Məhkəmə qərarları › İş №3(060)-1733/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1733/2023

17.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1733/2023 17.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs-Sumqayıt şəhər Polis İdarəsinin 5-cİ Polis Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X1, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs, onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1961-ci ildə Laçın rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəh., 50-ci məhəllə, fərdi həyət evində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri Yaşıldərə yaşayış massivi fərdi evdə yaşayan Zərərçəkmiş şəxs döyməsi ilə əlaqədar Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* №li, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş və toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis bölməsinin sahə rəisi polis baş leytenantı X2 izahat verərək bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri Yaşıldərə yaşayış massivi fərdi evdə yaşayan Zərərçəkmiş şəxs həmin evdə döyərək sağlamlığa zəzərvurmayan xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs 5-ci Polis Bölməsinə ərizə ilə şikayəti əsasında Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı polis kapitanı Ramin Əhmədov tərəfindən müvafiq araşdırma aparılmış, xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Şəxs əməlində inzibati xəta tərkibi olduğundan, onun inzibati məsuliyyətə cəlb edilməsi üçün həmin qərarın surəti Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinə göndərilmiş, bundan sonra barəsində İXM-nin 157ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, doğma övladı X4 ilə Mətanət 2017-ci ildə rəsmi olaraq ailə həyatı qurub, onların birgə nigahından iki övladı vardır. Azər və Mətanət ailə həyatı qurduqdan sonra onunla birlikdə yaşamışlar. Yoldaşı Gülxar ilə mütəmadi olaraq ailə məişət münasibətləri zəminində aralarında mübahisələr baş verdiyi üçün onlar 2006-cı il tarixdə rəsmi olaraq boşanmış və həmin vaxtdan Gülxar evdən çıxıb Tərtər rayonunda yaşayan qardaşının yanına gedərək orada qalır. Qaynata olaraq Mətanətin davranışı, evin ağsaqalı kimi ona hörmət qoymaması səbəbindən ondan narazı olmuş və dəfələrlə onun hərəkətlərinə görə iradını bildirsə də, Mətanət onun sözünə heç bir əhəmiyyət verməmişdir. xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində işdən evə gəldikdə Mətanət uşaqları danlayıb evə aparmış, ona nəvələri ilə görüşməyə imkan vermədiyinə eləcə də onun yanında uşaqları danladığına görə əsəbləşərək bir daha uşaqları onun yanında danlayıb acılamamasını bildirmişdir. Mətanət isə ona kobud şəkildə cavab qaytararaq yaxşı elədiyini, uşağın anası olduğunu xatırladaraq əşyalarını yığaraq çıxıb gedəcəyini bildirmişdir. O, isə heç bir söz deməmiş, təxminən 30 dəqiqə sonra oğlu Azər evə gəlmiş, Azər yoldaşının tərəfini saxlayıb onunla mübahisə etməyə başlamış və onlar uşaqları da götürüb gedən zaman ona başına oyun açacaqları ilə hədələmişlər. O, gəlini Mətanəti vurmamışdır. Mətanətin dedikləri yalnız şər-böhtandır. Qeyd olunanlara əsasən məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə Şəxs ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, məsuliyyətindən yayınmaq məqsədilə belə ifadə verir. Onun göstərdikləri işin faktiki hallarına uyğun gəlmir və inandırıcı deyildir. Onun əməli zərərçəkmiş şəxs və şahidin ifadəsi, ekspert rəyi və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, X3 ilə 2017-ci ildə rəsmi olaraq ailə həyatı qurmuş, birgə nigahlarından iki övladları var. Azər ilə ailə həyatı qurduqdan sonra onlar qaynatası Şəxsla birlikdə yaşamışlar. Qaynatası Məmmədin evdə mütəmadi olaraq qaynanası ilə münaqişə yaradıb onu döydüyünə və yaxınları arasında onun ‘barəsində xoşagəlməz sözlər dediyinə görə qaynanası 2016-cı il tarixdə rəsmi olaraq boşanaraq evdən çıxıb getmişdir. O, həmin evə gəlin gəldikdən bir müddət sonra qaynatası heç bir səbəb olmadan evdə münaqişə yaradaraq onu evdən çıxıb getməyini, özünün də evlənmək istədiyini demiş, o isə qaynatasına böyüyü kimi cavab qaytarmayıb heç bir söz deməmişdir. Qaynatası Şəxs buna baxmayaraq onunla kobud davranıb, qaynanasına etdiyi kimi onu da əxlaqsızlıqda günahlandıraraq evdən çıxarıb bir dəfəlik qovacağını, yoldaşının və atasının onu qəbul etməyəcəyini mütəmadi olaraq demişdir. xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində qaynatası evə gəldikdə o, azyaşlı uşaqları ilə birlikdə həyətdə olmuşdur. O, uşaqları qaynatasına yemək verməsi üçün evə gətirən zaman uşaqlar ağlamağa başlamış, bu zaman qaynatası Şəxs onun ünvanına nalayiq ifadələr işlədərək, onu narahat etmək üçün uşaqları qəsdən ağlatdığını bildirmişdir. O, qaynatasına heç bir cavab verməmişdir, lakin sonuncu ona yaxınlaşaraq əl zərbəsi ilə boğazından vurmuş, o, zərbənin təsirindən yerə yıxıldıqda qaynatası əl zərbəsi ilə onun başından vurub saçından tutub dartıb qaldırmaq istəmiş, lakin qadıra bilmədikdə saçını buraxıb sağ qolundan tutub sıxaraq qalxmasını söyləmişdir. Lakin o, qaynatasının yenidən onu vuracağından ehtiyat etdiyi üçün ayağa qalxmamış, bu zaman qaynatası təpiklə bir dəfə də sağ ayaq nahiyyəsindən vuraraq digər otağa keçmişdir. Daha sonra o, da ayağa qalxaraq öz otağına keçmiş, təxminən 15 dəqiqədən sonra sonra yoldaşı Azər evə gəldikdə olanlar barəsində Azərə məlumat vermişdir. Azər atası Məmmədə hansı səbəbə onlarla pis davrandığını soruşduqda Məmməd yaxşı elədiyini deyərək evdən çıxıb getmələrini tələb etmiş, bundan sonra onlar da heç bir söz deməyib evdən çıxıb getmişlər. Şəxs şikayətçidir, barışmaq istəmir, barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir Məhkəmə iclasında şahid X4 bildirdi ki, Şəxs onun atası, Zərərçəkmiş şəxs işə onun həyat yoldaşıdır. O, Mətanət ilə 2017-ci ildə rəsmi olaraq ailə həyatı qurmuş, birgə nigahlarından iki övladları var. xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində evə gəlmiş, hadisənin bilavasitə şahidi olmamış, hadisə barədə ona yoldaşı Mətanət məlumat vermişdir. O, evə gəldikdə yoldaşı Mətanətin boğazında, qolunda, ayağının bud nahiyəsində göyərti izləri müşahidə etmişdir. İşdə olan Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis kapitanı Ramin Əhmədov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində AR İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğu üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. İş materiallarında olan MTE və PA X6 Şəxsindən daxil olmuş 843 saylı, xx.xx.2023cü il tarixli ekspert rəyindən aydın olur ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Boyun, sağ bazu və sağ bud nahiyyəsinin qançırları Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən yaranmışdır,müayinədən 1-2 gün əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əllə və ayaqla yetirilə bilərdilər və sağlamlığıa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməmişdir. Xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin vət. Zərərçəkmiş şəxs özü-özünə yetirməsi az inandırıcıdır. Məhkəmə inzibati xətaya dair materialları, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin, zərərçəkmiş şəxsin və şahidin izahatları ilə birlikdə araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu hal iş materialları ilə tam təsdiq edilir. Bu səbəbdən Şəxs həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir. Məhkəmə iclasında Şəxs özünü təqsirli bilməyərək zərərçəkmiş şəxsi vurmadığını bildirsə də, məhkəmə bu halı şəxsin özünü müdafiə etməsi və məsuliyyətdən yayınmağa cəhdi kimi qiymətləndirmişdir. Məhkəmə belə nəticəyə gələrkən tərəflərin bir-birlərinə qarşı münasibətini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ziddiyyətli izahatını nəzərə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən AR İXM-nin 157-ci inzibati tənbeh tətbiq edilməsi rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin məcəllənin 38.3-cü maddəsinə əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İş materiallarından görünür ki, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis kapitanı Şahəddin Vəlişov tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Həmin məcəllənin 39.1-ci maddəsinə əsasən Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, o, Şəxs şikayətçidir, barışmaq istəmir. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X1 ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İnzibati xətalar Məcəlləsinin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, törədilən inzibati xətanın xarakterini, yaşını, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona məhz cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasını məqsədə müvafiq hesab edir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 300 (üç yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar