Məhkəmə qərarları › İş №3(060)-1740/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1740/2023

01.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1740/2023 01.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi ilə xx.xx.1988-ci ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, İXP ******* saylı protokol tərtib olunmuşdur, ona görə ki, o, xx.xx.2023-cü il tarixdə saat 02:10 radələrində Sumqayıt şəhəri, Sahil küçəsi ərazisində “King Long XMQ6119T1 avtobus” markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol polis əməkdaşı tərəfindən saxlanılmış, yoxlama zamanı nəqliyyat vasitəsini sərxoş halda idarə etdiyi aşkarlanmışdır. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında özünü təqsirli bilməyərək bildirdi ki, avtobus sürücüsü işləyir. 166 xidmətinin əməkdaşlarını gəzmək üçün Qəbələ rayonuna aparmış, onların gətirib düşürən zaman dostları ilə görüşüb avtobusa qayıtmışdır. xx.xx.2023-cü il tarixdə saat 02:10 radələrində “King Long XMQ6119T1 avtobus” markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı etibarnamə əsasında idarə etdiyi avtomobil ilə Sumqayıt şəhəri, Sahil küçəsi ərazisində hərəkətdə olduğu zaman yol polisi əməkdaşı tərəfindən saxlanılmış, onu yol polis xidməti avtomobilinə əyləşdirərək xüsusi texniki vasitə ilə onun sərxoşluğu yoxlanılmış, o, həmin vasitənin başlığının dəyişdirilməsini xahiş etsə də yol polis əməkdaşı ona aparatın yeni olduğunu, başlığın dəyişdirilmədiyini bildirmiş, yoxlama zamanı onda sərxoşluq müəyyən olunmuşdur. O, bununla razılaşmamış, içki içmədiyini bildirmiş və müayinədən keçmək istəmişdir, lakin polis əməkdaşları onun müayinədən keçməsini təmin etməmişlər. O, özü gedib müayinədən keçmiş və onda sərxoşluq vəziyyəti müəyyən olunmamışdır. Həmin sənədi məhkəməyə təqdim edir. Barəsində tərtib olunmuş protokoldan narazıdır. Odur ki, qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 93004403 saylı “sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərmək haqqında” protokoldan görünür ki, Şəxs müayinədən sonra 0,364% dərəcəli sərxoşluq vəziyyəti aşkarlanmışdır. Sürücü həkim müayinəsindən imtina etməsi barədə qeyd yazılaraq yalnız polis əməkdaşı tərəfindən protokola imza olunmuşdur. Halbuki inzibati xəta haqqnda tərtib edilmiş protokolda və izahatında Şəxs etiraz edərək nətcədən narazı olduğunu yazaraq imzalamışdır. İş materiallarından görünür ki, Şəxs sərxoşluq vəziyyətini müəyyən etmək üçün “Alcovisor” markalı, Jupiter X nömrəli xüsusi texniki vasitədən istifadə edimiş və onda alkoqolun miqdarı 0,364% olmuşdur. İş materillarında olan Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş, 3916 saylı, xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs öz müraciəti ilə xx.xx.2023-cü il tarixdə saat 03:10-da müayinədən keçmiş və onda alkoqol sərxoşluğu vəziyyəti olmamışdır. Göründüyü kimi sürücü alkotesterin nəticəsindən narazı olmuş, YPX-nin polis əməkdaşları tərəfindən onun tibbi müayinədən keçirilməsi təmin edilməmiş, alkotesterin nəticəsindən dərhal sonra öz təşəbbüsü ilə həkim müayinədən keçərək sərxoşluq vəziyyətinin olmadığına dair sənəd almışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 96.2-ci maddəsinə əsasən - Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Lakin iş materillarından göründüyü kimi, şəxs xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmamasına baxmayaraq, o polis əməkdaşları tərəfindən tibbi müayinəyə aparılmamış, öz təşəbbüsü ilə müayinədən keçdikdə onda sərxoşluq aşkar olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərər çəkmiş şəxsə göndərilir. Həmin Məcəllənin 53.1.2-ci maddsəinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar