Məhkəmə qərarları › İş №3(060)-1736/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1736/2023

18.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1736/2023 18.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hakimi Hacıyev Zaur Arif oğlu, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi daxil olmuş materiala baxaraq müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 16 noyabr 2022-ci il tarixli AP ******* saylı protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, daxil olmuş material natamamdır, ona görə də protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinə geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, inzibati xəta haqqında protokol qanunvericiliyin tələbləri pozulmaqla tərtib olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 61.5-ci maddəsinə əsasən inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103.2-ci maddəsinə əsasən İnzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.4-cü maddəsinə əsasən Bu Məcəllənin 333.4 və 333.5-ci maddələrində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla bir aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 86.1-ci və 86.1.1-ci maddələrinə əsasən inzibati xətaların qarşısını almaq, şəxsiyyəti müəyyən etmək, işlərə vaxtında və düzgün baxılmasını, inzibati xətalar haqqında işlərə dair qərarların icrasını təmin etmək məqsədi ilə səlahiyyətli vəzifəli şəxs bu Məcəllə ilə müəyyən edilmiş hallarda gətirilmə tədbiri tətbiq edir. Məhkəməyə poçt vasitəsi ilə daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi protokol yuxarıda qeyd olunan qanunvericiliklə müəyyən edilmiş zəruri tələblər yerinə yetirilmədən tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi əmələ görə inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi səbəbindən tərtib edilmiş protokola dərhal baxılmalı olsa da protokol və ona əlavə olunmuş sənədlər inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan poçt vasitəsi ilə məhkəməyə göndərilmişdir. Bundan başqa Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 3(060)-3087/2022 saylı, xx.xx.2022-ci il tarixli və 3(060)-551/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Lakin məhkəmə qərardadı ilə inzibati xəta haqqında materialların geri qaytarılmasına əsas olmuş hallar aradan qaldırılmadan, qeyd olunan göstərişlər icra olunmadan yenidən həmin material baxılması üçün məhkəməyə göndərilmişdir. Xüsusi olaraq vurğulanır ki, məhkəmə qərardadında qeyd olunan nöqsanların aradan qaldırılması inzibati protokolu tərtib etmək səlahiyyətində olan orqan üçün məcburidir və yalnız bu çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təkrarən material məhkəməyə göndərilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı mddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair qərarından görünür ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir. Həmçinin həmin qərarında qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir Beləliklə, Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 16 noyabr 2022-ci il tarixli AP ******* saylı protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair materiallar Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. HAKİM: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar