Məhkəmə qərarları › İş №3(060)-1744/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1744/2024

15.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1744/2024 15.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, X2 iştirakı ilə, Azərbaycan Respublikası Yerüstü Nəqliyyat Agentliyinin Sumqayıt Regional İdarəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X12 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X12 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Yerüstü Nəqliyyat Agentliyinin Sumqayıt Regional İdarəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Sumqayıt Regional İdarəsi tərəfindən X12 barəsində 07 iyun 2024-cti il tarixli MN ******* saylı protokol tərtib edilmişdir. Protokol ona görə tərtib edilmişdir ki, guya ** XR *** nömrəli yük avtomobilinin sürücüsü X12 idarə etdiyi nəqliyyat vasitəsi ilə 07 iyun 2024-cü il tarixdə Sumqayıt şəhəri ərazisində buraxılış kartı olmadan yük daşıma fəaliyyəti göstərmişdir. Həmin protokol əsasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Sumqayıt Regional İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən X6 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsasında avtomobilinin sürücüsü X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324.4-cü maddəsi ilə 50 manat məbləğində cərimə edilmişdir. Cərimə edilməsinə səbəb kimi qərarda qeyd edilir ki, sürücü X12 idarə eldiyi “Ford" markalı ** XR *** nömrəli yük təyinatlı nəqliyyat vasitəsini “Buraxılış Vəsiqəsi” olmadan idarə etməsi müəyyən edilmişdir. Sözügedən qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, X8 “Mister Tum" Əmtəə Nişanı adı altında fəaliyyət göstərən fərdi sahibkardır. xx.xx.2004-cü il tarixində Vergilər Nazirliyindən qeydiyyatdan keçərək, vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnaməyə sahib olmuşdur. Fəaliyyət növü olaraq qida məhsullarının istehsalını və satışını həyata keçirirlər. Müəssisədə təxminən 70 çeşiddə məhsullar istehsal olunmaqdadır. Bu səbəbdən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ********** saylı, xx.xx.2018-ci il tarixli X9 Fəaliyyət Göstərən X1 təqdim edilmişdir. Bununla yanaşı istehsalı və satışı həyata keçirilən qida məhsullarının xx.xx.2023- cü il tarixli Uyğunluq Sertifikatı mövcuddur. Hal hazırda əmək müqaviləsi əsasında 146 nəfər işçi heyəti ilə çalışır. Fəaliyyətləri dövründə istehsal etdikləri məhsulların satış məntəqələrinə çatdırılmasını, daim öz mülkiyyətlərində olan avtonəqliyyat vasitələri ilə həyata keçirirlər. Son zamanlar onlara məxsus olan avtonəqliyyat vasitələri Respublikanın müxtəlif rayon və şəhərlərində X17 əməkdaşları tərəfindən saxlanılaraq, “Reys qabağı texniki müayinədən keçməyimizi”, Yük və ya sərnişin daşıma fəaliyyəti ilə məşğul olan və onlara şamil olunan “Fərqlənmə Nişanı”, “Buraxılış Vəsiqəsi" və “Buraxılış Kartını” tələb edirlər. Təbii ki, tələb olunan sənədlər onlara aid olmadığı səbəbindən mövcud deyil. Buna məhəl qoymayan X17 əməkdaşları tərəfindən əsassız və qanunsuz olaraq avtonəqliyyat vasitələri cərimə meydançalarına aparılır. Məhkəmə iclasında iştirak edən X12 şikayətinin mahiyyətinə uyğun çıxış edərək Azərbaycan Respublikası Yerüstü Nəqliyyat Agentliyinin Sumqayıt Regional İdarəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş Azərbaycan Respublikası Yerüstü Nəqliyyat Agentliyinin Sumqayıt Regional İdarəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırki şikayətə Azərbaycan Respublikası Yerüstü Nəqliyyat Agentliyinin Sumqayıt Regional İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Yerüstü Nəqliyyat Agentliyinin Sumqayıt Regional İdarəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X12 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməldir. Belə ki, iş materiallarına əsasən müəyyən edilir ki, X8 fərdi sahibkar kimi fəaliyyət göstərir və fərdi sahibkar kimi özünə məxsus olan yükləri özünə məxsus avtomobillərlə müxtəlif yerlərə çatdırılmasını təmin edir. Bununla əlaqədar X3 kimi işə götürmüş və “X18” markalı **-XR-*** nömrəli nəqliyyat vasitəsinə görə ona etibarnamə vermişdir. Göründüyü kimi fərdi sahibkar X8 daşınma müqaviləsi və ya digər əsaslarla haqq müqabilində yük daşımalarını həyata keçirmir, o istifadəsində olan yük avtomobili ilə özünə məxsus yükü dayşan fərdi sahibkardır. X12 isə əmək müqaviləsi əsasında onun işçisidir. Qeyd edilən səbəbdən də X8na məxsus yüklərin onun işçisi X12 tərəfindən idarə edilən “X18” markalı avtomobillə daşıması zamanı buraxılış kartı alınmasına ehtiyac yoxdur və həmin məsələyə görə X7 əməllərində Azərbaycan Respublikası İXM-in 324.4cü maddəsinin tərkibi yaranmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 324-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın subyekti daşıyıcı statusuna məxsus olan şəxslər ola bilər. İndiki halda şəxs əmək müqaviləsi əsasında işlədiyi şəxsin yükünü daşıdığı üçün onun daşıyıcı statusu yoxdur. Azərbaycan Respublikası İXM-in 324.1-ci maddəsinə əsasən buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkilinə görə – vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən buraxılış kartı olmadan yük və qeyri-müntəzəm sərnişin daşınmasına görə – əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Yerüstü Nəqliyyat Agentliyinin Sumqayıt Regional İdarəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 şikayəti təmin olunsun. Azərbaycan Respublikası Yerüstü Nəqliyyat Agentliyinin Sumqayıt Regional İdarəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X7 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar