Məhkəmə qərarları › İş №3(060)-1749/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1749/2024

26.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1749/2024 26.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi “Şimal” Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1986-cı ildə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2İN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 26 iyul 2024cü il tarixli MN1746645 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, borclu X11 oğlu Sumqayıt Apelyasiya Məhkəmsinin xx.xx.2018-ci il tarixli, 2(105)-3113/2018 saylı icra sənədini üzrsüz səbəbdən icra etməmiş, onun 6450 manat məbləğində aliment borcu yığılmışdır. Nəticədə, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 bildirmişdir ki, Sumqayıt Apelyasiya Məhkəmsinin xx.xx.2018-ci il tarixli, 2(105)-3113/2018 saylı icra sənədinə əsasən Şəxs xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 manat məbləğində aliment tutularaq X5 ödənilməlidir. Qeyd edilən icra sənədi üzrə xx.xx.2018-ci ildə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və xx.xx.2019-cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş borcluya verilmişdir. Borclu barəsində xx.xx.2019-cu barəsində məcburi gətirilmə tətbiq edilmiş, xx.xx.2019-cu il tarixdə borcludan iltizam alınmışdır. Borclu izahatında xəstə və işsiz olduğu üçün icra sənədi üzrə ödəniş etmədiyini göstərmişdir. Hal-hazırda borclunun icra sənədi üzrə 6450 manat borcu var. Tələbkar ərizə ilə icra idarəsinə müraciət edərək borclunun inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Göstərilən halları nəzərə alaraq X11 oğlu barəsində müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, o, 2021-ci ilin mart ayına kimi icra sənədi üzrə ödənişlər etmişdir. Daha sonra narkomaniyadan müalicə aldığı və işsiz olduğu üçün ödəniş edə bilməmişdir. Hazırda da heç bir ödəniş edə bilmir. Göstərilən halları nəzərə alaraq barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbiri tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 bildirmişdir ki, borclu bu günə kimi uşağı ilə bir dəfə də olsa maraqlanmmış, zəruri xərcləri qarşılamamışdır. O, hazırda salonda işləyir, gəliri çox azdır, uşağın xərclərini qarşılaya bilmir. Uşağın artıq 15 yaşı var, hazırlıqlara getməlidir, onun isə bu xərcləri qarşılamağa tək başına gücü çatmır. Göstərilən halları nəzərə alaraq borcun ödənilməsi üçün tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi “Şimal” Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs icra sənədininin icrasında qərəzli yayınmır, borcun ödənilməməsi onun müalicədə olması ilə bağlı olmuşdur. Borclunun himayəsində iki azyaşlı uşağı var. Buna görə də X11 oğlu barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbiri tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəmsinin xx.xx.2018-ci il tarixli, 2(105)-3113/2018 saylı icra sənədindən görünür ki, Şəxs xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 manat məbləğində aliment tutularaq X5 ödənilməlidir. İş materiallarında olan 20 dekabr 2018-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt Apelyasiya Məhkəmsinin xx.xx.2018-ci il tarixli, 2(105)- 3113/2018 saylı icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs tələbin könüllü icrası barədə bildirişi xx.xx.2019-cu il tarixdə rəsmi qaydada qəbul etmişdir. İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs aliment ödədiyi uşaqdan əlavə iki azyaşlı uşağı da var. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)-3113/2018 saylı icra sənədinə əsasən Şəxs xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 manat məbləğində aliment tutularaq X5 ödənilməlidir. Qeyd edilən icra sənədi üzrə xx.xx.2018-ci ildə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və xx.xx.2019-cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş borcluya verilmişdir. Borclu barəsində xx.xx.2019-cu barəsində məcburi gətirilmə tətbiq edilmiş, xx.xx.2019-cu il tarixdə borcludan iltizam alınmışdır. Həmçinin müəyyən edilmişdir ki, son üç ildə aliment borcu üzrə ümumiyyətlə heç bir ödəniş edilməmişdir. Bununla bağlı borclu bildirmişdir ki, narkomaniyadan müalicə aldığı və maddi imkanı zəif olduğu üçün ödəniş edə bilməmişdir, hazırda da ödəniş edə bilmir. Tələbkar isə ərizə ilə icra idarəsinə müraciət edərək borclunun inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmiş, məhkəmədə isə borcun ödənilməsi üçün tədbirlər görülməsini xahiş etmişdir. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni uzun müddət ərzində icra sənədi üzrə ödəniş etməməsi icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs himayəsində iki azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən haldır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli 26 iyul 2024-cü il tarixdən, saat 17:25-dən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, Vəkil təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından “Şimal” Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 26 iyul 2024-cü il tarixdən saat 17:25dən hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına “Şimal” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar