni məhkəmə baxışına qaytarılmışdır. Qeyd olunanların nəzərə alınaraq borclu Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə tənbeh verilmə məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən ondan hər ay 170,00 manat sabit pul məbləğində alimentin tutulub icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. "xxxx" MMC-də işləyərkən hər ay 170,00 manat alimentin tutulması onu əmək haqqının 70%-inə yönəldilmişdir. MMC-də işlədiyi dövrdə aliment borcu üzrə əmək haqqından 1.187,00 manat məbləğdə pul tutulmuşdur. O, xx.xx.2022-ci il tarixdə polis əməkdaşı tərəfindən icra idarəsinə gətirildikdə aliment borcundan xəbəri olmadığını və hal-hazırda xəbər tutduğunu, tələbkarla aralarında notarial qaydada alimentin ödənilməməsi ilə bağlı razılaşma olduğunu bildirmişdir. Onun barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilmiş, protokol tərtib edilən gün, yəni xx.xx.2023-cü il tarixdə bankdan kredit götürərərək aliment borcundan 3.000,00 manat ödəniş etmiş, qalan borcu da ödəyəcəyini bildirmişdir. Lakin xx.xx.2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1727/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən o, İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500,00 manat məbləğində cərimə olunmuşdur. Məhkəməsinin qərarından o apellyasiya şikayəti vermiş və Sumqayıt Apelyasiya Məhkəməsinin 3(105)-374/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə şikayət qismən təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə yeni məhkəmə baxışına qaytarılmışdır. O, icra sənədi üzrə qeyd olunan aliment borcunu qısa müddət ərzində tam ödəyəcəyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokol tərtib etmiş icra məmurunun izahatlarını dinləyib, Sumqayıt Şəhər Məhkəməsinin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli qərarını ləğv edən Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarındakı hüquqi mövqeyini, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində İXM-nin 528.1-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə 3.000,00 manat ödəniş etmişdir. İş materiallarında olan icraata başalmaq haqqında qərardan, tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə qeyd olunan sənədlərlə tanış olmuş və surətini almışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, Şəxs "xxxx" MMC-də işlədiyini, aliment borcundan xəbəri olmadığını və hal-hazırda xəbər tutduğunu, heç bir ödəniş olmadığını, tələbkarla aralarında notarial qaydada alimentin ödənilməməsi ilə bağlı razılaşma olduğunu bildirmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra idarəsinin 09 fevral 2023-cü il tarixli SMTS MMC-yə ünvanlanan məktubundan görünür ki, aliment borcu bitənədək Şəxs əmək haqqının 70 faizi tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, iş materiallarında aliment borcunun ödənilməsi üçün Şəxs işlədiyi "xxxx" MMC-yə göndərilməsi ilə bağlı məktub olsa da, Şəxs əmək haqqından aliment borcu üzrə nə qədər məbləğin tutulduğu və hansı tarixədək tutulması ilə bağlı hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir. Şəxs MMC-də işlədiyi dövrdə aliment borcu üzrə əmək haqqından 1187 manat məbləğdə pul tutulmasını göstərmişdir. Məhkəmə araşdırması zamanı Şəxs icra sənədini üzrsüz səbəbdən icra etməməsi təsdiq olunmamışdır. Belə ki, yuxarıda göstərildiyi kimi o icra sənədində göstərilən məbləğdən 3.000,00 manat tələbkara xx.xx.2023-cü il tarixdə məhkəmə iclasının gedişində ödəmişdir. Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi məhkəmə baxışında təsdiqini tapmamışdır. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2, 114.1.4, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar