Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1736/2022 28.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsinin sahə rəisi polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1970-ci ildə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Zabrat qəsəbəsi, fərdi ev ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokollara Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə 28 iyun 2022-ci il tarixli, MN seriyalı ******* №li və 28 iyun 2022-ci il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2022-ci il tarixdə, saat 20:25 radələrində Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi N saylı hərbi hissənin qarşısında əl-qol hərəkətləri ilə polis əməkdaşlarının ünvanına nəlayiq ifadələr işlətmiş, polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış və xırda xuliqanlıq etmişdir. Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 28 iyun 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Sumqayıt Şəhər Məhkəməsinin 28 iyun 2022-ci il tarixli qərardadı ilə Şəxs İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair 3(060)-1736/2022 və 3(060)- 1735/2022 №li işlər bir icraatda 3(060)-1736/2022 nömrə ilə birləşdirilmişdir. Məhkəmə iclasında Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsinin sahə rəisi polis leytenantı X2 tərtib etdiyi inzibati xəta haqqında protokollara uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə, saat 20:00 radələrində dayısı oğlu Orucov Vüqar ilə birlikdə Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi N saylı hərbi hissənin qarşısında olarkən, dayısı oğlu ona evə getməyi təklif edəndə o, içkili olduğu üçün evə getməyəcəyini deyib dayısı oğlunu sinəsindən itələmişdir. Bu vaxt PPX əməkdaşları onları görmüş və dalaşdıqlarını zənn etmişlər. Polis əməkdaşları onlara yaxınlaşmış və niyə dalaşdıqlarını soruşanda onlar dalaşmadıqlarını desələr də, polis əməkdaşları məsələni aydınlaşdırmaq üçün 2-ci PB-nə dəvət etmiş və onları 2-ci PB-nə gətirmişlər. Onun xuliqanlıq və polis əməkdaşlarının qanuni tələblərinə əməl etməmək kimi niyyəti olmamışdır. Lakin baş verənlərə görə təssüf hissi keçirir və polis əməkdaşlarından üzr istəyir. Odur ki, məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edir. İş materialında olan xx.xx.2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 20:40-da inzibati qaydada tutulmuş, xx.xx.2022-ci il tarixdə, saat 16:00-da azad edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və protokolu tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirildiyi üçün o, həmin maddələr ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə məsuliyyəti ağırlaşdıran hal kimi inzibati xətanın sərxoş halda törədilməsini nəzərə alır, məsuliyyəti yüngülləşdirən hal isə müəyyən olunmur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətaların xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyətini ağırlaşdıran halı, təqsirinin dərəcəsini və işin hallarını nəzərə alır və hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrinin sanksiyası həddində İXM-nin 34.3-cü maddəsinə əsasən cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla 200 (iki yüz) manat məbləğində cərimə olunsun. Şəxs Sumqayıt ŞPİ-nin 2-ci PB tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 20:40-da tutularaq xx.xx.2022-ci il tarixə, saat 16:00-dək saxlanması nəzərə alınsın və üzərində 100 (yüz) manat cərimə tənbehi saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-1736/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1736/2022
28.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver