Məhkəmə qərarları › İş №3(060)-173/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-173/2021

15.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-173/2021 15.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X8 Hacıyev sədrliyi, X3 iclas katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Sumqayıt Bələdiyyəsinin etibarnamə üzrə nümayəndəsi X4, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional ETS İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, AZ5000, ünvan 1 ünvanında yerləşən Sumqayıt bələdiyyəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Hüquqi şəxs Sumqayıt Bələdiyyəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Sumqayıt şəhər Məhkəməsinə daxil olmuşdur. İş materiallarında olan 4 saylı Regional ETS İdarəsi tərəfindən Sumqayıt Bələdiyyəsi barəsində tərtib olunmuş 18 dekabr 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Sumqayıt-Novxanı Avtomobil yolunun sol kənarında Xəzər dənizi sahili zonada mövcud modul tipli su təmizləyici qurğunun arxasındakı ərazidə sahil küçəsi kənarında məişət və digər tullantıların pərakəndə halında qalaqlanması faktı müəyyən edilmişdir. Məhkəmə iclasında çıxış edən 4 saylı Regional ETS İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 izahat verərək bildirdi ki, Sumqayıt-Novxanı avtomobil yolunun sol kənarında, keçmiş Alüminium zavodunun pansionatı ilə üzbəüz ərazidə, Xəzər dənizinin sahili kənarında məişət və digər tullantıların pərakəndə halında qalaqlanması və ərazidə antisanitariya vəziyyəti yaratması barədə idarəyə daxil olmuş məlumat əsasında qeyd olunan ərazidə yerində araşdırma aparılmışdır. Aparılan araşdırma zamanı baxış keçirilərək Sumqayıt-Novxanı avtomobil yolunun sol kənarında ərazidə Xəzər dənizi sahili zonasında mövcud modul tipli təmizləyici qurğuların arxasındakı sahədə məişət və digər tullantıların ətraf mühitin mühafizəsi haqqında qanunun tələblərinə zidd olaraq pərakəndə şəkildə qalaqlanması faktı müəyyən edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, məişət tullantıları tökülən ərazi Sumqayıt Bələdiyyəsinin mülkiyyətindədir və əraziyə onlar xidmət edir. Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi məişət tullantılarının müvəqqəti saxlanması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2005-ci il tarixli 74 saylı qərarının 10-cu maddəsinin 5-ci bəndinə əsasən, bələdiyyələr mülkiyyətində olan torpaq saahələrinin tullantılarla çirklənməkdən qorunmasına və ərazinin təmizliyi işlərinə birbaşa cavabdehlik daşıyır. Bununla da Sumqayıt Bələdiyyəsi tərəfindən ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinin tələbləri pozulmuşdur. Odur ki, hüquqi şəxs barəsində qanunamüvafiq tədbir görülməsini Məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Sumqayıt Bələdiyyəsinin etibarnamə üzrə nümayəndəsi X7 izahat verərək bildirdi ki, Sumqayıt Bələdiyyəsi barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsi tamamilə əsassız və ədalətsizdir. Belə ki məhkəməyə təqdim olunmuş sənədlərdən də görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Sumqayıt- Novxanı yolunun sol tərəfində, modul tipli sutəmizləyici qurğunun yerləşdiyi Xəzər dənizinin sahili zonasında olan ərazidə məişət və digər tullantıların qalaqlanması qaydalarının pozulmasına görə Sumqayıt Bələdiyyəsi barəsində inzibati protokol tərtib edilmişdir. Halbuki sözügedən torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin mülkiyyətində deyildir və torpaq islahatı zamanı Xəzər dənizi sahili zonasında yerləşən digər torpaq sahələri ilə birlikdə dövlət mülkiyyətində saxlanılmışdır. Həmin ərazinin Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olmadığı halda, məişət və digər tullantıların bu ərazidə qalaqlanması qaydalarının pozulmasına görə Sumqayıt Bələdiyyəsinin inzibati məsuliyyətə cəlb edilməsini qanunazidd hesab edirlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 aprel 2005-ci il tarixli, 74 saylı Qərarı ilə "Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekolofi normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və Zərərsizləşdirilməsi Qaydaları" təsdiq edilmişdir ki, həmin qayların 10.5-ci bəndinə əsasən bələdiyyələr tərəfindən bələdiyyə torpaqlarının tullantılarla çirklənmədən qorunması, habelə əhali arasında yaşayış yerlərinin təmiz saxlanılması qaydalarına riayət edilməsi barədə izahat işlərinin aparılması və onların bu cür tədbirlərə cəlb edilməsi kimi işlər həyata keçirilir. Göründüyü kımi, qanunvericiliklə Sumqayıt Bələdiyyəsinin Sumqayıt şəhərinin ərazində yalnız bələdiyyə mülkiyyətində olan torpaqların tullantılardan çirklənmədən qorunmasına görə cavabdehliyi müəyyən edilmişdir. Sumqayıt şəhəri ərazisində təmizliyin saxlanılması və müxtəlif cür məişət tullantılarının qalaqlanması da bələdiyyə tərəfindən deyil, mənzil-kommunal təsərrüfatı orqanları tərəfindən həyata keçirilir. İnzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer kimi göstərilmiş ərazidə yerləşən torpaq sahələrinin bələdiyyə mülkiyyətində olmadığını alaraq barələrindəki inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xətaya dair iş üzrə inzibati xətanın törədildiyi yer kimi göstərilmiş və tərəflərin mübahisələndirdiyi Sumqayıt-Novxanı avtomobil yolunun sol tərəfi, keçmiş alüminium zavodunun pansionatı ilə üzbəüz ərazinin dövlət və ya bələdiyyə mülkiyyətində olması ilə bağlı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə 15 fevral 2021ci il tarixdə sorğu göndərmişdir. İş materiallarına əlavə edilmiş 12.03.2021-ci il tarixli Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Sumqayıt şəhər Məhkəməsinin sorğusuna ünvanladığı cavab məktubu və ona əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, mübahisəli torpaq sahəsi yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olmaqla Dənizkənarı ərazidə yerləşir. Araşdırmanın nəticəsi olaraq Sumqayıt-Novxanı avtomobil yolunun sol tərəfi, keçmiş alüminium zavodunun pansionatı ilə üzbəüz ərazidə yerləşən və baxış keçirilən torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən X5 xüsusi mülkiyyətinə verilmiş 1.10 ha torpaq sahəsinin daxilində yerləşir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görəfiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 aprel 2005-ci il tarixli, 74 saylı Qərarı ilə " Şəhərlər və digər şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları"-nın 10.5-ci bəndinə əsasən bələdiyyələr tərəfindən: - bələdiyyə torpaqlarının tullantılarla çirklənmədən qorunması; - əhali arasında yaşayış yerlərinin təmiz saxlanılması qaydalarına riayət edilməsi barədə izahat işlərinin aparılması və onların bu cür tədbirlərə cəlb edilməsi kimi işlər həyata keçirilir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Sumqayıt bələdiyyəsi barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin məcəllənin 105-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərər çəkmiş şəxsə göndərilir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Sumqayıt Bələdiyyəsi barəsində İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Belə ki, inzibati xətaya dair iş üzrə inzibati xətanın törədildiyi yer kimi göstərilmiş və tərəflərin mübahisələndirdiyi Sumqayıt-Novxanı avtomobil yolunun sol tərəfi, keçmiş alüminium zavodunun pansionatı ilə üzbəüz ərazi xüsusi mülkiyyətə verilmiş torpaq sahəsinin daxilində yerləşir. İnzibati iş üzrə aparılmış tədqiqatın dəyəri 96 (doxsan altı) manat dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “xxxx” ASC Xətai filialındakı hesabına keçirilməlidir. “xxxx” ASC-nin Xətai filialı, hesab AZ23A11B******************** VÖEN ********** Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: AZ5000, ünvan 1 ünvanında yerləşən hüquqi şəxs Sumqayıt Bələdiyyəsi barəsində inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadığından xitam verilsin. İnzibati iş üzrə aparılmış tədqiqatın dəyəri 96 (doxsan altı) manat dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “xxxx” ASC Xətai Filialındakı hesabına keçirilsin. “xxxx” ASC-nin Xətai filialı, hesab AZ23A11B******************** VÖEN ********** Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsinin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar