Məhkəmə qərarları › İş №3(060)-175/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-175/2025

16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-175/2025 16.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4, Zərərçəkmiş şəxs X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1994-cü il tarixdə, Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 16 yanvar 2025-ci il tarixli, MN2089195 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, borclu Şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-2022/2023 nömrəli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-7801/2022 nömrəli icra sənədlərini üzrlü səbəb olmadan icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və 3710 manat aliment borcu , 330 manat "xxxx" ASC-yə borcu yaranmışdır. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X6 bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-2022/2023 nömrəli icra sənədinə əsasən borclu Şəxs hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 250 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X5 xeyrinə ödənilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)- 7801/2022 nömrəli icra sənədi üzrə borclu Şəxs 330.06 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Borclu icra sənədlərini üzrlü səbəb olmadan icra etmir. Onun hazırda 3710 manat aliment borcu, 330 manat "xxxx" ASC-yə borcu vardır. Göstərilən halları nəzərə alaraq icra məmuru qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, özünü təqsirli bilmir. İki həftə olar ki, kartına 110 manat köçürmüşdür. Hər ay alimentin borcundan 50 manat ödəyə bilər. "xxxx" ASC-yə olan borcu ilə bağlı isə ödəniş etmədiyini və həmin borcla bağlı "xxxx" ASC-yə müraciət edəcəyini bildirmişdir. Göstərilən halları nəzərə alaraq icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 bildirmişdir ki, borclu qərəzli olaraq heç bir ödəniş etmir və icradan yayınır. O, uşaqların haqqını tələb edir və borcludan şikayətçidir. 2024-cü ilin oktyabr ayında da barəsində icraat aparılan şəxs Şəxs iltizam yazaraq borcundan hər ay ödəniş edəcəyini bildirsə də, bir neçə dəfə ödəniş etsə də, sonradan yenidən borcunu ödəməkdən yayınmışdır. Göstərilən halları nəzərə alaraq borclu barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs icra sənədinin icrasından qərəzli olaraq yayınmır. O, məhkəmə iclasında da 400 manatdan əlavə 50 manat da ödəyəcəyini vurğulayır. Göstərilən halları nəzərə alaraq icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-2022/2023-005 nömrəli icra sənədinə əsasən borclu Şəxs hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 250 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X5 xeyrinə ödənilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-7801/2022 nömrəli icra sənədi üzrə borclu Şəxs 330.06 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarlardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-2022/2023 nömrəli, həmin Məhkəmənin xx.xx.2022-ci il tarixli, e-2(060)-7801/2022 nömrəli, icra sənədləri üzrə icraata başlanmışdır. xx.xx.2023-cü il və 330 manat məbləğində "xxxx" ASC-yə borcunu ödəməsi ilə bağlı tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, borclu Şəxs bildirişləri rəsmi qaydada qəbul etmişdir. Borclunun axtarışı haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən axtarış elan edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, borclu Şəxs barəsində Sumqayıt şəhər İcra İdarəsinin icaatında iki icra sənədi mövcuddur. Qeyd edilən icra sənədləri üzrə icraata başlama haqqında qərarlar qəbul edilmiş və tələbin könüllü icrası barədə bildirişlər borcluya təqdim edilmişdir. Birinci icra sənədi iki ildir ki, icaatdadır, qeyd edilən müddət ərzində həmin icra sənədi üzrə mövcud olan 299,66 manat borc və 30,40 manat borcdan indiyə kimi ödəniş edilməmişdir. Digər icra sənədi isə bir ildən artıq müddətdir ki, icra idarəsinin icraatında olmasına baxmayaraq həmin icra sənədi üzrə 3710 manat aliment borcu qalmışdır. Bunda əlavə borclu icra məmurunun çağırışlarına gəlməmiş və yalnız axtarış qərarı əsasında onun icra idarəsinə gətirilməsi mümkün olmuşdur. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni uzun müddət ərzində icra sənədləri üzrə ödəniş etməməsi və icra məmurunun çağırışlarından yayınması icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli 16 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X1 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Vəkil X2 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar