Məhkəmə qərarları › İş №3(060)-1743/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1743/2023

20.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1743/2023 20.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru – X2, Tələbkar Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - “X1 Şirkəti” MMC-nin direktoru Şəxs və onun nümayəndəsi və vəkili Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X4 tərəfindən xx.xx.2023cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-380/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Zərərçəkmiş şəxs ödənilməli borcu X1 Şirkəti MMC-nin direktoru Şəxs qərəzli və üzrsüz səbəbdən icra etməmişdir. Tərtib olunmuş inzibati xəta haqqında protokol xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinə daxil olmuş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasında təqdim olunmuş sənədlərin tədqiqi məqsədi ilə məhkəmə iclası xx.xx.2023-cü il tarixə təxirə salınmışdır. Məhkəmə iclasında çıxış edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X4 bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-380/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Zərərçəkmiş şəxs dəymiş zərərin əvəzi olaraq “X1 Şirkəti” MMC-dən 170.000 manat pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq ona verilməlidir. Lakin icra sənədini X1 Şirkəti MMC-nin direktoru Şəxs qərəzli və üzrsüz səbəbdən icra etməmişdir. X1 Şirkəti MMC-nin ünvanına dəfələrlə bildirişlər göndərilmiş, bu barədə sənədlər iş materiallarına əlavə edilmişdir. MMC-nin mülkiyyətində olan avtomobillərə həbs qoyulmuş, avtomobillərin təhvil verilməsi ilə bağlı dəfələrlə ona xəbərdarlıq edilmiş və qərar göndərilmişdir. “X1 Şirkəti” MMC-nin mülkiyyətində olan “Hyundai” Accent minik markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərraca çıxarılması ilə bağlı təqdimat verilmiş, “Volkswagen Amarok” minik markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil üç tərəfdən mühasirəyə alınsa da Kamil Əhmədovun göstərişi ilə işçilər tərəfindən avtomobil səki yoluna çıxarılaraq qaçırılmışdır və bu günə kimi həmin avtomobilin yerini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa 2022-ci ilin oktyabr ayında MMC-nin bank hesabına həbs qoyulmuş, bundan sonra MMC tərəfindən digər bankda hesab açılmışdır. Hər dəfə MMCnin bank hesabı müəyyən edildikdə tərəflərindən digər banklarda hesab açaraq bilə-bilə və qərəzli olaraq ödəniş etməkdən yayınırlar. MMC-nin direktoru çağırışlara gəlmədiyindən barəsində axtarış verilmişdir. Buna görə də əsaslı olaraq Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, Məhkəmədən borclu barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında tələbkarın nümayəndəsi Nümayəndə bildirdi ki, icra məmurunun izahatında qeyd etdikləri ilə razıdır. Borclu dövlət adından çıxarılmış qərarı icra etmir. Qərəzli şəkildə ödəniş etməkdən yayınır. Məhkəmədən borclu barəsində tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında izahat verən barəsində protokol tərtib edilmiş şəxs Şəxs bildirdi ki, MMC hal-hazırda fəaliyyət göstərir və fəaliyyəti novü bazardır. MMC mənfidə işləyir və bank hesabında olan pullar əmək haqqıların və vergi ödənişlərinin ödənilməsinə sərf edilir. Hesabda pul olan zaman tələbkarın da pulu ödəniləcəkdir. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında nümayəndə və Vəkil bildirdi ki, borclu barəsində tərtib olunmuş protokol əsassızdır. Borclunun nümayəndəsi kimi icra məmurunun çağırışına getmişlər və orada icra məmuruna bildirmişlər ki, pul MMC-dən tələb edilir, Şəxsla əlaqəsi yoxdur. MMC-nin bank hesabına həbs qoyulub, pul gələrsə oradan ödəniləcəkdir. Bundan sonra MMC-nin mülkiyyətində olan iki avtomobilə də həbs qoyulmuşdur. Lakin Şəxs icra şöbəsinə çağırılmamış, heç bir çağırışdan yayınmamışdır. Borcluya ötən ilin sentyabr ayında bildiriş göndərildikdən sonra heç bir çağırış gəlməmişdir. Məcburi icra tədbirlərinin keçirilməsi ilə əlaqədar borclu icra şöbəsinə çağırılmamışdır. Şəxs MMC-nin direktorudur. O, MMC-nin hesabında olan vəsaitə sərəncam verə bilər. Vəsait olduğu zaman pul ödəniləcəkdir. Məhkəmədən nəzərə alınamsını xahiş edir. Məhkəmə icra məmurunu və barəsində protokol tərtib edilmiş şəxsi dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi vardır və o inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 380/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Zərərçəkmiş şəxs dəymiş zərərin əvəzi olaraq “X1 Şirkəti” MMC-dən 170.000 manat pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq ona verilməlidir. İş materiallarından görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən “X1 Şirkəti” MMC-yə (VÖEN:**********) məxsus 'Azərbaycan Benyəlxalq Bankı” ASC-nin Sumqayıt filialına, "xxxx" ASC-nın Sumqayıt filialına, "xxxx" ASC-nin Sumqayıt filialına, “Yelo Bank" ASC-nin Sumqayıt filialına, Unibank” ASC-nin Sumqayıt filialına , "xxxx" ASC-nin Sumqayıt filialına və Bank Technique” ASC-nin Sumqayıt filialında olan 181.900 manat hissəsində pul vəsaitləri üzərinə həbs qoyulmuşdur. İş materiallarından görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən “X1 Şirkəti” MMC-nin mülkiyyətində olan “Volkswagen Amarok” minik markalı **-AB-*** və “Hyundai” Accent minik markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobillər barəsində axtarış elan edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 8(060)-141/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən “X1 Şirkəti” MMC-yə (VÖEN:**********)məxsus "xxxx" ASC-nin Sumqayıt filialında olan hesablardakı pul vəsaitləri üzərinə həbs qoyulmuşdur. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 8(060)-784/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-380/2021 saylı iş üzrə verilmiş xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclunun əmlakı üzərinə həbsin qoyulması barədə təqdimat təmin edilməmişdir. İş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)- 145/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən Sumqayıt şəhər Məhkəməsinin 8(060)-784/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-380/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu “X1 Şirkəti” MMC-nin mülkiyyətində olan “Volkswagen Amarok” minik markalı **-AB-*** və “Hyundai” Accent minik markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, borclu Şəxs barəsində Sumqayıt ŞPİ-si tərəfindən xx.xx.2023-cü il tarixdə 732419 saylı axtarış işi açılmışdır. İş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 380/2021 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-380/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata bütövlükdə və ya yalnız avtomobillərə nisbətdə dayandırılmasına izah verilməsi ilə əlaqədar Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X3 ərizəsi rədd edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-380/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraat təzələnmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Şəxs barəsində məcburi gətirilmə tətbiq edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 8(060)-377/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən borclu Şəxs məcburi Sumqayıt şəhəri üzrə İcra İdarəsinə gətirilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 8(060)-436/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən borclu "xxxx" MMC-nin Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Tural İsayevin xx.xx.2023-cü il tarixli “icraatın dayandırılması haqqında” qərarından verdiyi şikayət təmin edilməmişdir. İş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)-72/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən borclu "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt şəhər Məhkəməsinin 8(060)-436/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs tərəfindən uzun müddət məhkəmə qərarının icra edilməməsi Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaratmış və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki iş materiallarından görünür ki, "xxxx" MMC-nin direktoru Şəxs icra sənədindən xəbərdar olmuş, müxtəlif bəhanələrlə icra sənədinin icrasından yayınmağa çalışmışdır ki, bu da nəticədə icra sənədinin icrasının gecikdirilməsinə və icrasız qalmasına səbəb olmuşdur. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görəfiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs hansı növ inzibati tənbeh tətbiq edilməsi məsələsini həll edərkən «Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələbini, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, təqsirinin dərəcəsini və vəzifəli şəxs statusunda olmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə vurğulayır ki, ədalət mühakiməsinin məqsədlərinə nail olunması üçün məhkəmə qərarlarının qanunla müəyyən edilmiş müddətdə və tam icrası zəruridir. Odur ki, məhkəmə qərarının icrası Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə qeyd etmişdir ki, «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Avropa Məhkəməsi «Əfəndiyeva Azərbaycana qarşı» və “Tarıverdiyev Azərbaycana qarşı” qərarlarında vurğulamışdır ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun aynlmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Eyni zamanda həmin Məcəllənin 17-ci maddəsinin Qeyd hissəsinə əsasən, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ : “X1 Şirkəti” MMC-nin direktoru Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar