Məhkəmə qərarları › İş №3(060)-173/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-173/2023

17.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-173/2023 17.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X3 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1993-cü ildə Ağdam rayonu, Əfətli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, orta təhsilli, Ağdam rayonu, Maqsudlu kəndində qeydiyyatda olan və Ağdam rayonu, Əfətli kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (bundan sonra mətndə İXM-nin) 17 yanvar 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:15 radələrində Sumqayıt şəhəri, Nizami küçəsi, 6-cı məhəllə ərazisində yerləşən Sumqayıt şəhər Pİ-nin inzibati binasında polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 17 yanvar 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin sahə rəisi X4 tərtib etdiyi inzibati xəta haqqında protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli biməyərək göstərdi ki, o, əvvəllər Sumqayıt ŞPİ-də əməliyyat müvəkkili vəzifəsində işləmişdir, sonralar isə polis orqanlarından xaric olunmuşdur. Sumqayıt şəhərində baş verən oğurluq hadisəsi ilə bağlı Sumqayıt şəhər Pİ-nin əməkdaşları polis mayoru Bəxtiyar Hacıyev, Şahid1, Şahid3 və Şahid2 xx.xx.2023-cü il tarixdə Ağcəbədi rayonundan Sumqayıt şəhəri Pİ-nə gətirilmişdir. Yolda polis əməkdaşlarının avtomobilində nasazlıq yarandığından ona məxsus “Vaz 21015 minik” markalı avtomobil ilə Sumqayıt şəhərinə gəlmişdirlər. Şahid1 ona məxsus avtomobili idarə edərək yolda müəyyən olunmuş sürət həddini müəyyən edən radarları gördükdə qəsdlə sürət həddini müəyyən olunmuş sürət həddindən artıq sürətlə idarə etmiş və nəticədə ona təxminən 1.000,00 manata yaxın cərimə qeydə alınmışdır. Buna görə yolda Şahid1lə aralarında söz mübahisəsi olmuşdur. xx.xx.2023-cü il tarixdə səhər tezdən Sumqayıta çatmışdırlar. Səhər saatlarında Sumqayıt Şəhər Polis İdarəsində olan zaman “Laçın” aptekdə baş vermiş oğurluq hadisəsini öz üzərinə götürmədiyindən polis əməkdaşı Şahid1 onu bel kəməri ilə döyərək işgəncələr vermiş, başına siqaretin külünü tökərək şərəf və ləyaqətini alçatmışdır. Rüfət adlı polis əməkdaşının ona qarşı etdiyi qanunsuz hərəkətlərinə səbəb o olmuşdur ki, Rüfət ondan Sumqayıt şəhərində baş vermiş oğuluq hadisələrinin onun tərəfindən törədilməsini etiraf etməsini tələb etmişdir. Həmin gün günortadan sonra oğurluq hadisəsi ilə əlaqədar müstəntiq onun izahatını alarkən üz nahihiyyəsindəki xəsarətləri gördükdə o Rüfət tərəfindən döyülməsi barədə müstəntiqə bildirmişdir, müstəntiq onun şəklini çəkmişdir. İzahat verən zaman o Sumqayıt şəhəri “Al mareket”də yerləşdirilən Million ödəniş terminalından və Yasamal rayonunda Million ödəniş terminalından pul oğurlamasını özü etiraf etmişdir, lakin “Laçın” aptekdə baş vermiş Million ödəniş terminalından oğurluq etmədiyini bildirmişdir. İstintaq zamanı dövlət hesabına ona təyin edilmiş vəkili üzündə olan xəsarətlərlə bağlı ekspertiza təyin olunması məqsədi ilə Sumqayıt şəhər Pİ-nə vəsatətlə müraciət etmişdir. Hazırkı işlə əlaqədar raportda qeyd olunmuşdur ki, o, müstəntiqə izahat verdikdən sonra otaqdan çıxdıqda qaçmağa cəhd etmiş və həmin an pilləkənlərdən yıxılaraq xəsarət almış, təkrar qaçmaqa cəhd edərək polisin qanuni tələbinə qəsdlə tabe olmamışdır. Halbu ki, raportda qeyd olunanlar həqiqəti əks etdirmir. Qeyd olunanlara əsasən barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid Sumqayıt şəhər Polis İdarəsi XTB-nin polis nəfəri Şahid1 izahatında qeyd etdi ki, verilmiş tapşırığa əsasən Şəxs o, CAŞ-ın rəis müavini, polis mayoru Bəxtiyar Hacıyev, Şahid3 və Şahid2 ilə birlikdə xx.xx.2023-cü il tarixdə Ağcəbədi rayonundan Sumqayıt şəhər Pİ-nə gətirmişlər. Yolda onların öz avtomobili xarab olduğundan Şəxs 015 markalı avtomobili ilə Sumqayıta gəlmişlər, avtomobili o idarə etmişdir. Şəxs Sumqayıt şəhər Polis İdarəsinin İŞ-nə təmin etmişlər. Şəxs Sumqayıt şəhəri Pİ-nin İŞ-nin müstəntiqi tərəfindən dindirildikdən sonra müstəntiqin otağından çıxarkən göstəriş verilmişdir ki, Şəhriyarı başqa otaqda saxlayaq, başqa oğurluqla əlaqədar Yasamal rayon Polis İdarəsindən gəlib onun izahatını alacaqlar. Şəxs bunu eşidib qaçmaq istəmişdir, lakin onu tutub saxlamışlar, Şəxs yenidən onların əlindən çıxıb qaçmaq istəyərkən Polis İdarəsinin inzibati binasının pilləkənindən sürüşərək üzü üstə yıxılaraq xəsarətlər almışdır. Şəxs bu hərəkəti ilə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. O Şəxs döyməmiş, ona qarşı hər hansı qanunsuz hərəkətlər etməmişdir. Məhkəmə iclasında şahid Sumqayıt şəhər Polis İdarəsi CAŞ-ın polis əməkdaşı Şahid3 izahatında qeyd etdi ki, verilmiş göstərişə əsasən Şəxs o, CAŞ-ın rəis müavini, polis mayoru Bəxtiyar Hacıyev, Şahid1 və Şahid2 ilə birlikdə xx.xx.2023-cü il tarixdə Ağcəbədi rayonundan Sumqayıt şəhər Pİ-nə gətirmişlər. Yolda onun idarə etdiyi xidməti avtomobildə nasazlıq baş verdiyindən avtomobili evakuator vasitəsi ilə gətirməli olmuşdur. Bəxtiyar Hacıyev, Şahid1 və Şahid2 Şəxs 21015 markalı avtomobili ilə Sumqayıta gəlmişlər. Şəxs Sumqayıt şəhər Polis İdarəsinin İŞ-nə təmin etmişlər. Şəxs Sumqayıt şəhəri Pİ-nin İŞ-nin müstəntiqi tərəfindən dindirildikdən sonra müstəntiqin otağından çıxarkən göstəriş verilmişdir ki, Şəhriyarı başqa otaqda saxlayaq, başqa oğurluqla əlaqədar Yasamal rayon Polis İdarəsindən gəlib onun izahatını alacaqlar. Şəxs bunu eşidib qaçmaq istəmişdir, lakin onu tutub saxlamışlar, Şəxs yenidən onların əlindən çıxıb qaçmaq istəyərkən Polis İdarəsinin inzibati binasının pilləkənindən sürüşərək üzü üstə yıxılaraq xəsarətlər almışdır. Şəxs bu hərəkəti ilə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs qarşı hər hansı qanunsuz hərəkətlər edilməmiş, Şahid1 onu döyməmişdir. Məhkəmə iclasında şahid Sumqayıt şəhər Polis İdarəsi CAŞ-ın polis nəfəri Şahid2 izahatında Şahid3 izahatına oxşar izahat vermişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, şahidləri və protokolu tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirildiyi üçün o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Eyni zamanda Şəxs məhkəmədəki izahatının onun döyülməsinə dair hissəsinə hüquqi qiymət verilməsi üçün bu barədə Sumqayıt şəhər Prokuroruna rəsmi məlumat göndərilməlidir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Pİ-nin CAŞ-nin rəis müavini, polis mayoru Bəxyiyar Hacıyev Sumqayıt şəhər Polis İdarəsinin rəisi polis polkovniki Fəqan Azadəliyevə xx.xx.2023-cü il tarixli raportla müraciət edərək göstərmişdir ki, xx.xx.2023-ci il tarixdə saat təxminən 17:15 radələrində CAŞ-nin kiçik inspektorları polis baş serjantı Şahid2, polis baş serjantı Şahid3 və XTB-nin polis nəfəri, polis baş serjantı Şahid1lə birlikdə Sumqayıt şəhər 1-ci mikrorayon ərazisində yerləşən marketdə baş vermiş oğurluqda şübhəli bilinən xx.xx.1993-cü ildə Ağdam rayonunda anadan olan, Ağdam rayonu Maqsudlu kəndində qeydiyyatda olan və Ağdam rayonu Əfəntilər kəndində yaşayan Şəxs Ağcəbədi rayonu ərazisində tərəflərindən saxlanılmış və Şəxs məxsus **- NO-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Sumqayıt ŞPİ-nə gətirilmişdir. Sumqayıt ŞPİ-nin İŞ-də dindirildikdən sonra Yasamal RPİ-də barəsində olan cinayət işi ilə əlaqədar inzibati otaqların birinə düşürdülən zaman o, əllərindən çıxıb qaçmaq istəyərkən Sumqayıt ŞPİ-nin inzibati binasında pilləkəndə sürüşüb yuvarlanaraq üzü üstə yıxılmışdır. Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsinə göstəriş verilməsini xahiş etmişdir. İş materialında olan xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 22:35-də inzibati qaydada tutulmuşdur. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Eyni Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətaların xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təqsirinin dərəcəsini və işin hallarını nəzərə alır və hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati həbsin əvvəli 16 yanvar 2023-cü il tarixdən, saat 22:35-dən hesablanmalıdır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 24,00 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 16 yanvar 2023-ci il saat 22:35-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 04 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 24,00 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar